Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) “El-Ninyo” iqlim hadisəsi ilə bağlı yeni hesabat yayımlayıb.
“Cebheinfo.az” xəbər verir ki, hesabatda “El-Nino”nun tam gücü ilə formalaşdığı və 2027-ci ilin fevral ayına qədər davam etməsi ehtimalının 100 faiz olduğu bildirilib. ÜMT-nin qiymətləndirməsinə görə, yaxın aylarda “El-Nino” çox güclü mərhələyə keçəcək və yağıntı ilə temperatur rejimində ciddi dəyişikliklər yaradacaq.
Bu isə daşqın, quraqlıq və ekstremal istilərin riskini əhəmiyyətli dərəcədə artıracaq. Hesabatda qeyd olunur ki, tropik Sakit okeandakı qeyri-adi isti okean suları ilə qidalanan “El-Nino” ilin sonuna doğru pik həddə çatacaq və onun iqlimə təsirləri 2027-ci ilə qədər davam edəcək.
Sənəddə vurğulanır ki, orta və şərq ekvatorial Sakit okeanda dəniz səthinin temperaturu orta göstəricilərdən xeyli yüksəkdir və artmaqda davam edir. Bundan əlavə, okeanın səthaltı qatlarında vəziyyət daha da diqqətçəkəndir.
Belə ki, iyul və avqustun əvvəlində bəzi bölgələrdə səthaltı suyun temperaturu normadan 8 dərəcə yüksək qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, bu göstəricilər “El-Nino”nun yaxın aylarda daha da güclənəcəyini təsdiqləyir.
AFP agentliyinin məlumatına görə, ÜMT rəhbərliyi “El-Nino”nun son 40 ilin ən güclü iqlim hadisəsinə çevrilə biləcəyini açıqlayıb. Bununla yanaşı, hesabatda qeyd edilir ki, “El-Nino”nun təsiri bütün ölkələrdə eyni olmayacaq.
Onun yaratdığı nəticələr coğrafi mövqe, mövsüm, həmçinin Hind və Atlantik okeanlarındakı iqlim proseslərindən də asılı olacaq. BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, “El-Nino” göz önündə nəhəng miqyas alır:
“Dəniz səthinin temperaturu yüksəlir və dünya ekstremal hava hadisələrinin təhlükəli zonasına daxil olur”. Quterreş əlavə edib ki, hazırda iqlim riskləri ilə insanları qorumaq istiqamətində görüləcək tədbirlər arasında zamanla yarış gedir və bu yarış mütləq qazanılmalıdır.
ÜMT-nin Baş katibi Selest Saulo isə xəbərdarlıq edib ki, “El-Nino” dünya üzrə icmalar və iqtisadiyyatlar üçün ciddi zərbə potensialına malikdir:
“Quraqlıq və daşqınların yaratdığı dağıntıları artıq görürük. "El-Nino" gücləndikcə, bu təsirlərin daha da artacağını gözləyirik”. Saulo bildirib ki, ÜMT özünün 50 illik tarixində ilk dəfə milli meteorologiya və hidrologiya xidmətləri ilə bu miqyasda qlobal hazırlıq və koordinasiya səfərbərliyi həyata keçirir. Onun sözlərinə görə, iqlimə həssas sahələrin qorunması üçün vaxt itirmək olmaz.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin