Sosial şəbəkələrdə nələri paylaşmaq olmaz?

06.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İşə qəbul zamanı namizədin peşəkar bacarıqları, təcrübəsi və təhsil göstəriciləri ilə yanaşı, onun sosial şəbəkələrdəki fəaliyyəti də işəgötürənlərin diqqətini çəkə bilər.

Xüsusilə açıq profillərdə yerləşdirilən paylaşımlar, yazılan fikirlər, istifadə olunan ifadələr və ümumi davranış tərzi namizəd haqqında əlavə təsəvvür yarada bilər.

Bəzi hallarda işəgötürənlər sosial şəbəkələrdəki məlumatları namizədin şirkətin dəyərlərinə və iş mühitinə uyğunluğunu qiymətləndirmək üçün nəzərdən keçirirlər.

Lakin burada şəxsi həyatla işgüzar münasibətlər arasındakı sərhəd məsələsi də ortaya çıxır. 

Bəs namizədin işdənkənar həyatı və şəxsi paylaşımları işə qəbul qərarına təsir edə bilərmi?

İnsan resursları üzrə aparıcı mütəxəssis (HR - "Human Resources") Sevda Quliyeva “Cebheinfo.az”-a bildirib ki, bir çox şirkətlərdə, xüsusilə rəhbər və müştəri ilə birbaşa ünsiyyət tələb edən vəzifələr üzrə namizədlərin açıq sosial şəbəkə profillərinə baxılması geniş yayılmış praktikadır: 

“Bu, namizədin şəxsi həyatını araşdırmaq məqsədi daşımır. Əsas məqsəd təqdim olunan məlumatlarla namizədin peşəkar imicinin uyğunluğunu qiymətləndirmək, ictimai davranışını və şirkətin dəyərlərinə uyğun olub-olmadığını anlamaqdır.

Lakin işə qəbul qərarı yalnız sosial şəbəkədəki paylaşımlara əsaslanmamalıdır. Əsas meyar namizədin peşəkar bilik və bacarıqları, təcrübəsi, kompetensiyaları və vəzifəyə uyğunluğudur.

Şəxsi həyata aid adi paylaşımlar, ailə şəkilləri, səyahət və ya hobbilərlə bağlı paylaşımlar normal hallarda işə qəbuldan imtina üçün əsas hesab edilmir. Hər bir insanın şəxsi həyatı və şəxsi fikirlərinə hörmət edilməlidir.

Lakin bəzi hallar - ayrı-seçkilik, nifrət nitqi və ya zorakılığı təşviq edən paylaşımlar, təhqiramiz və etik normalara zidd davranışlar, keçmiş işəgötürən və ya həmkarlar haqqında qeyri-peşəkar ifadələr, məxfi korporativ məlumatların paylaşılması, qanunazidd fəaliyyətləri təbliğ edən məzmun məhz işəgötürəndə narahatlıq yarada bilər.

HR mütəxəssisləri ilk növbədə namizədin etik davranışını, peşəkar nüfuzunu və şirkətin korporativ dəyərlərinə uyğunluğunu qiymətləndirirlər. Sosial şəbəkələr artıq şəxsi platforma olmaqla yanaşı, peşəkar imicin də bir hissəsinə çevrilib.

Buna görə namizədlərə tövsiyə olunur ki, paylaşdıqları məzmunun etik normalara uyğun olmasına diqqət etsinlər, aqressiv, təhqiramiz və ayrı-seçkilik xarakterli paylaşımlardan uzaq dursunlar, keçmiş iş yerləri, eləcə də rəhbərləri haqqında qeyri-peşəkar rəylər paylaşmasınlar, məxfi məlumatların paylaşılmamasına xüsusi diqqət yetirsinlər, mümkün olduqda peşəkar fəaliyyətlərini, uğurlarını, sertifikatlarını və inkişaflarını əks etdirən məzmun paylaşaraq müsbət peşəkar imic formalaşdırsınlar. 

Bildirim ki, müasir HR yanaşmasında namizəd yalnız sosial şəbəkə fəaliyyəti ilə deyil, bilik, bacarıq, təcrübə, etik davranış və təşkilata verəcəyi dəyərlə qiymətləndirilməlidir”.

O qeyd edib ki, sosial şəbəkələr yalnız ümumi qiymətləndirmənin kiçik bir hissəsini təşkil edir və heç vaxt əsas seçim meyarı olmamalıdır.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью