Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü idi”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müvəqqəti baş məşqçisi Sənan Qurbanov Misli Premyer Liqasının 14-cü turunda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları matçı şərh edərkən deyib.
Mütəxəssis geridə qalan 3 oyunda akademiya məşqçiləri ilə birlikdə əllərindən gələni etdiklərini, lakin nəticələrin yaxşı olmadığını və azarkeşləri üzdüklərini etiraf edib. Qurbanov bu qarşılaşmanın son üç oyunun ən pisi olduğunu vurğulayıb. O, rəqibə təzyiq etmək üçün meydana 2 hücumçu ilə çıxdıqlarını, lakin fasilədən sonra zədə səbəbindən edilən məcburi əvəzetmələrin və oyuna təsir etmək cəhdlərinin bəhrə vermədiyini bildirib.
Yalnız Alessio Kurçinin üzrxahlıq etməsi məsələsinə toxunan S.Qurbanov, əslində bütün futbolçuların nəticələrə görə utandığını qeyd edib:
"Allah qoysa, qarşıdakı günlərdə yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq 'Neftçi'nin yaxşı olmasını arzulayırıq".
Səhvlərə yol verən Kenan Piriç və Sessi Dalmeydanın israrla start heyətində yer alması barədə sualı isə Sənan Qurbanov belə cavablandırıb:
“Siz kənardan bəlkə daha yaxşı görürsünüz. Mən də ‘Neftçi’nin oyunlarını izləyirdim. Amma birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Futbolçular gərək məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən sadəcə gördüklərimi oynatdım. Çox da dəyişikliyə gedə bilmədim”.