Son seçkilərdə Paşinyanın partiyası qalib gəlməkdədir!.. SON DƏQİQƏ

26.10.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 Oktyabrın 25-də Ermənistanda 10 vilayətin 21 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Moderator.az aparıcı erməni mediasına istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş sazişi” partiyası əksər icmalarda üstünlük qazanıb. Müxalif “Həmrəylik” alyansı isə Gorus və Qavar icmalarında qalib gəlib.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanın açıqladığı ilkin nəticələrə görə, “Vətəndaş sazişi” partiyası Vaykda 96,12 faiz, Armavirdə 96,1 faiz, Qarnidə 94,2 faiz, Vardenisdə 93,8 faiz və Cermukda 92,7 faiz səs toplayıb.

Gorusda Aruş Aruşanyanın rəhbərlik etdiyi “Həmrəylik” alyansı 93 faiz, Qavarda isə Qurgen Martirosyanın rəhbərlik etdiyi alyans 81,3 faiz səs qazanıb.

Seçkilərdə ümumi iştirak 46,32 faiz təşkil edib. Ən yüksək iştirak Stepanavanda — 68,83 faiz, Eqeqnadzorda — 62,56 faiz və Çaxkadzorda — 61,78 faiz qeydə alınıb.

Səsvermə prosesi zamanı seçki məxfiliyinin pozulması, prosedur qaydalarına əməl edilməməsi və qanunsuz təşviqatla bağlı iddialar da səsləndirilib.

Seçkilərin nəticələri Paşinyanın rəhbərlik etdiyi hakim qüvvənin yerli səviyyədə siyasi mövqelərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, nəticələr ölkə üzrə ümumi siyasi dəstəyin tam göstəricisi kimi qəbul edilməməlidir.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью