Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Gündəlik bir neçə dilim tünd şokolad yemək ürək-damar xəstəlikləri və ikinci tip diabet riskinin azalması ilə əlaqəli ola bilər. Alimlər bu məhsulun psixi sağlamlıq və bağırsaq mikroflorası üçün də potensial faydalarını qeyd edirlər. Əsas şərt kakao miqdarı ən azı 55 faiz olan şokolada üstünlük verməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” elmi araşdırmalara istinadən məlumat yayıb.
Araşdırmalara görə, müntəzəm tünd şokolad istehlakı ürək-damar xəstəlikləri riskinin 27 faiz azalması ilə əlaqələndirilir. Buraya infarkt və insult riski də daxildir.
Tünd şokoladın əsas faydalı komponentlərindən biri kakao flavanollarıdır. Bu təbii birləşmələr qan damarlarının normal fəaliyyətini dəstəkləyir və onların vəziyyətinə müsbət təsir göstərir.
Bundan əlavə, yüksək kakao tərkibli şokolad orqanizmin insulinə həssaslığını yaxşılaşdıra bilər. Tədqiqatların nəticələrinə əsasən, onun müntəzəm istehlakı ikinci tip diabet riskinin 21 faiz azalması ilə əlaqələndirilir.
Tünd şokoladın potensial faydaları fiziki sağlamlıqla məhdudlaşmır. Araşdırmalarda bu məhsulun qəbulunun yüngül və orta dərəcəli depressiya əlamətlərinin zəifləməsi, eləcə də mənfi emosiyaların azalması ilə əlaqəsi müəyyən edilib.
Alimlər bu təsiri kakao komponentlərinin əhval-ruhiyyənin və emosional vəziyyətin tənzimlənməsində iştirak edən proseslərə təsiri ilə əlaqələndirirlər.
Digər tədqiqat istiqaməti isə kakaonun bağırsaq mikroflorasına təsiri ilə bağlıdır. Onun tərkibindəki maddələr faydalı bağırsaq bakteriyalarının çoxalmasını dəstəkləyə bilər. Bu, təkcə həzm sistemi üçün deyil, həm də bağırsaq və beyin arasındakı əlaqənin normal fəaliyyəti baxımından əhəmiyyətlidir.
Mütəxəssislər potensial fayda əldə etmək üçün kakao miqdarı ən azı 55 faiz olan tünd şokolad seçməyi tövsiyə edirlər.
Bununla yanaşı, məhsulun tərkibindəki şəkərin miqdarına və ümumi kaloriliyinə diqqət yetirmək vacibdir. Söhbət şokoladın həddindən artıq qəbulundan deyil, ölçülü istehlakından gedir.
Qeyd edək ki, tünd şokolad balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər. Lakin araşdırmalarda müəyyən edilən əlaqələr onun ürək-damar xəstəliklərindən, diabetdən və ya depressiyadan qorunmağa zəmanət verdiyi anlamına gəlmir.
Bizim.Media