Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda aparılan sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib, b artım dinamikası gələn il də davam edəcək.
Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
Vurğulanıb ki, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi icra olunub. Minimum əmək haqqı 3,1 dəfə, orta aylıq əmək haqqı 2,2 dəfə, əmək haqqı fondu 3,4 dəfə, minimum və orta aylıq pensiya 2,9 dəfə, pensiya təminatı üçün illik vəsait 2,3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artıb.
Ölkə Prezidentinin göstərişi ilə gələn il növbəti, 6-cı sosial paket icra olunacaq və sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam edəcək. O cümlədən 1,1 milyon insanı əhatə edən pensiyaların növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.
İclasda Nazirliyin tabeliyindəki qurumların bu ilin 10 ayına dair fəaliyyəti barədə məlumatlar verilib. O cümlədən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma işlərindən, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən dövlət sosial xidmətlər sistemində rəqəmsal həllərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub.
Sosial təminat sisteminin təkmilləşdirilməsi işlərinin cari ildə də davam etdirildiyi, himayədar ailə modelinin tətbiqi prosesinin daha da sadələşdirildiyi qeyd edilib. İcbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu il əmək qanunvericiliyində edilən, sosial-əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edən bir çox dəyişikliklər, habelə bu istiqamətdə hazırlanmış yeni layihələr qeyd edilib.
İclasda cari ilin 10 ayı ərzində qeyd edilən istiqamətlərdə əldə olunan nəticələr təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub. Yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələsinə də baxılıb və daha 294 standart təsdiq edilib.