525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəmil SADİQ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
“Arvadsız kişi” hekayələr kitabından
Bir gün camaat Təpəbaşı məhəlləsinə yığışmışdı. İynə atsaydın, yerə düşməzdi. Əli deyən kim, Vəli deyən kim. Əvvəlki on gündə hər kəs “Heydər-Səftər” desə də, həmin gün qətli sındırmaq üçün sadəcə “Heydər” deyəcək, ağ geyimlilər isə başlarını yaracaqdılar. Günortaya yaxın kəndin Təpəbaşı, Qumqala, Xəndək, Güllü məscid, Çaylaq dəstələri İmamzadəyə yaxınlaşmalı və İmam Rzanın qardaşının qəbri olduğu deyilən Seyyid Əqil ağa pirində baş yarmalı idilər. Bu vahiməli mənzərəyə tamaşa etmək üçün ətraf rayonlardan və kəndlərdən də adamlar gələrdilər. Camaat, sanki canlı tamaşaya baxırmış kimi insanların necə ürəklə sinə çırpdığına, zəncir vurduğuna, baş yardığına həyəcanla tamaşa edərdi. İki üz-üzə dayanan və qol-qola girmiş dəstənin güc, əsəb, intiqam, qəzəb, nifrət ifadə edən hərəkətlərlə bir addım dala, bir addım qabağa atmaqla, sanki kinoya çəkilirlərmiş kimi “şaxsey-vaxsey”, yəni “ŞahHüseyn, vahHüseyn” demələri adamın damarında qanını dondururdu. Aradabir də at üstündə oturmuş mollanın insanları süzərək: “Necə ki ağlamasın, daaağ-daaaş bu gün, kəsilib Kərbəlada yetmiş iki baş bu gün”, - deyərək carlaması bu dəstələri daha da qızışdırırdı.
Yayın cırhacırında özlərini döyüb əldən salan bu cavanlara şərbət paylamaq isə lap cənnətlik sayılırdı. Biz də hər il nəzir deyər, üç, imkanımız olanda isə beş kilo şəkər tozundan hazırlanan şərbəti çaydanlara doldurub, camaata paylayardıq. Şərbət paylayanlar isə özlərini elə mühüm vəzifə daşıyan adam kimi hiss edir və aparırdılar ki, gəl görəsən. Özü də əgər bizim şərbətdən dəstədə olanlar içsəydilər, daha çox savaba batmış hesab olunurduq. Aradabir hansısa balaca uşağın şərbət istəməsinə belə məhəl qoymaz, bu ərəb cəfakeşlərinə xidmət etmək üçün onlarla bərabər dolaşardıq. Qadınlar, qızlar isə kimin ürəklə sinə çırpdığını, zəncir vurduğunu, baş yardığını izləyər, cani-dildən: “Can, bala, İmam köməyin olsun”, - deyərdilər. Bu mərasimdən bir-iki həftə sonra isə kimin necə ürəklə başını yarıb param-parça etdiyi təndir başındakı söhbətlərin əsas mövzusu olardı. Kim isə: “Ay qız, eşitdiz, Zeynəbin əri necə vurub başını? Deyirlər, vurandan sonra qəşş eləyib yıxılıb”, - deyər, kimisi də buna qüvvət verərək: “Ay qız, o hər il elədir də, görmürsən necə şövq ilə şaxsey gedir?” - söhbəti qızışdırardı. Hələ bir də görərdin ki, başqa birisi: ”Əşşi, yaxşıyın görək siz də, o, həmişə mastırlıq edir”, - söyləyib, söhbəti lap qaynadardı.
Bütün aşuralarda cani-dildən iştirak edən bizim Pıllı əmi bu dəfə dəstəbaşı idi. Dəmirçidə düzəltdirdiyi xüsusi xəncəri az qala göz qamaşdırırdı. Heç vaxt baş yarmağından qalmayan bu adam bu dəfə mərasimə xüsusi hazırlaşmışdı. Çünki ilk dəfə idi ki, nəvəsinin də başını yaracaqdı. Üz-gözündən qəzəb tökülürdü. Yezidi əlinə versəydilər, didib-parçalayardı.
Vədə yetişmişdi... Minlərlə insanın izlədiyi mərasim mütləq qanla sona çatmalı idi. Adətən, molla: “Heydəəəəəər”, - deyib aradan çıxar, bununla da işini bitmiş hesab edərdi. Ağ paltarlılar isə, sanki bir himə bənd idilər, o dəqiqə xəncərlərini göydə oynadar, düşmən başına vururlarmış kimi öz qırxılmış başlarına endirərdilər. Bunun üçün bəziləri əvvəlcədən hazırlıq görərək başlarını tam keçəl edər, bəziləri də bugünkü futbolçular kimi, sadəcə yaracaqları yeri qırxdırardılar.
Kimisi qorxaq olduğu üçün xəncəri yalandan vurar, yanındakıların onu tutub saxlaması üçün şərait yaradardı. Kimisi də cuşa gəlib iki əllə xəncəri elə endirərdi ki, elə bil erməni başına vururdu. Allah tərəfi, Pıllı əmi başını pis yarmırdı. Hamı da bunu bilirdi. Ona görə də bu cür qorxmaz insanları tutmağa çalışanlar daha çox olardı. Hər dəfə də hər şey bir neçə dəqiqənin içində baş verərdi. Başlar İmam Hüseyn yolunda yarılar, sonra dərhal əvvəlcədən hazırlanmış parçalarla sarınardı.
Ara sakitləşən kimi Pıllı əmi özünə gəlib, altı aylıq nəvəsinin başını da çırtdı. Uşağın nənəsi nə qədər etiraz etsə də, xeyri olmadı. Çünki ilk nəvəsi üçün bu hərəkəti nəzir demişdi Pıllı əmi. Başyarma mərasimindən sonra camaat quru torpağın üstündə özünə birtəhər yer edib oturar, molla əminin Aşura günündə İmam Hüseynin və onun əhli-əyalının başına gətirilənlər haqqındakı əhvalatlarına qulaq asardılar. Kimi söyüd, kimi elektrik tirlərinin, kimi də binaların tinində kölgəyə qısılıb isti günün altında molla əminin ürəkdən ağlayaraq danışdığı əhvalata qulaq kəsilərdi. Molla əminin hərdən: “Bu gün bu faciəni eşidib gözündən bir damla da olsa yaş axıdan kimsələrin yeri o dünyada cənnətdir”, - deməsi mənim ən çox diqqətimi çəkən hadisə idi. Bütün uşaqlar kimi mən də az qala barmağımla gözümü çıxardardım ki, bircə damcı da olsa, yaş çıxsın. Amma bacarmazdım. Ağlayan böyüklərimizə baxıb özümüzü qəmli göstərər, hər kəsin əhvalatın içinə qapıldığı bir vaxtda əlimizi alnımızdan çəkib baxardıq ki, görəsən, camaat necə ağlayır. Ağsaqqallar, ağbirçəklər yanğı ilə danışılan insan faciəsinə sidq ürəklə göz yaşı tökürdülər. Amma bir müəmma yaman incidərdi məni. Molla vardı ki, ürəklə ağladığı yerdə birdən-birə səsini kəsib, yenidən heç nə olmamış kimi söhbət edirdi. Bu, məni heyrətə salardı. Çünki uşaq vaxtı ağlayanda, adətən, için-için ağlayırdım və səsimi kəsib özümə gəlməyim xeyli zaman alardı. Bütün uşaqlar da belə ağlayırdılar. Amma molla əmi guruldamamış yağan, yağmamış kəsən yağışlara bənzəyirdi.
Sonralar böyüdükcə anladım ki, böyüklərdə hər şey yalandan olur. Bəzən yalandan gülüb, yalandan ağlaya da bilirlər. Molla əmi isə bu cür işlərin mahir ifaçısı imiş. Çünki o, bu cür məclislərdə ağlamır, sadəcə rolunu oynayır.
Ən ağrılısı isə bu cür mollalara inanan minlərlə insanın taleyi idi. Çünki özünə əzab verib bu cür çətin rola girən molla əmi bunu evinə bir tikə çörəkpulu aparmaq üçün edirdisə, onun yalançı səsinə səs verib dədələri ölmüş kimi ağlayan insanları heç başa düşə bilmirdim. Başa düşdüyüm bir o idi ki, bunların hamısı bekarçılığın əlamətidir. Əgər iş-güc olsa idi, bu hallar yaranmaz, hər il bir bəzək əlavə edilməklə inkişaf etməzdi. Hələ ilk dəfə iranlı canıyananlar tərəfindən bu mərasimin videoya çəkildiyi il bir ayrı şan-şöhrət gətirmişdi bizim kənddəki Aşuraya... Həmin gün axşamçağı Pıllı əmi söyüdlükdə dostları ilə söhbət zamanı qərara almışdı ki, Bakıya getsinlər. Neçə gündür səfərlərini Aşuraya görə təxirə salan dostlar elə bu axşam çıxmağı planlaşdırırdılar. Şərurdan gələn Bakı qatarı gecə saat 00:00-da bizim kənddən keçirdi.
Axşamçağı evə gəlib: “Ay qız, ordan üzqırxan maşını qoy çamadana, axşam gedirəm Bakıya”, - dedi Pıllı əmi. Onun bu cür qəfil qərarları çox olardı. O qədər əhlikef adam idi ki, bir gün hansısa qadını evinə gətirib, Afət xalayla: “Yeni arvadımdır”, - deyə tanış da etmişdi. Afət xalada da səbir vardı haaaa. Başqa arvad olsaydı, dörd uşaqlı qadınının üstünə evə arvad gətirən kişini elə küçədəcə qamarlayardı. Bütün qonşular onun bu məsələyə gözləniləndən daha soyuqqanlı yanaşmasına məəttəl qalmışdılar. Nəsə, bu məsələ qalsın başqa vaxta. Amma bu dəfə nədənsə, Pıllı əminin qərarını qəbul edə bilmir, getməməsi üçün israr edirdi.
- A kişi, çox vacibdi bu gün gedəsən? Nə xəbərdi? Başının qanı hələ qurumayıb.
- Çox danışma. Get dediyimi elə.
- Yaxşı görək, kişilənmə. Ay Pıllı, bəlkə, sabah gedəsən? Özünə yazığın gəlsin. Nə işin var sənin Bakıda?
- Sənə hesab verəcəm? Sənə nə var?
- Get, belə cəhənnəmə get, gorun da dibinə get. İnşallah ki, arzun gözündə qalar.
Afət xalanın son cümləsinin altında nələr vardı, bir Allah bilirdi. Bəlkə də, Bakıya “şuluq” etməyə getməsini nəzərdə tuturdu qadın fəhmi ilə. Amma orası da vardı ki, Afət xalanın qarğışları hər zaman qəliz olardı.
Bir dəfə aralarında mübahisə düşəndə Pıllı əminin təzə ayaqqabısını nəzərdə tutub: “Heç sağlıqla geyməyəsən”, - demişdi. Elə həmin gün Pıllı əminin ayağı sınmışdı. Yazıq kişi ayağı düzələnə qədər ayaqqabını əzib, rezinlə bağlayaraq geyindi. Ayağı da sağalanda artıq ayaqqabı köhnəldi.
İndi bu qarğışı da ürəkdən dediyi üçün Pıllı əmini isti tər basdı. Amma bütün azərbaycanlı kişilər kimi arvad sözü ilə oturub-durmağı özünə ar bilən Pıllı əmi sözündən geri dönən deyildi.
Gecə yır-yığış edib, dostları Məmmədqulu və Cəbişlə birgə evdən çıxdılar. Pıllı əmi Məmmədquluya “Salamat kəllə” deyərdi. Çünki bütün problemli məqamlardan quru çıxar, davalarda döyülməzdi. Bir sözlə, neytral adam idi. Stansiyaya çatanda Cəbiş soruşdu:
- Ay Pıllı, yeyib-içməyə bir şey götürmüsən?
- Əşşi yox ee, – deyə cavab verdi Pıllı əmi. Necə deyəydi ki, arvadla savaşıb çıxmışam?!
- Bə nə edəcəyik Bakıya qədər?
Həmişəki kimi, Pıllı əmi yenə canfəşanlıq edərək tez cibindən bir qırmızı onluq çıxarıb, “xalturşik” Cabbara verdi.
