Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Sosial media platformalarında saatlarla vaxt keçirmək, paylaşımları dayanmadan izləmək və başqalarının həyatında baş verənlərdən xəbərdar olmaq istəyi insanlarda psixoloji problemlərə səbəb ola bilər.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar gündəmdən geri qalmaq qorxusunun (FOMO) problemli sosial media istifadəsi, depressiya, narahatlıq və stresslə əlaqəli olduğuna diqqət çəkirlər.
Əvvəllər internet əsasən məlumat əldə etmək və insanlarla ünsiyyət qurmaq üçün istifadə olunurdusa, indi sosial media gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar harada olduqlarını, nə etdiklərini, nə yediklərini və nə aldıqlarını paylaşır, eyni zamanda başqalarının həyatında baş verənləri izləməyə çalışırlar.
Sosial media platformaları istifadəçiləri daha uzun müddət onlayn saxlamaq üçün müxtəlif funksiyalardan istifadə edir. Bildirişlər insanları yenidən platformaya qaytarır, sonsuz sürüşdürmə funksiyası isə onların paylaşımları izləməyə davam etməsinə şərait yaradır.
Lids Universitetinin Media və Kommunikasiya fakültəsinin müəllimi Ludmila Lupinacci bildirib ki, sosial media platformalarının interfeysləri istifadəçilərin orada keçirdikləri vaxtı və qarşılıqlı əlaqəni artırmaq məqsədilə hazırlanır. Onun sözlərinə görə, insanlar bəzən gündəmdə olan mövzulardan geri qalmamaq, müzakirələrin bir hissəsi olmaq və paylaşımlarının daha çox insana çatmasını təmin etmək üçün dərhal paylaşım etmək ehtiyacı hiss edirlər.
Tədqiqatçı qeyd edib ki, platformaların tövsiyə sistemləri mübahisə doğuran və kəskin reaksiyalara səbəb olan məzmunları ön plana çıxara bilər. Bu isə istifadəçilərin diqqətini daha uzun müddət platformada saxlaya bilər.
Sosial media şirkətləri üçün bəyənmələr, paylaşımlar, baxışlar və şərhlər iqtisadi dəyər daşıyan göstəricilərdir. İstifadəçilərin maraqları və davranışları statistik məlumatlara çevrilir, onların platformada keçirdikləri vaxt isə şirkətlərin gəlir əldə etməsində mühüm rol oynayır.
ABŞ-ın Toledo Universitetinin psixologiya professoru Con D. Elhai və həmkarlarının araşdırmasında da gündəmdən geri qalmaq qorxusunun problemli sosial media istifadəsi ilə əlaqəsi araşdırılıb.
Tədqiqatçılar FOMO-nu insanın özünün iştirak etmədiyi, lakin başqalarının maraqlı və məmnunluq doğuran təcrübələr yaşaya biləcəyi ilə bağlı narahatlıq, eləcə də başqalarının nə etdiklərini daim izləmək istəyi kimi izah edirlər.
Araşdırmada 18-25 yaşlı universitet tələbələri iştirak edib. Nəticələrə əsasən, bu qorxusu yüksək olan insanlar narahatlıqlarını azaltmaq üçün smartfon və sosial mediadan daha çox istifadə etməyə meyilli ola bilərlər. Beləliklə, başqalarının həyatında baş verənləri qaçırmamaq istəyi sosial mediadan istifadənin problemli xarakter almasına şərait yarada bilər.
Gülər
"Cebheinfo.az"
Açar sözlər: Sosial şəbəkələr
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin