Sosial problemlər uşaqları müdafiəsiz qoyur Mehriban Zeynalova

04.02.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Zərərli qruplar, narkotik, risklər var, məktəbdən yayınan uşaq təhlükə altındadır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1197 məktəbə səfər edilib. Bu barədə nazirliyin məlumatında bildirilir. Qeyd edilir ki, agentlik və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində 4755 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. "Vəziyyəti daha riskli hesab olunan 1909 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 429 uşağın dərsə davamiyyəti bərpa olunub. Baxımsız, kimsəsiz uşaqlar isə Agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan uşaqlara loqopedik xidmətlər göstərilib. Bu xidmət məktəblilərə və onların ailələrinə sosial xidmətlər göstərməklə uşaqların uğurlarının dəstəklənməsini, onların sosial müdafiəsini təmin edir. Həmçinin aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir", - məlumatda qeyd olunub.

“Təmiz Dünya Qadınlara Yardım” İB-nin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, ailələrlə işləmək uşaqların sosial müdafiəsini təşkil etməkdə böyük əhəmiyyət daşıyır: 

- Uşaq məktəbdən, təhsildən yayınırsa, təhlükənin miqyası artır. Məktəbdən yayınan uşaq müxtəlif qrupların təsiri altına düşə bilər, zərərli vərdişlərə alışqanlıq yaranar, narkotik asılılığı da yarana bilər. Yəni, potensial qurban ola bilər. Bunun qarşısının alınması üçün uşaqların məşğulluğu təmin edilməlidir. İlk növbədə də təhsil almaları. Hər bir uşağın təhsil alması vacibdir. Məktəbdən yayınan uşaqların ailələri barədə məlumat toplanmalı, ailələrlə görüşülməlidir ki, səbəb bilinsin. Və bu istiqamətdə də yardım edilsin. Çox yaxşı haldır ki, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyi “Təhsildə sosial iş” xidməti çərçivəsində 5 minə yaxın uşaqla bağlı qiymətləndirmə aparılıb. Sosial işçilər tərəfindən mindən çox məktəbə səfər edilib. Sosial dəstək mütləq lazımdır. Çünki bəzən sırf sosial problemlər, maddi sıxıntılar səbəbindən uşaqlar təminatsız və nəzarətsiz qalır. Zorakılığa, təhsildən qəsdən yayındırmalara məruz qalan uşaqların müəyyən edilərək təhsilə yönləndirilmələri olduqca vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью