Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əbülfəz Süleymanlı
Professor
[email protected]
İnsanları bir araya gətirmək və ünsiyyəti gücləndirmək vədi ilə həyatımıza daxil olan sosial media bu gün münasibətləri zəiflədən və cəmiyyətin üzvlərini bir-birindən uzaqlaşdıran davranışlara da meydan verir. Aqressiv çıxışların, təhqirlərin və yalan məlumatların böyük sürətlə geniş auditoriyaya çatması bu platformalarda adi hala çevrilib. Bunun ən ağrılı nümunələrindən birini bu günlərdə baş verən yol qəzasından sonra gördük. Bəzi paylaşımlarda diqqət qəzanın səbəblərindən həlak olanların şəxsi həyatına yönəldi. Biz nə vədə bu hala gəldik ki, hətta gənclərin həyatını itirdiyi faciələrdən sonra da onların arxasınca bilib-bilmədən danışır, yazdıqlarımızın yas içində olan ailələrin dərdinə bir dərd də əlavə edə biləcəyini düşünmürük?
Gün keçmir ki, sosial mediada hansısa hadisə kütləvi qınağa səbəb olmasın. Hadisənin təfərrüatları aydınlaşmamış onun iştirakçıları haqqında qəti fikirlər səslənir. Eyni iddia müxtəlif səhifələrdə təkrarlandıqca onun ilkin mənbəyi gözdən itir. Müzakirəyə sonradan qoşulan adam əvvəlki şərhlərə baxıb hamının eyni qənaətdə olduğunu düşünür. Beləliklə, bir nəfərin fərziyyəsi yüzlərlə adamın təkrarladığı hökmə çevrilir. Hər kəs bu müzakirəyə cəmi bir cümlə əlavə etdiyini düşünə bilər, amma hədəfdə olan adam və onun yaxınları həmin cümlələrin təsirini birlikdə yaşayırlar.
Başqasının şəxsi həyatı barədə danışmaq sosial şəbəkələrdən əvvəl də vardı. Bu gün dəyişən sözün yayılma miqyası və yayıldıqdan sonra hansı məqsədlə istifadə olunacağına nəzarət imkanımızdır. Dar çevrədə bölüşülmüş bir fotoşəkil əvvəlki kontekstindən ayrılaraq minlərlə adamın qarşısına çıxa və bütöv bir həyat haqqında hökm vermək üçün istifadə oluna bilər. Şəxsi həyatın toxunulmazlığı insanın özü haqqında nəyi, kiminlə və hansı şəraitdə bölüşəcəyinə qərar vermək haqqını da əhatə edir. Bir görüntünün hamı üçün əlçatan olması onun yenidən yayılmasını hər vəziyyətdə əsaslandırmır.
Bu prosesdə xəbər saytlarının da məsuliyyəti var. Sosial şəbəkədə səslənən bir iddia xəbər başlığına çıxanda redaksiyanın adı ona əlavə etibar qazandıra bilər. İddia sonradan təkzib edilsə belə, oxucunun yadında ilk gördüyü başlıq qala bilər. Burada meyar məlumatın ictimai əhəmiyyətidir. Yol qəzasının səbəblərini araşdırmaq, yol təhlükəsizliyi və aidiyyəti qurumların fəaliyyəti barədə suallar vermək cəmiyyətin məlumat almaq haqqına xidmət edir. Həlak olanların şəxsi həyatına dair ehtimalları başlığa çıxarmaq isə diqqəti həmin suallardan yayındırır.
Müxtəlif ölkələr bu problemin fərqli tərəflərini hüquqi qaydalarla tənzimləyirlər. Fransada müəyyən şərtlərlə bir neçə nəfərin eyni adamı hədəfə alan davranışları birlikdə qiymətləndirilə bilər. Hər iştirakçı yalnız bir dəfə yazsa belə, onun davranışının davam edən təqibdəki payı nəzərə alınır. Avstraliyada yetkin şəxslərə qarşı ciddi onlayn təqib hallarında şikayət əvvəlcə platformaya göndərilir. Material silinmədikdə və qanuni meyarlar ödəndikdə, zərərçəkən ölkənin onlayn təhlükəsizlik qurumuna müraciət edə bilir. Azərbaycanda Mülki Məcəllə şərəf və ləyaqəti ləkələyən məlumatların müəyyən şərtlərlə məhkəmə qaydasında təkzibini tələb etməyə imkan verir. Marağı olan şəxslərin tələbi ilə insanın şərəf və ləyaqəti ölümündən sonra da müdafiə oluna bilər.
Zərərin qarşısını almaq üçün sosial media savadlılığını da gündəlik davranışa çevirmək lazımdır. Bu, məlumatın ilkin mənbəyini tapmağı, faktı şərhdən ayırmağı və paylaşımın nəticələrini qiymətləndirməyi tələb edir. Məlumatın doğru olması onun yayılması barədə qərarın yalnız bir tərəfidir. Həmin məlumatın ictimai əhəmiyyəti və dərcinin şəxsi həyata təsiri də nəzərə alınmalıdır. Hətta bir şayiəyə etiraz edərkən onun ekran görüntüsünü paylaşmaqla iddianı əvvəllər görməmiş adamlara çatdıra bilərik.
Məktəbdə və universitetdə bu bacarıqları gündəlik nümunələr üzərindən öyrətmək olar. Şagird və tələbələr eyni hadisəyə dair xəbərləri müqayisə edə, bir görüntünün ilk dəfə harada və hansı şəraitdə paylaşıldığını araşdıra bilərlər. Belə bir məşğələnin davamı kimi onlardan hadisəyə dair öz xəbər başlıqlarını yazmaq və hansı məlumatı hansı səbəbdən mətnə daxil etdiklərini əsaslandırmaq istənilə bilər. Bu yolla mənbəni yoxlamaqla yanaşı, ictimai maraqla şəxsi həyatın toxunulmazlığı arasında gündəlik qərarların necə verildiyini də öyrənərlər.
Cəmiyyətin məsuliyyəti ilk paylaşımı edən şəxslə məhdudlaşmır. Redaksiyalar təsdiqlənməmiş iddiaları başlığa daşımamaq, düzəlişləri oxucuya aydın göstərmək və təhqiramiz şərhlərə vaxtında müdaxilə etmək üçün redaksiya qaydaları müəyyənləşdirə bilərlər. Platformalar şikayət prosedurunu sadələşdirə və eyni şəxsi hədəfə alan paylaşımlara baxarkən onların birgə təsirini nəzərə ala bilərlər. İstifadəçi də təhqiramiz paylaşımı öz səhifəsində təkrar yaymadan platformaya bildirə bilər. Bu tədbirlərin məqsədi əsaslı ictimai tənqidə yer saxlayaraq şəxsi hədəfə alan təqibə vaxtında müdaxilə etməkdir.
Xəbərin gündəmdə qalma müddəti ilə bir paylaşımın vurduğu zərərin müddəti fərqlidir. Qəza bir neçə gün sonra xəbər lentindən çəkilə bilər, amma həmin gün yazılan şərh aylar sonra da yas içində olan ailənin qarşısına çıxa bilər. Sosial media savadlılığının etik ölçüsü bu fərqi nəzərə almaqdır. İctimai müzakirə o zaman cəmiyyətə xidmət edir ki, söz demək imkanı dəlilə söykənmək, məhrəmliyə hörmət etmək və yayılan sözün nəticəsinə görə məsuliyyət daşımaqla müşayiət olunsun.