Son 48 saat: 13 ölkə susuzluq təhlükəsi ilə üz üzədir

23.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünyanın müxtəlif bölgələrində su qıtlığı getdikcə daha ciddi problemə çevrilir. İqlim dəyişiklikləri, uzunmüddətli quraqlıq, yeraltı su ehtiyatlarının həddindən artıq istismarı və yanlış su idarəçiliyi milyonlarla insanın təmiz içməli suya çıxışını çətinləşdirir. Bəzi ölkələrdə əhaliyə həftədə cəmi bir gün su verildiyi halda, Birləşmiş Ərəb Əmirliklərində su təchizatı sisteminin dayanması halında mövcud ehtiyatların yalnız 48 saatlıq tələbatı qarşılaya biləcəyi bildirilir.

“Cebheinfo.az” xəbər verir ki, su böhranı artıq yalnız Afrika və Yaxın Şərqin quraq əraziləri ilə məhdudlaşmır. Avropanın turizm mərkəzlərindən ABŞ-ın böyük şəhərlərinə qədər geniş coğrafiyada su ehtiyatlarının azalması narahatlıq doğurur.

Su qıtlığının ciddi təsir göstərdiyi ölkələr sırasında İspaniya, İtaliya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika, Meksika, İraq, İordaniya, Misir, Pakistan, Hindistan, İran və Yəmən yer alır.

İspaniyada ərazilərin 75 faizdən çoxunun səhralaşma təhlükəsi ilə üzləşdiyi bildirilir. Xüsusilə Kataloniya və Əndəlüs bölgələrində quraqlıq su anbarlarının səviyyəsinə ciddi təsir göstərib. Su ehtiyatlarına qənaət məqsədilə avtomobillərin yuyulması, hovuzların doldurulması və bağların suvarılması kimi fəaliyyətlərə məhdudiyyətlər tətbiq edilib. Quraqlıq kənd təsərrüfatı istehsalına da mənfi təsir göstərir.

İtaliyada isə ölkənin əsas su mənbələrindən olan Po çayının səviyyəsinin azalması narahatlıq yaradır. Çayın quruyan hissələrində əvvəllər su altında qalan gəmi qalıqları və İkinci Dünya müharibəsindən qalma partlamamış bombalar üzə çıxıb. Su qıtlığı kənd təsərrüfatı ilə yanaşı, Venesiyanın kanallarında da problemlərə səbəb olub. Bəzi ərazilərdə qayıqlar və təcili yardım katerlərinin hərəkəti çətinləşib.

ABŞ-da əsas təhlükə Kolorado çayının su ehtiyatlarının azalması ilə bağlıdır. Bu çay 40 milyondan çox insanın su təminatında mühüm rol oynayır. Kolorado çayı üzərindəki Huver bəndinin yaratdığı Mid gölündə suyun səviyyəsinin tarixi orta göstəricilərdən xeyli aşağı düşdüyü bildirilir. Mövcud vəziyyət həm şəhərlərin içməli su təminatını, həm də kənd təsərrüfatını təhdid edir.

Birləşmiş Ərəb Əmirliklərində isə su təminatı əsasən dəniz suyunun duzsuzlaşdırılması hesabına həyata keçirilir. Ölkədə daimi çayların olmaması və yağıntıların azlığı bu sistemdən asılılığı artırır. Məlumata görə, Dubayda su ehtiyatları mövcud arıtma sistemlərinin fəaliyyətinin dayanması halında yalnız 48 saatlıq tələbatı qarşılaya bilər. Bu səbəbdən ölkədə alternativ su təminatı üsullarına, o cümlədən süni yağış texnologiyalarına da müraciət edilir.

Cənubi Afrikanın Keyptaun şəhəri də yaxın keçmişdə ciddi su böhranı yaşayıb. Dörd milyondan çox insanın yaşadığı şəhərdə su anbarlarının səviyyəsi kritik həddə düşüb. Hakimiyyət orqanları mümkün “Sıfır Gün” ssenarisinə hazırlaşaraq sakinlərdən gündəlik su istehlakını adambaşına 50 litrlə məhdudlaşdırmağı tələb edib. Vaxtında yağan yağışlar şəhəri daha ağır böhrandan xilas etsə də, oxşar təhlükənin yenidən yaranması istisna edilmir.

