Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Müasir dövrdə sosial şəbəkələr insanların yalnız ünsiyyət vasitəsinə deyil, həm də başqalarının həyatını izlədiyi, uğurlarını, maddi imkanlarını və gündəlik yaşam tərzini müqayisə etdiyi platformalara çevrilib.
Xüsusilə “Instagram” və “TikTok” kimi platformalarda insanların səyahətləri, bahalı alış-verişləri, karyera nailiyyətləri, şəxsi münasibətləri və dəbdəbəli həyat tərzlərini nümayiş etdirməsi izləyicilərdə öz həyatlarına fərqli gözlə baxmaq meyli yaradır. Nəticədə bəzi insanlar başqalarının əldə etdikləri ilə öz imkanlarını müqayisə edir, həyatlarında çatışmayan məqamları daha çox görməyə başlayırlar. Bu isə narazılıq, özünə inamsızlıq, geridə qalmaq və uğursuzluq hissini gücləndirə bilər. Halbuki sosial şəbəkələrdə nümayiş olunan həyat çox vaxt reallığın yalnız seçilmiş və idealizə edilmiş hissəsidir.
Bəs insanlar niyə başqalarının həyatı ilə öz həyatlarını müqayisə etməyə bu qədər meyillidir?
Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, insanın özünü başqaları ilə müqayisə etməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, hər kəs başqalarının həyatına deyil, öz inkişafına və biliklərinin artırılmasına diqqət yetirməlidir. Ekspert qeyd edib ki, insan daim öz üzərində işləməli, müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirməlidir:
“Fərqi yoxdur, insan hansı sahə ilə məşğuldur. Bu gün tarixi bilirəmsə, sabah elektrotexnikanı öyrənməyim niyə pis olsun? Əsas məsələ insanın özünü inkişaf etdirməsidir. Başqasının uğurundan motivasiya almaq da pis deyil, ancaq həmin uğurun həqiqi uğur olub-olmadığını müəyyənləşdirmək lazımdır. Məsələn, bir insan dünən “Mercedes”, bu gün isə “Peugeot” sürürsə, bunu avtomatik uğur hesab etmək olmaz. Çünki həmin şəxsin bu imkanları hansı mənbədən əldə etdiyini bilmirik”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Sosial şəbəkələr Əhməd Rəhmanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin