“Sosial jurnalistika” təlimi

29.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün 10-cu "Smart media və sosial trend analizi" mövzusunda növbəti "Sosial jurnalistika" təlimi təşkil olundu. Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımovun apardığı məşğələdə ölkənin 20 informasiya qurumundan media təmsilçiləri iştirak edirdilər.

Maarifləndirici sessiyada müasir media mühitində rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının jurnalistikaya təsiri, məlumatların düzgün təhlili və ictimai rəyin formalaşmasında sosial mövzuların roluna dair geniş təqdimatlar keçirildi. İştirakçılar sosial siyasət sahəsində məlumatların operativ, eyni zamanda, statistik göstəricilər, analitik yanaşmalar və etibarlı mənbələr əsasında oxucuya çatdırılmasının əhəmiyyəti barədə məlumatlandırıldılar. İnformasiyanın etibarlılığının qiymətləndirilməsi, statistik göstəricilərin düzgün şərhi, rəqəmsal alətlərdən səmərəli istifadə, sosial şəbəkələrdə yaranan xəbər axınının təhlili və dezinformasiyanın müəyyənləşdirilməsi üsulları da təlim zamanı müzakirə olundu.

Jurnalistlərlə süni intellektdən jurnalistika fəaliyyətində səmərəli və məsuliyyətli istifadə məsələləri də izah edildi. Bildirildi ki, süni intellekt məlumatların emalı, böyük həcmli informasiyanın qısa müddətdə sistemləşdirilməsi və rutin tapşırıqların avtomatlaşdırılması baxımından mühüm imkanlar yaratsa da, məlumatın yoxlanılması, redaktəsi və yekun qərarın verilməsi hər zaman jurnalistin məsuliyyətində qalır. Eyni zamanda, süni intellektə verilən tapşırıqların dəqiq və məqsədyönlü formalaşdırılması, ondan konkret peşəkar baxış bucağından nəticə əldə edilməsinin yolları barədə praktiki nümunələr göstərildi.

Mövzunun mənimsənilmə səviyyəsini qiymətləndirmək məqsədilə interaktiv iş sessiyası da keçirildi. İştirakçılar təlimdə müzakirə olunan mövzular üzrə test tapşırıqlarını cavablandıraraq qazandıqları biliklərini yoxladılar. Sınaq mərhələsində əsas diqqət xəbər istehsalında insan amilinin dəyərinə, texnologiyanın hüdudlarına və məlumatla işləmə mədəniyyətinə yönəldildi.

Müzakirə və test tapşırıqlarında əsas məsələlərdən biri rəqəmsal köməkçilərlə işləyərkən doğru istiqamətin müəyyən edilməsi oldu.

Bununla yanaşı, sessiyada texnologiya ilə insan əməkdaşlığında məsuliyyət bölgüsü xüsusi olaraq araşdırıldı.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Fidan ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью