Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycanda rəsmi nikahı olmayan qadınların dünyaya gətirdiyi uşaqların sayında son illər azalma müşahidə olunur.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə 2021-ci ildə nikahsız 17 min 566 uşaq doğulub. Bunun 6 min 566-sı şəhərlərdə, 11 mini kənd yerlərində qeydə alınıb.
2022-ci ildə bu göstərici bir qədər artaraq 18 min 814-ə yüksəlib. Bu, son 5 ilin ən yüksək göstəricisi olub. Həmin il şəhərlərdə 7 min 184, kəndlərdə 11 min 630 belə doğum olub.
2023-cü ildən etibarən isə azalma başlayıb. 2023-cü ildə nikahsız doğulan uşaqların sayı 15 min 622 olub. Şəhərlərdə 6 min 19, kəndlərdə 9 min 603 uşaq.
2024-cü ildə azalma davam edib - 13 min 228 uşaq. Şəhər yerlərində 5 min 158, kənd yerlərində 8 min 70.2025-ci ildə isə son 10 ilin ən aşağı göstəricisi qeydə alınıb - 11 min 626 uşaq. Bunun 4 min 599-u şəhər, 7 min 27-si kənd yerlərinin payına düşüb.Beləliklə, 2021-ci illə müqayisədə nikahsız doğulan uşaqların sayı 5 min 940 nəfər, yəni 34 faiz azalıb. 2022-ci ilin pik həddi ilə müqayisədə isə azalma 7 min 188 nəfərdir.
Qeyd edək ki, 10 illik müqayisədə azalma daha kəskindir. 2015-ci ildə 24 min 38 uşaq nikahsız doğulubsa, 10 ildə bu rəqəm 2 dəfədən çox azalaraq 11 min 626-a düşüb.
Nikahsız doğulan uşaqların əksəriyyəti kənd yerlərində qeydə alınır. Kəndlərdə şəhərlərə nisbətən 1,5 dəfə çox belə hal var.