Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 yanvar, AZƏRTAC
İspanların təxminən 75,5 faizi ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasətdən müəyyən qədər narahatdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat DYM sosioloji tədqiqat kampaniyasının “20Minutos” qəzeti üçün apardığı sorğunun nəticələrində əksini tapıb.
“Vətəndaşların 75,5 faizi keçmiş maqnatın (Tramp - red.) rəhbərliyi ilə ABŞ-ın yürütdüyü kursdan narahat olduqlarını bildiriblər. Üstəlik, narahatlıq səviyyəsi bir il ərzində 20 faizdən çox artıb: 2025-ci ilin yanvar ayında bu rəqəm 54,6 faiz olub”, - deyə qəzet yazır.
Eyni zamanda, respondentlərin 8,5 faizi Tramp administrasiyasının beynəlxalq məsələlərə müsbət təsir göstərəcəyinə ümid etdiklərini bildiriblər. Bir il əvvəl isə bu göstərici 12,4 faiz təşkil edirdi.
Siyasi üstünlüklər baxımından, Trampın siyasətindən ən çox narahat olanlar solçu partiyaların tərəfdarlarıdır. Belə ki, hakim İspaniya Sosialist İşçi Partiyasının və solçu “Sumar” blokunun seçiciləri arasında həmin göstərici müvafiq olaraq 80 faizdən çox və təxminən 94 faizdir.
Sorğu yanvarın 14-18-də 1000 nəfər İspaniya vətəndaşı arasında aparılıb.