Sosial böhran dərinləşir: Avropanı çətin günlər gözləyir

04.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Son günlər bəzi Avropa ölkələrində etirazlar müşahidə olunur. Bu sırada Fransa, İtaliya, İspaniya, Belçika, Niderland və Almaniyada kütləvi etirazlar diqqət çəkir.

Fransada büdcə xərclərinin azaldılması, vergilərin qaldırılması və sosial təminatların ixtisarına qarşı kütləvi aksiyalar və tətillər keçirilir. İtaliyada əhalinin alıcılıq qabiliyyətinin düşməsi və qiymət artımına qarşı müxtəlif şəhərlərdə genişmiqyaslı nümayişlər baş verib. Belçika və Albaniyada sosial gərginlik fonunda, digər Avropa ölkələrində də analoji hökumət əleyhinə aksiyalar və tətillər dalğası müşahidə olunur.

Avropada baş verən kütləvi etirazlardan Bakıvaxtı.az-a danışan politoloq Taleh Əliyev hesab edir ki, bu gün Avropada baş verən sosial narazılıq və siyasi etirazlar kökündən qaynaqlanır. Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var:

“Obyektiv səbəblər sırasında, ilk növbədə, dünyanın digər regionlarında iqtisadi, siyasi, texnoloji inkişafın Avropa bazarlarının kiçilməsinə gətirib çıxarmasını qeyd edə bilərik. Vaxtilə ucuz işçi qüvvəsi adı altında Avropa sənaye müəssisələrinin Çinə və üçüncü dünya ölkələrinə köçürülməsi də buna daxildir. Digər obyektiv səbəb əhalinin yaşlanmasıdır. Gənc işçi qüvvəsi miqrantlar hesabına təmin edilir”.

Müsahibimiz qeyd edib ki, subyektiv məsələlər hazırkı Avropa strukturlarının və dövlət liderlərinin, xüsusilə xarici siyasətdə və qitənin geosiyasi maraqları baxımından atdığı yanlış addımlardır. Dediyinə görə, ən bariz nümunə ucuz Rusiya neft-qazından imtinanın Avropa ölkələrində təbii bahalaşmaya gətirib çıxarmasıdır.

Politoloq bildirib ki, zəngin və sosial cəhətdən yüksək həyat tərzi yaşayan avropalılar artan qiymətlərə etirazını yüksəldir və iqtisadi geriləmə yaşayış şəraitini çətinləşdirir. Avropanın sol düşərgəsini təmsil edən siyasi partiyalar bu gün ənənəvi sosial rifah siyasətini davam etdirə bilmir.

Hərbi xərclərin artmasının roluna gəlincə, həmsöhbətimiz bunun da böyük rolunun olduğunu qeyd edib. T.Əliyev bildirib ki, uzun illər hərbi büdcələrini əsaslı şəkildə azaldan Avropa ölkələri indi sosial rifaha və iqtisadi inkişafa ayırmalı olduğu vəsaiti Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlərə və amerikalı müttəfiqlərinin təzyiqi fonunda hərbi xərclərə yönəldir. Bu, əhalinin həm iqtisadi vəziyyətini çətinləşdirir, həm də alışmadıqları yeni yaşam dövrünə keçidlə bağlıdır.

Son seçkilərdə sağyönümlü partiyaların yüksəlişinin müşahidə olunduğunu deyən müsahibimizə görə, bu, birbaşa proseslərin nəticəsidir:

“Onlar daha çox öz ölkələrini əsas etnosunun vətəni kimi qiymətləndirib miqrantlara qapıları bağlamağa çağırır. Kollektiv Avropaçılıq şüurundan daha çox milli kimliklərini və milli dövlətlərinin maraqlarını üstün tuturlar. Bu kontekstdə siyasi sağın yüksəlişi etirazları daha da sürətləndirir”.

“Bu proses Avropa İttifaqının parçalanmasına gətirib çıxara bilərmi, yoxsa islahatlara yol açacaq” sualını cavablandıran politoloq bu gün üçün bunu söyləməyin çətin olduğunu deyib. Bunu isə Avropada baş verən proseslərin təkcə Avropa daxilində qaynaqlanmaması ilə əlaqələndirib:

“Bu gün bütövlükdə dünya yeni bir düzənə doğru gedir və bu yeni dünya düzəninin nə vaxt formalaşması təkcə Avropanın deyil, bütün dünyanın gələcək müqəddəratını müəyyənləşdirəcək”.

Taleh Əliyev:Bütövlükdə dünya üçün köhnənin demontaj olunması, dağıdılması dövrüdür

Həmsöhbətimiz hesab edir ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq hazırda çöküş mərhələsindədir. Onun fikrincə, dünyanın iqtisadi və texnoloji cəhətdən daha inkişaf etmiş regionu olan Avropanın da bədəl ödəməsi qaçılmazdır. Dediyinə görə, bu münasibətlərin yerini tutan qlobal xaos ayrı-ayrı regionlarda özünü göstərəcək və burada ən çox əziyyət çəkən keçmiş dövrün daha zəngin və dəbdəbəli həyat yaşayan ölkələri olacaq. Bu ölkələrin böyük əksəriyyəti Avropada yerləşdiyindən biz hazırda ən çox xalq etirazlarını Avropada müşahidə edirik.

Digər qitələrdəki vəziyyətə gəlincə, T.Əliyev bildirib ki, dünyanın ayrı-ayrı ölkələrində də son illər mövcud rejimlərə qarşı xalqın ayağa qalxmasının şahidi olmuşuq, amma Ərəb baharından sonra Avropada olduğu qədər kütləvi dövr yaşanmamışdı. Bu, yeni dünya düzənə keçid ərəfəsidir.

Politoloq bu xaosun tezliklə yekunlaşacağını ehtimal etmir:

“Şərqi Avropada Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında yaşanan müharibə vəziyyəti, Uzaq Şərqdə hər an partlamağa hazır olan Tayvan ətrafı proseslər onu deməyə əsas verir ki, qarşıdakı illər daha qlobal müharibələrlə müşahidə olunacaq. Bu müharibələr qlobal çöküşə, faciələrə yol açacaq”.

Həmsöhbətimiz hesab edir ki, dünya üçün daha çətin dövr hələ qabaqdadır. Onun sözlərinə görə, təkcə Avropa İttifaqı üçün deyil, bütövlükdə dünya üçün hələ köhnənin demontaj olunması, dağıdılması dövrüdür. Yeni düzənin qurulması bir müddət sonra baş verəcək.

“Hələlik köhnə dünyanın qayda-qanunlarının parçalanması dövrüdür. Yeni düzənə qədər bu xaosun daha irimiqyaslı müharibə ilə əvəz olunması mərhələsi yaşanacaq. Yeni dövrdə Avropa İttifaqınən daha da genişlənəcəyi və ya ayrı-ayrı dövlətlər kimi varlığını davam etdirəcəyi yeni dünya düzəninin institusionallaşmış strukturları meydana çıxandan sonra aydın olacaq”, - Taleh Əliyev qeyd edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью