“Sosial şəbəkələr nə tamamilə təhlükəli, nə də faydalı vasitədir”

02.02.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Fransa Milli Assambleyasının 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasına dair qanun layihəsini qəbul etməsi müasir rəqəmsal mühitin uşaqların psixoloji, sosial və davranış inkişafına təsiri ilə bağlı beynəlxalq elmi yanaşmalarla uyğunluq təşkil edir. Tədqiqatlar göstərir ki, sosial şəbəkələr yeniyetmələr üçün bir tərəfdən informasiya əldə etmək və ünsiyyət imkanları yaratsa da, digər tərəfdən zorakılıq, kibertəzyiq, zərərli vərdişlərin təbliği və riskli davranışlarla qarşılaşma ehtimalını artırır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva söyləyib.

M.Mehdiyeva bildirib ki, qlobal statistik göstəricilər bu təsirin miqyasını açıq şəkildə ortaya qoyur: “Dünya üzrə sosial şəbəkə istifadəçilərinin sayı təxminən 5 milyarda yaxınlaşır və onların mühüm hissəsini azyaşlılar və yeniyetmələr təşkil edir. Beynəlxalq hesabatlara əsasən, 13–15 yaş qrupunda olan uşaqlar gündə orta hesabla bir neçə saatını sosial platformalarda keçirir. Bu da bir sıra hallarda emosional gərginlik, diqqət dağınıqlığı və davranış pozuntuları ilə əlaqələndirilir. Eyni zamanda, sosial şəbəkələrin düzgün strategiya əsasında istifadə edildikdə ciddi maarifləndirici və preventiv potensiala malik olduğu da elmi araşdırmalarla təsdiqlənir. Sorğular göstərir ki, gənclərin əhəmiyyətli bir hissəsi sağlam həyat tərzi, psixoloji dəstək imkanları və zərərli vərdişlərin fəsadları ilə bağlı ilkin məlumatları məhz sosial platformalar vasitəsilə əldə edir. Bu baxımdan “Talk to Frank” kimi beynəlxalq təşəbbüslər sosial medianın narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə effektiv kommunikasiya vasitəsi kimi rolunu aydın şəkildə nümayiş etdirir”.

Ekspert vurğulayıb ki, Azərbaycan kontekstində də rəqəmsal mühitin uşaqlar və gənclər üçün yaratdığı risklərə qarşı institusional mexanizmlər formalaşdırılıb: “Sosial şəbəkələrdə zorakılıq, psixoloji təzyiq və ya riskli davranışlarla üzləşən uşaqlar üçün “860 – Uşaq Qaynar Xətti” fəaliyyət göstərir və bu xətt vasitəsilə operativ psixoloji və sosial dəstək göstərilir. Bununla yanaşı, narkotik vasitələrin yayılması və istifadəsi ilə bağlı hallarda, həmçinin profilaktik məlumat almaq və müraciət etmək məqsədilə “802 – Narkmaniya ilə Mübarizə Qaynar Xətti” vətəndaşlar üçün mühüm dəstək mexanizmi rolunu oynayır. Təcili təhlükə hallarında isə hüquq-mühafizə orqanlarının 102 xidməti uşaqların və gənclərin təhlükəsizliyinin təmin edilməsində əsas müdaxilə vasitəsidir. Bu cür qaynar xətlərin mövcudluğu sosial şəbəkələrin yaratdığı risklərin azaldılmasında yalnız qadağalara deyil, vaxtında müdaxilə, məlumatlandırma və psixoloji dəstəyə əsaslanan yanaşmanın daha səmərəli olduğunu göstərir. Xüsusilə zərərli vərdişlərin sosial şəbəkələr üzərindən təbliği fonunda 802 qaynar xəttinin fəaliyyəti preventiv mexanizm kimi mühüm əhəmiyyət kəsb edir”.

O əlavə edib ki, nəticə etibarilə, Fransada qəbul edilən qanun layihəsi Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müzakirələr üçün əhəmiyyətli analitik baza yaradır: “Mövcud statistik göstəricilər və milli təcrübə sübut edir ki, sosial şəbəkələr nə tamamilə təhlükəli, nə də tamamilə faydalı vasitədir. Onların cəmiyyətə təsiri birbaşa istifadə mədəniyyəti, nəzarət mexanizmləri və mövcud dəstək infrastrukturunun effektivliyindən asılıdır. Bu baxımdan əsas məqsəd qadağalar deyil, uşaqların və gənclərin təhlükəsizliyini təmin edən, maarifləndirici və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılması olmalıdır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью