Icma.az bildirir, 525.az portalına istinadən.
Şahanə MÜŞFİQ
Bir gün dünyanın hansısa muzeyində şüşə vitrinin arxasında paslanmış bir çəkic, taxta saplı bir biz, köhnə bir dəri önlük və əl ilə tikilmiş ayaqqabı nümayiş etdiriləcək. Yanındakı kiçik lövhədə isə belə yazılacaq: "XX əsrə qədər geniş yayılmış ayaqqabı ustasının alətləri".
Həmin vitrinin qarşısında dayanan məktəbli bəlkə də təəccüblə müəllimindən soruşacaq:
- Doğrudanmı insanlar ayaqqabılarını təmir etdirirdilər?
Bu sual qəribə görünə bilər. Amma bir əsr əvvəl "İnsanlar həqiqətən məktubları poçtla göndərirdilər?", "Telefonun düymələri var idi?", "Filmlər kasetdə olurdu?" sualları da qəribə görünərdi.
Zaman təkcə texnologiyanı dəyişmir. O, peşələri də dəyişir. Bəzilərini isə tarixdən tamamilə silir.
Hər peşə bir dövrün güzgüsüdür
İnsanlıq tarixini yalnız müharibələr, hökmdarlar və inqilablar yazmayıb. Tarixi ayaqqabı tikən usta da yazıb, mis qab döyən misgər də, kitab cildləyən sənətkar da, saat düzəldən usta da. Onların adları tarix kitablarına düşməyib. Amma gündəlik həyatın görünməyən qəhrəmanları olduqlarını dana bilmərik.
Bu gün qədim şəhərləri gəzərkən turistlərin diqqətini ən çox cəlb edən yerlərdən biri sənətkar məhəllələridir. Səmərqənddə, Buxarada, İstanbulun Qapalı Çarşısında, Fəsdə, Venesiyada insanlar təkcə alış-veriş üçün deyil, əsrlərdir dəyişməyən əl sənətlərini görmək üçün də dayanırlar. Çünki sənət yalnız nəticə deyil, prosesdir, əl hərəkətidir, səbirdir, bir ustanın ömrü boyu topladığı təcrübədir. Məhz buna görə dünyanın bir çox ölkəsi bu gün artıq təkcə qədim binaları yox, qədim peşələri də qorumağa çalışır.
Sənaye inqilabı başlayanda insanlar düşünürdülər ki, maşınlar yalnız ağır işi insanın əlindən alacaq. Sonra fabriklər yarandı, konveyerlər işə düşdü, kütləvi istehsal başladı. İnsanlar əvvəllər həftələrlə hazırlanan əşyaları artıq saatlar içində əldə edə bilirdilər. Bu dəyişiklik milyonlarla insanın həyatını asanlaşdırsa da, eyni zamanda yüzlərlə peşənin sonunu gətirdi.
Bir zamanlar hər şəhərdə çəllək düzəldən ustalar vardı. Taxta çəlləklər olmadan nə şərab saxlanılırdı, nə yağ, nə də taxıl. Şüşə və metal qablar yayıldıqca bu peşə də yavaş-yavaş yoxa çıxdı.
At arabalarının təkərlərini hazırlayan ustalar bir dövrün ən vacib sənətkarları sayılırdı. Avtomobil istehsalı artdıqca onların emalatxanalarının qapıları bir-bir bağlandı.
Yazı maşınlarının təmirçiləri XX əsrin ortalarında ən çox axtarılan peşələrdən biri idi. Kompüterlər meydana çıxanda isə onların biliyi demək olar ki, istifadəsiz qaldı.
Maraqlıdır ki, peşələrin əksəriyyəti birdən-birə yox olmur. Əvvəl sifariş azalır, sonra şagird gəlmir, daha sonra usta qocalır. Bir gün isə emalatxananın qapısı həmişəlik bağlanır. Bununla da onilliklərlə toplanmış bilik itib gedir, bir dövr qapanır.
Azərbaycan da bu dəyişikliyin içindədir
Azərbaycanın zəngin sənətkarlıq ənənəsi var. Bu peşələrin bir hissəsi dövlət dəstəyi və fərdi ustaların zəhməti sayəsində yaşayır. Xüsusilə xalçaçılıq, kəlağayı sənəti və Lahıc misgərliyi beynəlxalq səviyyədə tanınır.
Lakin bütün dünyanı öz ağuşuna alan bu proses ölkəmizdən də yan keçməyib. Bir vaxtlar hər rayonun öz misgəri, nalbəndi, araba ustası, çəkməçisi vardı. Kəndlərdə qazan qalaylayan ustanın gəlməsi hadisə sayılırdı. İnsanlar köhnə mis qablarını onun ətrafına yığar, saatlarla növbə gözləyərdilər. Bu gün isə qalayçı görmək çətinləşib.
Papaq tikən ustaların, zərif əl ilə kəlağayı naxışlayan sənətkarların, qədim musiqi alətlərini hazırlayan ustaların sayı da ildən-ilə azalır.
Bəziləri üçün bu, inkişafın təbii nəticəsidir. Amma mədəniyyət tədqiqatçıları başqa təhlükəyə diqqət çəkirlər. Əgər bir peşə ilə birlikdə onun sirri də yox olursa, onu sonradan bərpa etmək çox çətin olur.
Məhz buna görə UNESCO artıq uzun illərdir təkcə abidələri deyil, qeyri-maddi mədəni irsi - sənətkarlıq ənənələrini, ustalıq məktəblərini, xalq sənətlərini və onları yaşadan insanları da qorumağa çağırır. Çünki bəzən ən qiymətli irs daşdan tikilmiş qala deyil. Bir ustanın əllərində yaşayan sənətdir.
Yaponiyanın "Yaşayan Milli Xəzinə"ləri
Maraqlıdır ki, bəzi ölkələr bu təhlükəni çoxdan hiss ediblər. Məsələn, Yaponiyada dövlət müəyyən sənət növlərini və onları yaşadan ustaları xüsusi statusla qoruyur. Onlara qeyri-rəsmi olaraq "Yaşayan Milli Xəzinə" deyirlər. Buradakı xəzinə insanın özüdür. Onun biliyi, təcrübəsi və əl sənəti xəzinə hesab olunur. Bəzən bir qılınc ustası, bəzən qədim keramika sənətini yaşadan sənətkar, bəzən isə ənənəvi teatr maskaları hazırlayan usta bu ada layiq görülür. Bu yanaşmanın arxasında mühüm bir fikir dayanır: Əgər sənəti yaşadan insan yox olarsa, sənətin özü də yox olacaqdır.
Texnologiyanın hökm sürdüyü XXI əsrdə belə, Yaponiya bəzi əl işlərini sadəcə iqtisadi fəaliyyət kimi deyil, milli yaddaş kimi qorumağa çalışır.
Venesiyanın qondola ustaları
İtaliyanın Venesiya şəhərini qondolasız təsəvvür etmək çətindir. Amma çox az adam bilir ki, bir qondolanın hazırlanması aylarla vaxt aparır. Üstəlik, bu qayıqlar tam simmetrik deyil. Onların konstruksiyası xüsusi hesablamalar əsasında bir tərəfə daha çox əyilmiş formada hazırlanır ki, qayıqçının tək avarla hərəkəti zamanı tarazlıq qorunsun.
Bu sənətin sirləri əsrlər boyu ustadan şagirdə ötürülüb. Bu gün isə Venesiyada ənənəvi üsulla qondola hazırlayan emalatxanaların sayı çox azalıb. Turistlər qondolada gəzməyi sevirlər. Amma həmin qondolanın arxasında dayanan sənətin nə qədər kövrək vəziyyətdə olduğunu çox vaxt bilmirlər.
Kremonanın skripka ustaları
İtaliyanın Kremona şəhəri musiqi tarixində xüsusi yer tutur. Məhz burada Antonio Stradivari, Quarneri və Amati kimi məşhur ustalar yaşayıblar. Onların hazırladığı skripkaların səsi bu gün də musiqi dünyasında əfsanə hesab olunur.
Əsrlər keçsə də, müasir texnologiya həmin alətlərin səsini tam təkrarlaya bilməyib. Maraqlıdır ki, skripka ustalarının işində istifadə olunan üsulların bir hissəsi heç vaxt tam şəkildə yazıya alınmayıb, bəzi sirlər yalnız emalatxanada öyrədilib. Taxtanın seçilməsi, qurudulması, lakın hazırlanması, səs rezonansının hiss olunması kimi məsələlər laboratoriyada deyil, ustanın yanında öyrənilən biliklərdir.
Bu gün Kremonada həmin ənənəni yaşatmağa çalışan məktəblər fəaliyyət göstərsə də, sənətşünaslar etiraf edirlər ki, belə peşələrin gələcəyi həmişə risk altındadır. Çünki sürətli dünyada uzun illər tələb edən sənətlərə maraq azalır.
Kitab cildçiləri və kağızın keşiyində duran insanlar
Bəlkə də dünyanın ən görünməz peşələrindən biri kitab cildçiliyidir. Muzeylərdə və kitabxanalarda qorunan neçə əsrlik əlyazmaların arxasında məhz onların əməyi dayanır. Köhnə kitabın bərpası sadəcə yapışqan vurmaq deyil. Bəzən bir səhifənin bərpası saatlarla, hətta günlərlə vaxt aparır. Cildçi əvvəlcə kağızın növünü müəyyən edir. Sonra uyğun material seçir. Daha sonra əsərə zərər vermədən onu möhkəmləndirməyə çalışır. Bu iş səbir, diqqət və böyük məsuliyyət tələb edir. Çünki bir səhv hərəkət yüzillik irsi məhv edə bilər.
Hətta rəqəmsallaşma dövründə belə bu peşə hələ də əvəzolunmazdır. Elektron surət kitabın məzmununu qoruyur. Amma orijinal əlyazmanın özünü yaşadan yenə insan əlləridir.
Süni intellekt və yeni yox olmaq təhlükəsi
Əvvəllər peşələri fabrik maşınları sıradan çıxarırdı. Bu gün isə vəziyyət bir qədər fərqlidir. İndi kompüterlər yalnız fiziki işi deyil, zehni işi də yerinə yetirməyə başlayıb. Mətn yazan proqramlar, şəkil yaradan alqoritmlər, avtomatik tərcümə sistemləri, mühasibat proqramları, hüquqi sənədləri analiz edən süni intellekt modelləri artıq həyatımızın bir hissəsidir.
Bu dəyişiklik yeni suallar yaradır. Gələcəyin hansı peşələri təhlükə altındadır? Bəzi ekspertlər hesab edirlər ki, yaxın onilliklərdə rutin və təkrarlanan işlər daha çox risk daşıyacaq. Digərləri isə bildirirlər ki, texnologiya bütün peşələri məhv etmir, sadəcə onları dəyişdirir.
Əslində tarixə baxanda da bunu görürük. Fotoaparat rəssamlığı, televiziya radionu, internet kitabları tarixdən silə bilmədi. Lakin onların hamısını dəyişdirdi. Bəlkə də süni intellekt dövründə əsas məsələ hansı peşənin yox olması deyil, insanın özünü yenidən necə kəşf etməsidir.
Ən ağır həqiqət isə budur ki, bəzi peşələr bazar olmadığı üçün deyil, onu davam etdirəcək insan tapılmadığı üçün yox olurlar.
İnternet ustadın yerini tuta bilərmi?
Müasir dövrdə istənilən sənətin videodərslərini internetdə tapmaq mümkündür. Bir neçə dəqiqə ərzində ayaqqabı tikməyin, mis qab cilalamağın, xalça toxumağın və ya ağac oymağın əsas qaydalarını izləmək olar. Amma heç bir video ustanın bir cümləsini əvəz etmir. Usta şagirdə təkcə işi yox, həmçinin düzgün baxmağı, səbirli olmağı, səhvi hiss etməyi öyrədir. Bilik kitabdan, sənət isə insandan öyrənilir.
Məhz buna görə dünyanın bir çox ölkəsində peşə məktəbləri ilə yanaşı, ustad-şagird ənənəsini yaşatmaq üçün xüsusi proqramlar hazırlanır. Çünki bəzi sənətlər yalnız praktikada yaşayır.
Əl əməyinin qiyməti niyə artır?
Ən maraqlı cəhətlərdən biri də odur ki, bir peşə gündəlik həyatdan çəkildikcə, onun məhsulu daha qiymətli olmağa başlayır. Əllə toxunmuş xalça maşın istehsalından qat-qat baha satılır. Əl ilə hazırlanmış skripka fabrik məhsulundan daha yüksək qiymətləndirilir. Əl işi keramika, zərgərlik, dəri məmulatları dünyanın hər yerində xüsusi dəyər qazanır. Hətta adi məhsullarda, məsələn, oyuncaqlarda belə "əl işidir" deyib baha satırlar.
Bəlkə də buna görə son illərdə dünyanın bir çox ölkəsində insanlar yenidən əl işlərinə maraq göstərməyə başlayıblar. Gənclər dulusçuluq kurslarına yazılır, ağac oymağı öyrənir, toxuculuq və tikmə ilə məşğul olurlar. Bu, sadəcə hobbi deyil. Bu, sürətə alışmış dünyanın yavaşlamaq cəhdidir.
Texnologiyanı günahlandırmaq asandır. Amma məsələ texnologiyanın özündə deyil. Çünki tarix boyu hər dövr öz yeniliyini gətirib. Ancaq dünya göstərdi ki, yeni texnologiya köhnəni həmişə məhv etmir, ona yeni rol verir.
Bu gün də məsələ süni intellektin və ya robotların hansı peşəni əvəz edəcəyində deyil. Əsas sual budur ki, insan hansı bacarığını heç bir texnologiyaya təhvil verməməlidir? Cavab isə, yəqin ki, yaradıcılıqda, təxəyyüldə, empatiyada və əl əməyinin yaratdığı o görünməz dəyərdə gizlənir.
Bir xalqın mədəniyyəti yalnız yazdığı kitablarla deyil, hazırladığı əşyalarla da ölçülür. Hər ilmədə, hər oyma naxışında, hər çəkic zərbəsində nəsillərin topladığı təcrübə yatır. Çünki bəzi peşələr iqtisadiyyatı yox, mədəniyyəti yaşadır. Onları itirəndə isə sadəcə bir işi deyil, özümüzdən bir parçanı itirmiş oluruq.