Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Düzünə qalsa, şəxsən mənim üçün “Liverpul”la oyunun heç bir əhəmiyyəti yoxdu. Onsuz da “Qarabağ” pley-offa vəsiqəni təmin edib və “Enfild”dəki qarşılaşma formal xarakter daşıyır.
Qurban Qurbanovun fərqli düşünməsi başqa məsələdi. Çox güman, Qurban bəy klubun imici naminə güclü rəqibə layiqincə müqavimət göstərmək və mümkün 1 xal hesabına liqa mərhələsini daha üst pillədə bitirmək istəyir ki, bunun da praktik əhəmiyyəti var, yəni nə qədər yuxarıda qərarlaşsan, pley-offda bəxtinə bir o qədər zəif rəqib düşə bilər.
Məni düşündürən məqam başqadı. Dünən “Bornmut”a 2:3 uduzan “Liverpul”un baş məşqçisi Arne Slot əvvəldən axıra ah-nalə çəkib:
“Son 10 dəqiqədə futbolçularımın yorulduğunu gördüm. Frimponq yorğunluqdan güclə ayaqüstə dayanırdı, bu üzdən əvəzləməyi lazım bildim. Daim eyni futbolçularlar oynayırsansa, bəziləri yorula bilər. Xüsusən də rəqib “Bornmut” kimi intensiv oynayan komandadısa”.
Bax, həmin intensiv oyunu Liverpulda da təkrarlayırsan, məsələ bitir. 1 xal nədi, hətta bəlkə 3 xal da qazanmaq olar!
ORXAN