Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 29-30-da Xızı rayonunda şose velosipedi üzrə ölkə çempionatının qrup ötüşməsi yarışları keçirilib. Çətin dağ relyefi və gərgin mübarizə şəraitində baş tutan yarışda 4 yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.
Gənc oğlanların 96 kilometr məsafəyə yarışında Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi Nihad Xudoyev qalib olub. Həmin məktəbin digər nümayəndəsi Məryəm Hüseynova 17 yaşadək qızların 40 kilometrlik yarışında finiş xəttini 1-ci keçərək qızıl medala sahib olub.
17 yaşadək oğlanların 70 kilometrlik yarışında “AE Cycling School”un idmançısı Raul Mahmudov, Elit/U23 kişilərin 118 kilometrlik mübarizəsində isə eyni klubun təmsilçisi Musa Mikayılzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bütün ölkə çempionlarına medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xüsusi çempion köynəyi də təqdim edilib.
Qabil YUSİFOĞLU
XQ