Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
13 avqust – Beynəlxalq Solaxaylar Günüdür
Dünyada elə insanlar var ki, həyatın ən adi hərəkətlərini belə əksəriyyətdən fərqli şəkildə həyata keçirirlər. Onlar qələmi sol əlinə alır, qayçını başqa cür tutur, bəzi əşyaların istifadəsinə fərqli şəkildə uyğunlaşırlar. Lakin onların düşüncəsi, istedadı, arzuları və həyat mübarizəsi heç də digərlərindən fərqli deyil. Əksinə, insanın fərqliliyi çox vaxt onun özünəməxsusluğunun ən gözəl ifadəsinə çevrilir.
13 avqust – Beynəlxalq Solaxaylar Günü də məhz bu fərqliliyə diqqət çəkmək, solaxay insanların cəmiyyətdəki yerini, gündəlik həyatda üzləşdikləri çətinlikləri və onların özünəməxsus bacarıqlarını xatırlatmaq məqsədi daşıyan əlamətdar gündür.
Bu günün tarixçəsi ötən əsrin 70-ci illərinə gedib çıxır. Beynəlxalq Solaxaylar Günü ilk dəfə 1976-cı il avqustun 13-də ABŞ-da, solaxay insanların hüquq və maraqlarının müdafiəsi ilə məşğul olan Dean R. Campbell tərəfindən qeyd olunub. Campbell solaxayların gündəlik həyatda üzləşdiyi çətinliklərə diqqət çəkmək və onların fərqliliyinə müsbət münasibətin formalaşmasına nail olmaq istəyirdi. Onun yaratdığı “Lefthanders International” təşkilatının mərkəzi ABŞ-ın Kanzas ştatının Topeka şəhərində yerləşirdi.
Maraqlıdır ki, 1976-cı ildə başlanmış bu təşəbbüs sonradan daha geniş vüsət aldı. 1992-ci il avqustun 13-də Left-Handers Club bu günü öz təşkilatının beynəlxalq təşəbbüsü kimi yenidən gündəmə gətirərək solaxaylığın üstünlükləri və çətinlikləri barədə ictimai məlumatlılığın artırılmasını qarşıya məqsəd qoydu. Beləliklə, 13 avqust dünyanın müxtəlif ölkələrində solaxay insanların özünəməxsusluğuna diqqət çəkilən gün kimi tanınmağa başladı.
Əslində, bu günün mahiyyəti yalnız sol əldən istifadə edən insanların xatırlanması ilə məhdudlaşmır. Beynəlxalq Solaxaylar Günü bizə daha böyük bir həqiqəti - fərqliliyə hörmət etməyin insan cəmiyyətinin mənəvi göstəricilərindən biri olduğunu xatırladır.
Uzun illər ərzində dünyanın bir çox yerində solaxay uşaqların sağ əllə yazmağa məcbur edilməsi adi hal sayılıb. Halbuki insanın hansı əlindən daha çox istifadə etməsi onun seçdiyi bir xüsusiyyət deyil. Müasir yanaşma isə fərqliliyi aradan qaldırmağa deyil, onu qəbul etməyə, insanın təbii imkanlarını inkişaf etdirməsinə şərait yaratmağa əsaslanır.
Bu məsələ xüsusilə uşaqların tərbiyəsi və təhsili baxımından əhəmiyyətlidir. Solaxay uşaq qələmi sol əlinə götürəndə ona “səhv edirsən” demək yox, onun rahat yazması üçün şərait yaratmaq lazımdır. Çünki təhsilin məqsədi uşağı hamıya bənzətmək deyil, onun öz qabiliyyətlərini üzə çıxarmaqdır.
Dünyanın böyük şəxsiyyətləri arasında solaxay insanların da olması göstərir ki, insanın hansı əli ilə yazması onun hansı uğurlara imza atacağını müəyyənləşdirmir. İstedadın əli, düşüncənin tərəfi, uğurun istiqaməti yoxdur. İnsan öz zəhməti, iradəsi, biliyi və inamı ilə öz yolunu müəyyən edir.
Bəlkə də buna görə solaxaylıq haqqında danışarkən yalnız “sol əl” anlayışının özündə ilişib qalmaq düzgün deyil. Burada söhbət daha böyük bir anlayışdan - fərqli olmağa cəsarət etməkdən gedir.
Çünki həyatın bütün yolları eyni deyil. İnsanların düşüncələri, dünyaya baxışları, istedadları və seçimləri müxtəlifdir. Birinin getdiyi yoldan digəri keçməyə bilər. Əsas məsələ hamının eyni istiqamətdə getməsi deyil, hər kəsin seçdiyi yolda doğru addımlaya bilməsidir.
Nurəngiz Adilqızı
XQ