- Sən tez get “Abşeron”dan bir kilo kolbasa, çörək, bir də bir donqili al, birbaşa maşını sür Culfaya.
Cabbar maşını necə sürdüsə, Culfa stansiyasına qatardan tez çatdı. Çatan kimi də vaqonun pəncərəsindən aldıqlarını onlara verib, geri döndü.
Sovet hökuməti Naxçıvanı Azərbaycandan elə ayırmışdı ki, paytaxt Bakıya birbaşa yol yox idi. Qədim Azərbaycan torpağı Mehri Ermənistana verilmiş, Mığrı adlandırılmışdı. Ona görə də Naxçıvandan Azərbaycanın başqa yerlərinə getmək üçün yol yalnız Ermənistandan keçirdi. O zamanlar ermənilərin azərbaycanlılara qarşı başlatdığı işğalçı siyasətin qızışdığı dövr idi. Siyasi vəziyyət qarışıq olduğu üçün yeganə qatar yolu da təhlükə altında idi. Sovet hökuməti hələ də dağılmadığı üçün ermənilərin hansısa alçaq addım atacaqlarını heç kim ağlına gətirmirdi. Elə ona görə də Qatar tərpənən kimi Cəbiş “donqili”ni açıb vaqonun kiçik masasının üstünə qoydu. Köhnə dostların məclisi başladı.
- Götürün, bunu da içək... Allah cansağlığı versin, sağ-salamat gedək, qayıdaq, sonra Pıllı bizi bir dəfə də Peterburqa aparar, - deyə Cəbiş bic-bic güldü.
Pıllı əmi ilin on ayı içsə də, ağlı kəsəndən məhərrəm və səfər aylarında heç vaxt içməmişdi. İndi isə Aşurada içməyə hazırlaşırdı. Yəqin ki, bunu Allah götürməzdi. O, özünün bu addımını həzm edə bilmirdi. Amma evdən də əsəbi çıxması, qatarın içki ab-havası aşılaması Pıllı əmini bu dəfə yoldan çıxardı. Qəlbinin dərinliyində nəsə böyük günah etdiyini düşünürdü. Həmişə araq içəndə gözləri açıq olan və göylərə baxan Pıllı əmi bu dəfə gözlərini yumub: “Cəbişin dediyi sağlığa”, - deyərək bir anlıq zülmdən qurtardı canını.
Əgər dinə kiçik də olsa rəğbəti olan kimsə bu sağlığı eşitsə idi, bu üçlüyü qınayardı. Nəinki qınayardı, lap cəmdəklərinə tüpürərdi ki, Aşura günü içməyiniz bir tərəfə, hələ utanmaz-utanmaz əlinizdə “zəhrimar” ola-ola Allahın adını çəkib ondan cansağlığı diləyirsiniz? Amma Pıllı əminin dilindən heç vaxt Allah kəlməsi düşməzdi. Hətta gözlərini yumub qədəhi başına çəkəndə də: “Allah, özün kömək ol”, - deməyi unutmazdı. Hər şey bir tərəfə, sanki Allah da bu adamın Allahı idi. Onun inancı mövhumatla qarışsa da, çox saf idi, özünəməxsus idi. Onun Tanrısı Pıllı əminin inanaraq bütün uydurma rituallara əməl etdiyini də, yaxşılıqdan başqa heç nəyi düşünmədiyini də, kin və nifrətdən uzaq olduğunu da, ən çətin məqam hesab etdiyi içki içməyi belə onun adı ilə başlamasını da görürdü. Adama elə gəlirdi ki, Tanrı Pıllının içməsini hansısa bədniyyət hacının Həcc ziyarətindən daha əfzəl hesab edir. Çünki Pıllı əmi ayıq başla nə qədər insani duyğularla yaşayırdısa, içəndən sonra bu duyğuların daha da kamilləşdiyini görürdük. Çünki içəndə daha səxavətli, daha mərhəmətli olur, haqsızlığa qarşı daha cəsarətli danışırdı. Məgər Tanrı öz bəndəsində bu xüsusiyyətləri görmək istəmirdi? Dəfələrlə eşitmişdik ki, Pıllı əmi çölgöyü, dovşan ovuna gedəndən sonra içkili halda yarımçıq evə qayıdıb. Afət xalanın dediyinə görə, ova gedib çatana qədər acır, sonra da özü ilə götürdüyü “çubuş”u aşırır. Belə olanda da heyvan oldürməyə qıymayıb, özünü də, heyvanların ac qalmasına səbəbkar olan bəndəni də, Allahı da söyə-söyə evə dönür:
- Afət, inanırsan, o çölgöyülər ki, yem axtarmaq üçün qarın üstünə enir haa, imkanım olsa, Allahın yaxasından yapışıb yerə endirər, “bunları niyə belə aciz yaratmısan”, deyib gözünə soxardım, - söyləyərək ağlayarmış.
Afət xalanın da bu cür maraqlı hadisələri təndir başında “oflaqçılara” (qonşu qadınlar ayda bir dəfə yığışıb, əppək-çörək yapardılar. Təndir başındakı qadınlar oxlovla xəmiri yayardılar. Ona görə də hər qonşu öz kündə yayanını “oflaqçı” adlandırırdı) danışıb-gülməsinə o zaman mən də qoşulardımsa, indi onun Pıllı əmini başa düşməməsinə görə ürəyim ağrıyır.
- Ay qız, bəs sən nə deyirsən elə olanda? - oflaqçı arvadların suallarına o, - nə deyəcəm, deyirəm, kül başına, camaatın kişiləri evə pul gətirmək üçün min oyundan çıxır, sən Allahın quşunu da vurmursan ki, aciz yaradılıblar. Elə bil, Allahdan çox biləcək, kefli Pıllı, - deyə cavab verərdi.
Pıllı əmi: “Allah, özün kömək ol”, - deyib içkisini içmək istəyirdi ki, qatarda bir gurultu qopdu, gəl görəsən. Qatar qəfildən necə dayandısa, Cəbiş özü də bilmədən Pıllı Əmini qucaqladı. Bir anın içində baş verdi hər şey. Qatardakıların səsi aləmi başına götürdü. Nə olduğunu isə heç kim bilmirdi.
Sən demə, bütün bunların baiskarı müsəlmanların Allahı imiş, özü də Aşura günü baş yarandan sonra oturub içən Pıllıya cəza verirmiş. Axı Afət xala qarğış tökmüşdü. Allah da bunu eşidib, bu günah sahibinə “dərs” verirdi. Amma bu qədər böyük günah sahibinə bu da az imiş. Gərək onun əti tikə-tikə doğrana, qanı yerlərə axaydı. Əlbəttə, bu yozum Afət xalanın idi. Məsələnin mahiyyəti isə başqa cür idi.
Sən demə, həmin gün Mığrıda ermənilər Azərbaycanın bir parçası olan Naxçıvanla paytaxt arasındakı dəmiryoluna mina qoyublarmış. Məqsəd də dəmir yolunu partladıb, bir zamanlar SSRİ siyasəti nəticəsində Azərbaycandan aralı salınmış Naxçıvanla yeganə yol əlaqəsini kəsmək idi. Qatarın iki vaqonu aşsa da, xoşbəxtlikdən digər qatarlara bir şey olmamışdı. Gecəni səhərə qədər çarəsiz vəziyyətdə olan insanları ordu qüvvələri ermənilərin hücumundan qorumuşdu. Hərdən Pıllı əmi pəncərədən bir-iki söyüş göndərsə də, heç nə hasil olmadı. Səhər Naxçıvandan gələn bir teplovoz qatarı geriyə çəkərək yenidən Naxçıvana qaytardı. Afət xalanın dediyi kimi, Pıllı əminin arzusu gözündə qaldı. Bu sonuncu qatarla Pıllı əminin sonuncu ümidi də öldü. Beləcə, bütün SSRİ-ni qarış-qarış gəzən bu əməlisaleh kişi bir daha nə keçmiş sovet respublikalarına, nə də Rusiyaya gedə bildi. Amma bu sonuncu qatar partlamasından sonra olan naxçıvanlılara oldu. Çünki o hadisədən etibarən naxçıvanlılar hər yerə “göylə getməyə” başladılar.