Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Son illər texnologiyanın inkişafı ilə birlikdə səhiyyə sahəsində də onlayn xidmətlərin sayı artıb.
Artıq bir çox insan həkim qəbuluna getmədən telefon və ya sosial şəbəkələr vasitəsilə müalicə yazdırmağa üstünlük verir.
"Cebheinfo.az" -ın araşdırmasına görə xüsusilə xaricdə yaşayanlar, rayonlardan paytaxta gəlməkdə çətinlik çəkənlər, həmçinin yol və əlavə xərclərdən yayınmaq istəyən şəxslər bu üsulu daha rahat hesab edir.
Bəzi hallarda onlayn konsultasiya insanlara vaxt qazandırsa da, mütəxəssislər bunun müəyyən risklər yaratdığını bildirirlər.
Çünki həkim düzgün diaqnoz qoymaq üçün xəstəni əyani müayinə etməli, analiz və digər tibbi yoxlamaların nəticələrinə əsaslanmalıdır. Adətən həkim müalicə təyin etməzdən əvvəl analizlər tələb edir və yalnız bundan sonra resept yazır. Onlayn müayinələr zamanı isə bu proses tam şəkildə həyata keçirilmir.
Bəzi xəstəliklər yalnız xəstənin şikayətlərini dinləməklə müəyyən edilə bilməz. Yanlış diaqnoz və ya uyğun olmayan dərman təyinatı isə sonradan daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Xüsusilə sosial şəbəkələr üzərindən tanınmayan şəxslərin həkim məsləhəti adı ilə dərman yazması təhlükəli hesab olunur.
Digər tərəfdən, insanlar bəzən sadə simptomları ciddi qəbul etmədən internet üzərindən müalicə almağa çalışırlar. Halbuki bəzi xəstəliklərin ilkin əlamətləri oxşar olsa da, səbəbləri tam fərqli ola bilər. Bu isə xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxara bilər.
Onlayn konsultasiya yalnız ilkin məsləhət və istiqamətləndirmə üçün faydalı ola bilər. Lakin tam müayinə, analiz və müalicə prosesi həkim nəzarəti altında aparılmalıdır.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin