Sosial mənzil alan ailələri daha bir problem gözləyir KONKRET

09.09.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Sosial mənzil sahibi olmaq aztəminatlı və mənzilə ehtiyacı olan ailələr üçün mühüm imkan yaratsa da, mənzilin əldə edilməsindən sonra yaranan xərclər də diqqətdən kənarda qalmamalıdır. Kommunal ödənişlər, nəqliyyat xərcləri, məktəb və iş yerlərinə məsafə, eləcə də ərazidə zəruri sosial infrastrukturun olub-olmaması ailələrin aylıq büdcəsinə ciddi təsir göstərə bilər.

Bəs sosial mənzil vətəndaşı mənzil problemini həll etdikdən sonra digər sosial-iqtisadi çətinliklərlə üz-üzə qoya bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, sosial mənzil proqramı çərçivəsində mənzillərin təqdim olunması ilə yanaşı, vətəndaşların sonrakı yaşayış xərcləri də nəzərə alınmalıdır.

Onun sözlərinə görə, vətəndaş mənzil sahibi olsa da, kommunal, nəqliyyat və digər gündəlik xərclər ailə büdcəsinə əlavə yük yarada bilər:

“Ümumiyyətlə, hazırda sosial mənzillərin verilməsi ilə bağlı müəyyən problemlər yaşanır. Vətəndaş mənzil əldə edə bilər, amma kommunal, nəqliyyat və digər xərcləri də nəzərə almalıdır. Sosial mənzil əldə edilərkən bu istiqamətlərdə seçim imkanları o qədər də geniş deyil.

İnsan uzun müddət kirayədə yaşayıbsa və sosial mənzilə ehtiyacı varsa, həmin mənzili əldə edir. Lakin mənzilin ətrafında iaşə obyektləri, tibb məntəqələri və digər zəruri xidmətlər yoxdursa, bu da öz növbəsində əlavə problem yaradır”.

N.Cəlilin fikrincə, mənzilin iş yerindən uzaqda yerləşməsi də ailənin real xərclərini artıran əsas amillərdəndir. Xüsusilə Bakıda nəqliyyat xərcləri sosial mənzil sahibinin büdcəsinə ciddi təsir göstərə bilər:

“İşlə mənzil arasındakı məsafə də öz sözünü deyir. Mənzillərin əsas hissəsi Bakıda yerləşir və insanların gündəlik xərcləri kifayət qədər yüksəkdir. Məsələn, insan gün ərzində dörd dəfə nəqliyyat dəyişirsə, bu, obyektiv olaraq ailə büdcəsinə təsir edir və gündəlik yaşayış qayğılarını artırır”.

Ekspert kommunal ödənişlərin, xüsusilə qış aylarında, sosial mənzil sahibləri üçün əlavə maliyyə yükünə çevrildiyini vurğulayıb:

“Qış aylarında qaz sərfiyyatı artır, elektrik enerjisindən istifadə də əlavə xərc yaradır. Sosial mənzil alan şəxs üçün bu xərcləri qarşılamaq müəyyən qədər çətindir. Onsuz da mənzil əldə etdikdən sonra kommunal ödənişlər və digər məsələlərlə bağlı əlavə xərclər yaranır”.

Sosioloq hesab edir ki, sosial mənzilin əsas üstünlüyü vətəndaşın kirayə xərclərindən azad olmasıdır. Lakin mənzilin yerləşdiyi ərazidə sosial və nəqliyyat infrastrukturunun mövcudluğu da mühüm şərtdir.

“Sosial mənzilin özünün sosial yükü var. Onun üstünlükləri və çatışmazlıqları mövcuddur. Üstünlüyü odur ki, insan artıq kirayədə yaşamır və nisbətən geniş, rahat şərait əldə edir. Lakin sosial qayğılar yüksəkdirsə, maaş aşağıdırsa, səhiyyə, qidalanma və digər sahələrdə də problemlər meydana çıxır”, – deyə N.Cəlil bildirib.

Ekspert sosial mənzil alan ailələrə əlavə sosial dəstəyin gücləndirilməsini də vacib hesab edir. Onun fikrincə, bu ailələrin məşğulluğunun artırılması və gəlirlərinin yüksəldilməsi istiqamətində xüsusi proqramlar hazırlanmalıdır:

“Dövlətin bu məsələdə sosial dəstəyi gücləndirməsinə ehtiyac var. Həmin insanların məşğulluğunun artırılması ilə bağlı proqramlar işlənə bilər. Ailə qayğısı sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilməlidir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər müvafiq qurumların layihə və proqramlarına ehtiyac var”.

N.Cəlil hesab edir ki, sosial mənzillərin tikintisi zamanı yalnız mənzilin qiyməti və güzəştli şərtlər deyil, vətəndaşın sonrakı yaşayış imkanları da nəzərə alınmalıdır:

“İnsanlar sosial çətinlikləri əsasən iqtisadi amillərlə əlaqələndirirlər. İqtisadi problemlər müəyyən qədər aradan qaldırılsa, sosial mənzil proqramı daha faydalı olar və vətəndaş öz rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Hər bir vətəndaşın şəxsiyyət olaraq varlığı önəmlidir. Ona görə də sosial qayğıları azaltmağın yolları çoxdur”.

Ekspert yeni sosial mənzillərin tikintisi zamanı sosial infrastruktur, iş imkanları və nəqliyyat məsələlərinin əvvəlcədən nəzərə alınmasının vacibliyini də vurğulayıb.

Onun sözlərinə görə, məktəblərə və tibb müəssisələrinə çıxışın təmin edilməsi, nəqliyyat infrastrukturunun adekvat qurulması, eləcə də kommunal xərclərlə bağlı müəyyən güzəştlərin tətbiqi sosial mənzillərin real effektivliyini artıra bilər:

“Yeni mənzillərin tikintisi zamanı sosial infrastruktur və iş imkanları nəzərə alınmalıdır. Nəqliyyat infrastrukturu adekvat şəkildə qurulmalıdır. Məktəblərə məsafə, kommunal ödənişlərlə bağlı müəyyən şərtlər tətbiq oluna bilər. Mənzil və onun ətrafındakı infrastruktur həm yay, həm də qış aylarında dayanıqlı şəkildə fəaliyyət göstərməlidir”.

Beləliklə, sosial mənzil proqramının effektivliyi yalnız vətəndaşa mənzil təqdim edilməsi ilə ölçülməməlidir. Mənzilin yerləşdiyi ərazi, nəqliyyat əlçatanlığı, məktəb və tibb müəssisələrinə məsafə, kommunal xərclər, iş imkanları və ailənin gəlir səviyyəsi də nəzərə alınmalıdır. Əks halda, mənzil problemini həll edən ailə gündəlik yaşayış xərcləri səbəbindən yeni sosial-iqtisadi çətinliklərlə üzləşə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью