Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 2 fevral, AZƏRTAC
Ukraynalıların əksəriyyəti (65 faiz) müharibəyə lazım olan qədər dözməyə hazırdır. Ən yüksək hazırlıq Kiyevdə qeydə alınıb – 72 faiz.
Bu barədə AZƏRTAC Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) sorğusunun məlumatlarına istinadla xəbər verir.
Nəticələrə görə, ukraynalıların 65 faizi müharibəyə lazım olan qədər dözməyə hazır olduqlarını bildiriblər. Sorğuda iştirak edənlərin 17 faizi isə münaqişənin yalnız yarım il və ya bir neçə ay davam etməsinə tab gətirə biləcəklərini düşünür.
Əvvəlki aylarla müqayisədə ukraynalıların əhvali-ruhiyyəsi sabit qalır, belə ki, 2025-ci ilin dekabr və sentyabr aylarında müharibəyə “lazım olan qədər” dözməyə hazır olanların payı hər dəfə 62 faiz olub.
Rusiyanın humanitar fəlakət yaratmaq cəhdlərinə baxmayaraq, vətəndaşların əksəriyyəti qəbul edilə bilən nəticə əldə olunana qədər müqavimətin davam etdirilməsinə köklənib.
Regionlar üzrə ukraynalıların müharibəyə tab gətirmə göstəricisi belədir: Kiyev – 72 faiz; Qərb – 66 faiz; Mərkəz və Şimal (Kiyev istisna olmaqla) – 64 faiz; Cənub – 64 faiz; Şərq – 58 faiz.
Uzun müddət müharibəyə tab gətirməyə hazır olmayanlar daha çox aşağıdakı səbəbləri göstəriblər: yaxınlarının həyatına təhlükə və insanların həlak olması – 29 faiz, atəşə tutulmalar və dağıntılar – 17 faiz, iqtisadi problemlər – 17 faiz, elektrik və istilik təchizatında fasilələr – 15 faiz, psixoloji yorğunluq – 10 faiz.
Ümumilikdə, KBSİ-nin hesablamalarına görə, yetkin əhalinin cəmi 5 faizi enerji təchizatı ilə bağlı problemlərə görə müharibəyə dözməyə hazır deyil.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev