Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlılığını möhkəmləndirib

27.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 27 yanvar, AZƏRTAC

2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) strateji yanaşma və balanslaşdırılmış investisiya siyasəti nəticəsində mövqelərini daha da gücləndirib. Qlobal maliyyə bazarlarında mövcud olan mürəkkəb və dəyişkən şəraitə baxmayaraq, son beş ildə Dövlət Neft Fondunun aktivləri 43,6 milyard dollardan 73,5 milyard dollara yüksələrək təxminən 30 milyard dollar və ya 70 faizə yaxın artım nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, artımın təxminən 76 faizi investisiya fəaliyyəti hesabına formalaşıb. Aktivlərin artım dinamikası fondun effektiv idarəetmə və strateji yanaşmasını əks etdirir və bu dövr fondun inkişaf tarixində ən sürətli artım mərhələlərindən biri kimi qiymətləndirilir.

2025-ci ildə neft və qaz sazişlərindən əldə olunan gəlirlərdə müəyyən azalma müşahidə edilsə də, fondun ümumi maliyyə dayanıqlığına bu faktorun təsiri balanslaşdırılmış investisiya gəlirləri hesabına kompensasiya olunub. Xüsusilə diqqətçəkən məqam fondun büdcədənkənar gəlirlərində qeydə alınan əhəmiyyətli artımdır. 2025-ci ilin yanvar-dekabr aylarında ümumi gəlirlər 37 milyard 594,4 milyon manat təşkil edib. Büdcə gəlirləri 4,9 faiz azalaraq 17 milyard 160,4 milyon manata düşsə də, mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Buna görə də fondun qızıl ehtiyatlarının artırılması 2025-ci ilin ən mühüm strateji addımlarından biri kimi dəyərləndirilir. 2025-ci ildə ARDNF-nin qızıl ehtiyatları 36,4 faiz artırılaraq 200 tona çatdırılıb. Qızıl investisiyalarının ABŞ dolları portfelindəki payı 38,2 faizə yüksəlib. Nəticədə valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsindən formalaşan büdcədənkənar gəlirlər 12,8 dəfə artaraq 20 milyard 434 milyon manata çatıb ki, bu da ARDNF-nin qlobal trendlərdən uğurla faydalandığını təsdiqləyir.

Fondun investisiya fəaliyyəti də hesabat ilində müsbət dinamika nümayiş etdirib. 2025-ci ildə vəsaitlərin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib və nəticədə 6 milyard 894,1 milyon manat gəlir əldə olunub. Maliyyə bazarlarında faiz dərəcələrinin azaldılması fonunda istiqraz portfeli, səhm bazarlarındakı müsbət meyillər və alternativ investisiyalara olan tələbat ARDNF-nin gəlirliliyinə töhfə verib.

2025-ci ildə ARDNF-nin dövlət qarşısında öhdəlikləri də ardıcıl şəkildə yerinə yetirilib. Fond tərəfindən dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edilib, eyni zamanda, təhsil sahəsində həyata keçirilən Dövlət Proqramlarının maliyyələşdirilməsinə 105,5 milyon manat vəsait ayrılıb. Bu, neft gəlirlərinin insan kapitalına yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Neft-qaz sektorunda gəlirlərin strukturunda da fərqli dinamika müşahidə olunub. 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxilolmalar 20,8 faiz azalaraq 4 milyard 878,1 milyon dollar təşkil edib. Bunun əksinə olaraq, “Şahdəniz” yatağından əldə olunan gəlirlər 27,6 faiz artaraq 564 milyon dollara yüksəlib.

Bütün bu uğurlara töhfə verən amillərin kökündə dayanan addımlardan biri də ARDNF-nin uğurlu beynəlxalq əməkdaşlıqlardır. Belə ki, fondun maliyyə institutları, beynəlxalq maliyyə təşkilatları, inkişaf etmiş dövlətlərin suveren fondları ilə artan əməkdaşlığı diversifika imkanlarını artırır, yeni təcrübələr qazandırır, təhlükəsiz maliyyə və investisiya siyasəti yürütməyə imkan verir.

Ötən həftə Davosda başlayan Dünya İqtisadi Forumunun 56-cı iclasında da bu fürsət əldən verilə bilməzdi. 130-dan artıq ölkədən 3000 nümayəndənin, 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi liderin, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlərin iştirak etdiyi bu forum Azərbaycan üçün də uğurlu oldu. Prezident İlham Əliyev ölkəmiz üçün mühüm iqtisadi imkanlar açan forumda bir neçə iri maliyyə təşkilatının rəhbəri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə etdi. Belə görüşlərdən biri idarə etdiyi aktivlərin həcmi 4 trilyon dollardan çox olan, dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan ABŞ-ın “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə baş verdi.

Bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərən “J.P.Morgan” ilə əməkdaşlıq Azərbaycan üçün bir sıra strateji imkanlar açır. Görüşdə Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Azərbaycan Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini qeyd edən şirkət rəhbəri “J.P.Morgan”ın bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edək ki, Dövlət Neft Fondu ilə dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alan “J.P.Morgan” arasındakı əməkdaşlıq Azərbaycanın beynəlxalq maliyyə bazarlarında mövqelərinin möhkəmləndirilməsinə, gəlir mənbələrinin şaxələndirilməsinə, iqtisadiyyat və energetika sahələrində milli strateji vəzifələrin həyata keçirilməsi üçün əlavə kapitalların cəlb edilməsinə töhfə verəcək.

Fondun sıx əməkdaşlıq etdiyi aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock” və “Global Infrastructure Partners” (GIP) ilə görüş də gələcək inkişaf perspektivləri baxımından əhəmiyyətli idi.

Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “GIP” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanması əhəmiyyətli idi. Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna əsasən, ARDNF-in “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard dollaradək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

ARDNF-in investisiya portfelinin diversifikasiyası baxımından “Brookfield Asset Management” ilə əməkdaşlıq praktiki əhəmiyyət daşıyır. Davosda Dövlət Neft Fondu ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun imzalanması mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, ARDNF-in “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard dollaradək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır. “Brookfield Asset Management” üçün Azərbaycanla tərəfdaşlıq artan investisiya potensialına və sabit makroiqtisadi mühitə malik bazarda layihələrdə iştirak imkanları açır.

Dövlət Neft Fondu artıq “gəlir toplayan” deyil, “dəyər yaradan” institusional investordur. Son illərin nəticələri göstərir ki, Dövlət Neft Fondu dəyər yaradan institusional investor modelində fəaliyyətini davam etdirir. Bununla da, aktivlərin artımı yalnız bazar şərtlərindən deyil, strateji aktiv bölgüsü, risklərin idarə edilməsi və peşəkar investisiya qərarları nəticəsində formalaşıb. Bu yanaşma fondun uzunmüddətli maliyyə rolunu əsaslı şəkildə gücləndirib. Nəticədə ARDNF qlobal maliyyə bazarlarında baş verən dəyişikliklərə çevik uyğunlaşmaqla aktivlərin həcmini və investisiya gəlirliliyini artırmağa nail olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью