Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1197 məktəbə səfər edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentlik və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində 4755 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb.
Vəziyyəti daha riskli hesab olunan 1909 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 429 uşağın dərsə davamiyyəti bərpa olunub.
Baxımsız, kimsəsiz uşaqlar isə Agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan uşaqlara loqopedik xidmətlər göstərilib.
Bu xidmət məktəblilərə və onların ailələrinə sosial xidmətlər göstərməklə uşaqların uğurlarının dəstəklənməsini, onların sosial müdafiəsini təmin edir.
Həmçinin aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin