Sosial şəbəkələr psixologiyamıza necə təsir edir?

16.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi insanların bir-birinin həyatını izləmək imkanlarını xeyli artırıb.

İstifadəçilər bu platformalarda əsasən xoşbəxt anlarını, uğurlarını, səyahətlərini və maddi imkanlarını nümayiş etdirirlər.

Lakin təqdim olunan bu ideal həyat görüntüləri reallığın yalnız bir tərəfini əks etdirir.

Başqalarının həyatını öz həyatı ilə müqayisə edən insanlarda zamanla narazılıq, özünü uğursuz hesab etmək və özgüvən itkisi yarana bilər.

Bəs bu tendensiya insanların psixoloji vəziyyətinə necə təsir edir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, başqalarının nümayiş etdirdiyi həyat cəlbedicidir: 

“İnsan bəzən bunun reallığı əks etdirmədiyini bilə-bilə həmin görüntüləri özünə nümunə götürür. Bu, özünü aldatmağın müasir formasıdır. İnsan başqasının seçilmiş görüntülərini öz gündəlik reallığı ilə müqayisə edir. Nəticədə öz həyatını olduğundan daha uğursuz hesab edir.

Uğur fərdidir, xoşbəxtlik subyektiv hissdir, ideal həyat isə mövcud deyil. Sosial şəbəkələrdə gördüyümüz həyat bütöv reallıq deyil, təqdim edilmək üçün seçilmiş hissədir. İnsan başqasının nümayiş etdirdiyi həyatın arxasınca qaçarkən öz həyatının dəyərini itirir.

İnsan özünü başqaları ilə deyil, keçmişdəki özü ilə müqayisə etməlidir. Çünki hər kəsin başlanğıc nöqtəsi, imkanları, resursları və həyat şəraiti fərqlidir. Başqasının hekayəsi sənin həyatının ölçü vahidi ola bilməz.

Müqayisə rəqabət deyil, insanın öz dəyərini başqasının nəticələri ilə ölçməsidir. Bu isə özgüvəni zəiflədir, natamamlıq hissini gücləndirir və insanı öz imkanlarına qarşı korlaşdırır”.

Onun sözlərinə görə, davamlı sosial müqayisə narahatlıq, özündən narazılıq, depressiv əlamətlər, bədən obrazından narazılıq və emosional tükənmə yaradır:

“Bəzi hallarda mövcud depressiyanın ağırlaşmasına da səbəb olur. İnsan başqalarının nailiyyətlərini izlədikcə öz nailiyyətlərini kiçiltməyə başlayır. Ambisiyalı olmaq problem deyil. Problem ambisiyalar naminə öz resurslarını, reallığını və fərdi imkanlarını unutmaqdır”.

Psixoloq qeyd edib ki, başqasının nəticəsinə baxıb özünü uğursuz elan etmək inkişaf deyil, özünə qarşı ədalətsizlikdir:

“İnsan başqasının həyatını təkrarlamağa deyil, öz potensialını reallaşdırmağa çalışmalıdır”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью