Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız arasında elə fədakar oğullar var ki, onların həyat yolu, döyüşdə göstərdikləri misilsiz şücaət hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Vətən çağıranda rahat həyatından, dinc əməyindən vaz keçərək ön cəbhəyə atılan, son nəfəsinə qədər əsgərini qoruyan baş leytenant Rauf Vaqif oğlu Əsgərov məhz belə unudulmaz qəhrəmanlardandır.
Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulub. 44 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.Vətən müharibəsinin qəhrəmanlarından biri Rauf Əsgərov sağlığında xeyirxahlığı ilə Gəncədə sevilən şəxslərdən olub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan kimi Rauf Əsgərov könüllü olaraq səfərbərlik elan olunmasını gözləmədən cəbhəyə yollanmışdır. Baş leytenant rütbəsi ilə tağım komandiri kimi fəaliyyətə başlayan Rauf Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ən gərgin döyüşlərdə əsgərləri ilə birlikdə çiyin-çiyinə vuruşmuşdur.
Onun döyüş yoldaşları Raufun həm zabit kimi cəsarətini, həm də əsgərlərinə olan ata qayğısını hər zaman minnətdarlıqla xatırlayırlar. O, hər bir döyüşçünün təhlükəsizliyini özündən üstün tutur, ən çətin məqamlarda belə ön xətdə nümunə olurdu.
Anası Briliyant Əsgərovanın dediyinə görə, yas məclisində tanımadığı adamlar gəlib Hacı Raufun onlara etdiyi yardımlardan danışıblar. Halbuki bunlardan nə ailəsinin, nə də yaxınlarının xəbəri olub. Özünə məxsus atı belə satıb, başqa bir şəxsin borcunu ödəyib. Vətənpərvərlik hissi Raufda hələ uşaq yaşlarından özünü göstərib. 20 Yanvar hadisələrindən sonra o, təhsil aldığı məktəbin rus bölməsindən çıxıb. Uşaq olsa da, “meydan hərəkatları”na qoşulub. “Tovuz hadisələri”ndən sonra könüllü şəkildə Orduya yazılıb.
“AzerGold” QSC-nin Təmir-tikinti və Energetika Şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışan Rauf Əsgərov Vətən müharibəsi başlayanda işini, ailəsini geridə qoyaraq döyüşə yollanıb. Hətta döyüş gedən ərazilərə göndərilmək üçün israr da edib. Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən baş leytenant 26 oktyabr 2020-ci ildə əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub.
Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
3 övladı Vətənə yadigar qalıb.
Müşfiq Mirzə
XQ