Son Zəng qadağalarının səbəbi açıqlandı

27.04.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məzunların uzun illər yaddaşlardan silinməyən "Son zəng" həyəcanı artıq yeni qaydalar və ciddi nizam-intizam çərçivəsində yaşanır. Təhsil ocaqlarında təhlükəsizliyi ön plana çıxaran bu dəyişikliklər şagirdlərin bayram sevincini qəza və xoşagəlməz hadisələrdən qorumağa xidmət edir.
Məsələ ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, Məktəblərdə "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı tətbiq edilən yeni qaydalar və məhdudiyyətlər, ilk növbədə, şagirdlərin təhlükəsizliyini təmin etmək və illərdir formalaşmış bəzi zərərli meyillərin qarşısını almaq məqsədi daşıyır:
"Bu qərarların effektivliyi isə bir neçə mühüm amildən asılıdır. Mərasimlərin yalnız məktəb daxilində keçirilməsi və vaxt məhdudiyyətinin qoyulması, şübhəsiz ki, nəzarətsiz qalan kütləvi toplantıların, xüsusilə də məzunların avtomobil karvanları ilə şəhər küçələrində yaratdıqları təhlükəli vəziyyətlərin azalmasına birbaşa təsir göstərir. Keçmiş illərin təcrübəsi göstərir ki, ən ağır xoşagəlməz hadisələr məhz məktəbdənkənar əyləncələr zamanı baş verirdi. İnzibati nəzarətin gücləndirilməsi bu baxımdan qabaqlayıcı sipər rolunu oynayır".
Ekspert deyib ki, məsələnin yalnız qadağalarla tam həll olunacağını düşünmək bir qədər bəsit yanaşma olardı:
""Son zəng" sadəcə bir tədbir deyil, həm də gənclərin psixoloji olaraq bir mərhələni bitirib digərinə keçdiyi emosional bir andır. Əgər bu qərarlar valideynlər və müəllimlər tərəfindən düzgün dərk olunub şagirdlərə aşılanmasa, gənclər rəsmi hissədən sonra qeyri-rəsmi şəkildə yenidən bir araya gəlməyə və köhnə vərdişləri davam etdirməyə çalışacaqlar.
Xoşagəlməz halların tamamilə aradan qaldırılması üçün inzibati qərarlarla yanaşı, mənəvi və tərbiyəvi işlərin də dərinləşməsinə ehtiyac var. Məktəb illərinin bitməsini şan-şöhrət, bahalı ziyafətlər və ya riskli hərəkətlərlə deyil, elmin, müəllimə olan ehtiramın və doğma divarlardan ayrılmağın bədii-fəlsəfi hüznü ilə qeyd etmək mədəniyyəti formalaşmalıdır.
Nəticə etibarilə, yeni qərarlar texniki və təhlükəsizlik baxımından böyük bir boşluğu doldursa da, daxili nizam-intizam və mədəniyyət məsələsi hələ də ailə, məktəb və cəmiyyətin birgə məsuliyyəti olaraq qalır. Reallıq onu göstərir ki, qadağalar intizama kömək edir, amma əsl dəyişiklik gənclərin bu günü hansı məntiqlə qavramasında gizlənir", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью