“Solo Gənclik” 3 cü mövsümə start verir

18.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo Gənclik” layihəsi 3-cü mövsümə start verir. 

525.az xəbər verir ki, layihə çərçivəsində 3-cü mövsümün ilk konserti 22 noyabr, saat 15:00-da Qara Qarayevin Ev Muzeyində gənc vokal ifaçısı Cavidan Babayevin iştirakı ilə baş tutacaq.

Layihənin başlıca məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

Xatırladaq ki, uğurlu ənənəyə çevrilən “Solo Gənclik” layihəsinin ilk konserti 2024-cü il noyabrın 24-də Qara Qarayevin Ev Muzeyində keçirilmişdir. Geridə qalan müddət ərzində isə layihə çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayevin Ev Muzeyi və Niyazinin Mənzil Muzeyində 31 konsert təşkil olunmuş, onlarla istedadlı gənc musiqiçi öz bacarığını nümayiş etdirmək imkanı qazanmışdır. Növbəti – 32-ci konsert proqramında isə dinləyicilərə həm Azərbaycan bəstəkarlarının əsərləri, həm xalq mahnıları, həm də Avropa bəstəkarlarının vokal kompozisiyaları və klassik musiqi nümunələri təqdim olunacaq. 

Bununla yanaşı, “Solo Gənclik” fəaliyyət dairəsini genişləndirərək uşaqlar üçün də yeni musiqi yönümlü təşəbbüslər həyata keçirməyi planlaşdırır. Bu fəaliyyətlərin əsas məqsədi uşaqları müxtəlif musiqi alətləri ilə yaxından tanış etmək, onlarda musiqiyə maraq yaratmaq və musiqi dünyasını daha əlçatan və maraqlı formada təqdim etməkdir. Yeni mövsümdə həyata keçiriləcək bu fəaliyyətlər “Solo Gənclik”in yalnız konsert platforması kimi deyil, musiqi ətrafında insanları bir araya gətirən daha geniş bir mədəniyyət platforması kimi inkişafına xidmət edəcək. Layihə çərçivəsində keçirilən konsertlər, maarifləndirici görüşlər və digər musiqi təşəbbüsləri nəticəsində gənc ifaçıları, musiqiçiləri, müəllimləri və musiqisevərləri bir araya gətirən geniş bir musiqiçi şəbəkəsinin formalaşdırılması hədəflənir.

Qeyd edək ki, 3-cü mövsümün ilk konsertinin qonağı Cavidan Babayev Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin vokal ixtisası üzrə məzunudur. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasının milli vokal ixtisasına qəbul olmuşdur. Bir çox beynəlxalq və respublika müsabiqələrində Qran-pri və birinci yerə layiq görülmüşdür. Eyni zamanda Xorvatiyada keçirilən "SHIP Music Festival"da "Baku Community Choir" tərkibində iştirak edərək Azərbaycanı təmsil etmişdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью