Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elə yaralar var ki, heç vaxt sağalmır, qaysaq bağlayır. Təkcə qışda deyil, yazda da, yayda da sızıldayır...
Tanınmış filoloq-alim, ustad jurnalist Çapar Kazımlı ötən gün həmin yaralardan birinin közünü qopartdı: "Soltanlı şəhidlərindən kitab hazırlayırıq. Maislə bağlı xatirələrini yazıb mənə göndər".
Söhbət Birinci Qarabağ Müharibəsində şəhid olan əmim oğlu Mais Verdiyevdən gedir. O Maisdən ki, Vətənin başının üstünü qara buludlar alanda Rusiyadakı işini, qazancını atıb Azərbaycana qayıtdı. Biz o Maisdən danışırıq ki, Vətəni ata-anasından, yenicə sevib-seçdiyi, evləndiyi xanımından əziz bilib könüllü şəkildə ordu sıralarına yazıldı. Babalarımız Mais kimi oğulları gördükləri üçün belə deyiblər: "İgid ölər, adı qalar".
Mais 1993-cü ilin aprelində şəhadətə yüksəldi. Ondan bizə hər dəfə qürurla çəkdiyimiz müqəddəs şəhid adı qaldı.
Xatiri hər birimiz üçün əziz olan hörmətli Çapar müəllimlə qısa dialoq məni uzaq 90-ci illərə apardı. Mais sonuncu dəfə vəsiyyət edib evdən çıxmışdı. Demişdi ki, qızım olsa, adını Nərgiz qoyarsınız. Nərgiz gülünü cox sevdiyi üçün evində bu adı daşıyan körpənin böyüməsini istəyirdi.
O qanlı döyüşdən bir müddət sonra Maisin qızı dünyaya gəldi. Amma biz şəhidin əmanətinə sahib çıxa bilmədik. Maisin Nərgizi tez soldu...
Qarabağ işğaldan azad olunandan sonra tez-tez doğma rayonumuza gedirəm. Gözüm hər yerdə Nərgiz gülünü axtarır. Nərgiz əsasən əkinçilik şəraitində yetişdirilsə də, yabani halda da bitir. Cəbrayılın dağlarında, düzlərində, yamaclarında açan Nərgiz çiçəklərini görəndə təsəlli tapıram, sevinirəm. Elə bilirəm ki, o güllərlə birlikdə Maisin arzuları da çiçək açıb...
Yaxın günlərdə doğma kəndimizə, tarixlə həmyaşıd olan qədim Soltanlıya köç başlayacaq. Ötən gün sosial şəbəkə hesabımda kəndimizdə çəkilən son görüntüləri paylaşdım. Şəhid Səid Rəşidzadənin atası, el ağsaqqalı Nofəl Qasımov soruşdu: "Bəs Soltanlının şaftalı ağacları haradadır?"
Əziz Nofəl müəllim, ağacları, gülləri özümüz əkəcəyik. Soltanlıda yenə ən dadlı meyvələr yetişəcək, al-əlvan güllər ətir saçacaq. O güllərlə birlikdə Maisin, Səidin, digər şəhidlərimizin arzuları çiçək açacaq.
Soltanlının gülləri heç vaxt solmayacaq...
Seymur Verdizadə