Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlərdə sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan insanlara yardım yığmaq adı ilə kart hesabları paylaşılır və lazım olan vəsait bu karta yardım etmək istəyən şəxslər tərəfindən köçürülür.
Əsasən də müalicəyə ehtiyacı olan uşaqlar üçün yardım toplanmasına daha çox rast gəlinir.
Maraqlıdır ki, belə yardım toplanması qanunidirmi?
Hüquqşünas Əkrəm Həsənov “Cebheinfo.az”- a bildirib ki, bu cür yardımların toplanması qanunidir və qanunvericilikdə belə yardım göstərilməsinə qadağa yoxdur:
“Bir şəxs digər şəxsə yardım etmək üçün pul toplaya bilər. Aydın məsələdir ki, belə elanların bir qismi doğrudur, digər qismi isə insanları aldadaraq pullarını almaq məqsədi güdür. Hər bir yardım edən şəxs yardım məqsədilə pul ödədiyi şəxsi özü araşdırmalı və həmin şəxsin həqiqətən fırıldaqçı olmadığına əmin olmalıdır”.
Bəs yardım adı ilə belə pul toplayan şəxslərə müvafiq qurumlar tərəfindən nəzarət edilirmi?
Ekspert bildirib ki, belə nəzarət iki məsələ ilə bağlı ola bilər:
"Birincisi, "çirkli pullar"ın yuyulması ilə bağlı Maliyyə Monitorinqi Xidməti nəzarət edə bilər.
İkincisi isə pulu yığan şəxs həmin vəsaiti təyinatı üzrə istifadə etmirsə, gəlir əldə etmiş sayılır və vergi ödəməlidir. Bu halda isə Dövlət Vergi Xidməti nəzarət edə bilər".
Ekspert qeyd edir ki, həmin dövlət orqanları əsaslı səbəb olmadan bu hallara nəzarət edə bilmirlər:
"Hər hansı şəxs tərəfindən bu qurumlara şikayət edilə bilər. Məsələn, şəxs pul verib, lakin sonradan məlum olub ki, vəsait yardım məqsədilə istifadə olunmayıb. Bu halda vətəndaş müvafiq dövlət orqanlarına müraciət edə bilər".
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər: kart hesabları Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin