Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Smartfon tədarükü son 15 ildə 4 dəfədən çox artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “International Data Corporation”nun (IDC) qlobal mobil telefon bazarı üzrə hesabatında yer alıb.
Bildirilir ki, 2010-cu ildə dünyada ümumilikdə 302,6 milyon smartfon tədarük edilib. 2025-ci ildə bu göstərici 1,26 milyard ədədə çatıb. Beləliklə, 15 il ərzində qlobal smartfon tədarükü təxminən 4,2 dəfə artıb.
Lakin bazarın böyüməsi ilə yanaşı, lider şirkətlər də dəyişib. 2010-cu ildə bazarın lideri “Nokia” olub. Həmin dövrdə “Nokia” qlobal smartfon bazarının təxminən üçdə birinə nəzarət edib.
2010-cu ildə dünyanın ən böyük smartfon istehsalçıları belə olub:
“Nokia” – 100,2 milyon ədəd (Bazar payı 33,1%)
RIM (BlackBerry) – 48,7 milyon (16,1%)
“Apple” – 47,5 milyon (15,7%)
“Samsung” – 23 milyon (7,6%)
HTC – 21,5 milyon (7,1%)
2025-ci ilin ilkin göstəricilərinə görə isə ilk beşlik aşağıdakı kimi olub:
“Apple” – 247,8 milyon ədəd (19,7%)
“Samsung” – 241,2 milyon (19,1%)
“Xiaomi” – 165,3 milyon (13,1% )
“vivo” – 103,9 milyon (8,2%)
OPPO – 102 milyon (8,1%)
Beləliklə, 2010-cu ilin ilk beşliyindən yalnız “Apple” və “Samsung” 2025-ci ildə də siyahıda qalıb.
“Apple” 15 il ərzində üçüncü pillədən birinci pilləyə yüksəlib. Şirkətin illik smartfon tədarükü isə 47,5 milyondan 247,8 milyona çatıb.
“Samsung” da dördüncü yerdən ikinci yerə yüksəlib. Şirkətin tədarükü 23 milyondan 241,2 milyon ədədə qədər artıb.
2010-cu ildə ilk beşlikdə heç bir Çin şirkəti olmadığı halda, 2025-ci ildə “Xiaomi”, “vivo” və OPPO ilk beşlikdə yer alıb. Bu üç şirkətin ümumi bazar payı 29,4 faiz təşkil edib.
“Xiaomi”nin yüksəlişi xüsusilə diqqət çəkir. 2010-cu ildə yaradılan şirkət ilk smartfonunu 2011-ci ildə təqdim edib. 2025-ci ildə isə 165,3 milyon smartfon tədarük edərək dünyanın üçüncü ən böyük smartfon şirkətinə çevrilib.
2010-cu ildə bazarın 33,1 faizinə sahib olan “Nokia” bu gün dünyanın ən böyük beş smartfon istehsalçısı arasında deyil.
Eyni vəziyyət “BlackBerry” və HTC üçün də keçərlidir. 2010-cu ildə ilk beşlikdə olan bu şirkətlərin heç biri 2025-ci ilin ilk beşliyinə daxil olmayıb.
Digər tərəfdən, bazarın ümumi strukturu da dəyişib. 2010-cu ildə ən böyük beş şirkət qlobal smartfon tədarükünün 79,6 faizinə sahib idi. 2025-ci ildə isə bu göstərici 68,2 faizə düşüb.
Beşlikdən kənarda qalan şirkətlərin ümumi tədarükü isə 2010-cu ildəki 61,7 milyondan 400 milyona yüksəlib.
Murad Məmmədov