Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Şirin dadı ilə milyonların sevimlisinə çevrilən şokolad uzun illərdir diş sağlamlığı ilə bağlı mübahisələrin mərkəzindədir. Bəs şokolad diş çürüməsinin əsas səbəbidirmi, yoxsa problem onun istifadəsində və ağız baxımındadır?
Redaktor.az-a açıqlamasında stomatoloq İdris Rəhimli bildirdi ki, şokolad dişləri çürüdür, amma bu ifadə tam olaraq belə sadələşdirilə bilməz.
"Əslində, dişlərə zərər verən şokoladın tərkibindəki şəkərdir. Şəkər diş səthində qalan bakteriyalar tərəfindən parçalanır və bu zaman turşular əmələ gəlir. Turşular diş minasını zəiflədərək çürüməyə səbəb olur. Hər növ şokoladın təsiri eyni deyil. Qara şokoladın şəkər tərkibi daha az olduğundan dişlər üçün nisbətən daha təhlükəsizdir, ağ şokolad isə tamamilə şəkər və yağ tərkiblidir və dişlər üçün daha risklidir. Şirəli və yapışqan şokoladlar isə diş səthinə yapışaraq çürümə riskini artırır. Şokolad yemək tamamilə qadağan deyil, lakin dişləri fırçalamaq, ağızı su ilə yaxalamaq, qara şokoladı üstün tutmaq və şokolad yeməyi günün müəyyən vaxtları ilə məhdudlaşdırmaq diş sağlamlığını qorumağa kömək edir. Mütəmadi stomatoloq müayinəsi də çürümənin qarşısını almaqda vacibdir. Beləliklə, şokolad zövqünü qoruyaraq, dişlərinizi də qorumaq mümkündür", - deyə müsahibimiz vurğuladı.
Xədicə BAXIŞLI