Meksikanın paytaxtı Mexiko şəhərində isə həm sel, həm də quraqlıq təhlükəsi mövcuddur. Təxminən 22 milyon insanın yaşadığı şəhərdə yeraltı su ehtiyatlarının həddindən artıq istifadəsi torpaq çökmələrinə səbəb olur. Bəzi ərazilərdə torpağın ildə 50 santimetrədək çökdüyü bildirilir. Su təchizatında yaranan fasilələr zamanı əhaliyə su tankerlərlə çatdırılır.

Yaxın Şərqdə İraq və İordaniya da su qıtlığından ən çox təsirlənən ölkələr arasındadır. İraqda Dəclə və Fərat çaylarının su səviyyəsinin azalması kənd təsərrüfatına və yaşayış məntəqələrinə ciddi təsir göstərir. Ölkənin cənubundakı bataqlıq ərazilərin quruması, eləcə də Bəsrə ətrafında duzlu suyun çay yataqlarına doğru irəliləməsi ekoloji və sosial problemləri dərinləşdirir.

İordaniyada isə su ehtiyatlarının adambaşına düşən həcmi kritik həddən xeyli aşağıdır. Paytaxt Ammanda bir çox evə həftədə yalnız bir dəfə su verilir. Sakinlər həmin gün su anbarlarını dolduraraq növbəti günlərdəki ehtiyaclarını qarşılamağa çalışırlar.

Misirin su təminatı əsasən Nil çayından asılıdır. Ölkənin su ehtiyacının təxminən 97 faizinin bu çay hesabına qarşılandığı bildirilir. Efiopiyanın Nil çayı üzərində inşa etdiyi Böyük İntibah bəndi isə iki ölkə arasında su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı narahatlıqları artırıb.

Pakistan və Hindistanda da vəziyyət ürəkaçan deyil. Pakistanda kənd təsərrüfatı və şəhərlərin su təminatı əsasən Hind çayından asılıdır. Buzlaqların əriməsi, daşqınlar və sonrakı quraqlıq dövrləri ölkənin su təhlükəsizliyini çətinləşdirir. Karaçidə suyun qanunsuz yollarla əldə edilərək baha qiymətə satılması da əhalinin təmiz suya çıxışını məhdudlaşdırır.

Hindistanda isə Yeni Dehli və Banqalor kimi böyük şəhərlərdə yeraltı su ehtiyatları sürətlə azalır. Çennai şəhərində baş vermiş su böhranı zamanı su anbarlarının quruması xəstəxanaların, restoranların və digər müəssisələrin fəaliyyətinə ciddi təsir göstərib. Şəhərə uzaq məsafələrdən tankerlərlə su daşınmasına ehtiyac yaranıb.

İranda su ehtiyatlarının düzgün idarə olunmaması və həddindən artıq istehlak ciddi ekoloji problemlərə səbəb olur. Tehran və İsfahan ətrafında yeraltı suların həddindən artıq çəkilməsi torpaq çökmələrini sürətləndirir. Urmiya gölünün böyük hissəsinin quruması isə bölgədə duz və toz fırtınalarının yaranması təhlükəsini artırır.

Su böhranının ən ağır hiss olunduğu ölkələrdən biri də Yəməndir. Uzun müddətdir davam edən münaqişələr və məhdud təbii su ehtiyatları ölkədə humanitar vəziyyəti daha da ağırlaşdırıb. Paytaxt Sənada yeraltı su səviyyəsi sürətlə azalır, bir çox ailə ehtiyaclarını ödəmək üçün suyu tankerlərdən yüksək qiymətə almağa məcbur qalır. Bəzi uşaqlar isə təhsil almaq əvəzinə ailələri üçün su daşımağa vaxt sərf edirlər.

Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam ondan ibarətdir ki, su böhranı artıq təkcə ekoloji problem deyil, eyni zamanda ərzaq təhlükəsizliyi, iqtisadi inkişaf, miqrasiya və sosial sabitlik üçün də ciddi risk yaradır. İqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəsiz istifadə davam edərsə, gələcəkdə daha çox ölkənin su qıtlığı ilə üzləşəcəyi gözlənilir.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью