Sosial rifahın yeni maliyyə dayaqları

14.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Fərmanı sosial müdafiənin gücləndirilməsi və maliyyə intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır

Dövlət siyasətinin başlıca məqsədlərindən biri vətəndaşın rifahının, əməkçinin sosial müdafiəsinin və cəmiyyətdə sosial ədalət prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixində imzaladığı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərman xüsusi əhəmiyyət daşıyır.

Sənəd dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə daha dəqiq və şəffaf mexanizm gətirir. Fərmanda nəzərdə tutulur ki, həmin vəsaitlərin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən müəyyən edilmiş qaydada istifadə olunsun. Bu yanaşma büdcədənkənar maliyyə imkanlarının əməyin qiymətləndirilməsinə və çalışanların sosial təminatına yönəldilməsi baxımından mühüm addımdır.

Fərmanda konkret maliyyə hədlərinin müəyyənləşdirilməsi də diqqət çəkir. Belə ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələr hər bir işçi üçün aylıq vəzifə maaşının 1 mislinədək müəyyən edilə bilər. Mükafat və digər ödənişlərin məbləği isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.

Bu rəqəmlərin arxasında mühüm sosial məna dayanır. Əməkçinin əməyinin layiqincə qiymətləndirilməsi onun yalnız maddi vəziyyətinə deyil, işə münasibətinə, məsuliyyətinə və peşəkarlığına da təsir göstərir. Sosial rifah yalnız pensiya və müavinətlərdən ibarət deyil. Layiqli əmək, sabit gəlir, əməyin ədalətli qiymətləndirilməsi və sosial təminat da insan rifahının mühüm göstəriciləridir.

Fərmanın mühüm cəhətlərindən biri də sosial müdafiə ilə maliyyə intizamının paralel şəkildə təmin edilməsidir. Sənədə əsasən, işçilərin sosial müdafiəsinə yönəldilən hissə nəzərə alındıqdan sonra büdcədənkənar vəsaitlərin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək. Bu müddəanın 2027-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.

Beləliklə, yeni mexanizm bir tərəfdən çalışanların sosial müdafiəsinə əlavə imkan yaradır, digər tərəfdən dövlət vəsaitlərinin daha səmərəli, şəffaf və məqsədyönlü idarə olunmasına xidmət edir. Bu isə sosial siyasətlə maliyyə siyasətinin bir-birini tamamladığını göstərir.

Fərmanın 1.1-ci və 1.3-cü bəndlərinin 2026-cı il sentyabrın 1-dən tətbiq edilməsi də sənədin praktik əhəmiyyətini artırır. Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həlli, Maliyyə Nazirliyinə isə müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Əslində, Fərmanın əsas fəlsəfəsi sadə və aydındır: dövlət maliyyəsi nə qədər səmərəli idarə olunursa, onun cəmiyyət üçün yaratdığı sosial nəticə də bir o qədər böyük olur. Büdcədənkənar vəsaitlərə nəzarətin gücləndirilməsi, əməkçilərin sosial müdafiəsi üçün konkret imkanların yaradılması və qalan vəsaitlərin dövlət büdcəsinə yönəldilməsi bu prinsipin mühüm ifadəsidir.

Bu baxımdan Prezident İlham Əliyevin 10 sentyabr tarixli Fərmanı yalnız maliyyə idarəçiliyinə dair sənəd deyil. Sənəd dövlət vəsaitlərinin məsuliyyətli idarə olunması, əməyin qiymətləndirilməsi və sosial rifahın möhkəmləndirilməsi arasında mühüm tarazlıq yaradır. Çünki güclü dövlətin əsas göstəricilərindən biri onun iqtisadi imkanlarını insan kapitalına, layiqli əməyə və vətəndaş rifahına çevirə bilməsidir.

Nəticə etibarilə, dövlət maliyyəsinin şəffaflığı və sosial rifah bir-birindən ayrı anlayışlar deyil. Əksinə, səmərəli maliyyə idarəçiliyi insanın sosial müdafiəsinə, əməyinin qiymətləndirilməsinə və cəmiyyətin gələcəyə inamının möhkəmlənməsinə xidmət edən əsas amillərdən biridir.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью