Sosial şəbəkələrin gəncləri hədəfə alan hücumları

17.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlər sürətlə yayılan sosial şəbəkə axınları xüsusilə bəzi gəncləri və yeniyetmələri ciddi psixi, fiziki sağlamlıq riskləri ilə üz-üzə qoyur. İdeal görünüşə sahib olmaq, diqqət çəkmək istəyənlər özlərini təhlükəyə atmaqdan çəkinmirlər.

Rəqəmsal platformalarda populyarlaşan çağırış tipli videolar gəncləri hündür binaların damında təhlükəli çəkilişlər aparmağa, zərərli maddələrdən istifadəyə və ya qeyri-adi hərəkətlərə sövq edir. Bu isə bir çox hallarda bədbəxt hadisələrlə nəticələnir. Yeni dəbə düşən “sümük sərtləşdirmə” axını buna əyani sübutdur. Sosial şəbəkələrdə verilən məsləhətlərə uyğun olaraq sərt çənə xətti və qabarıq almacıq sümükləri əldə etmək istəyən bəzi şəxslər üzlərinə çəkiclə zərbələr endirərək “gözəllik standartları”na cavab verməyə çalışırlar.

Mütəxəssislərin sözlərinə görə, üz sümüklərinə zərbələr endirmək sümük sınıqları, qanaxma, sinir zədələnməsi və hissiyyat itkisi kimi ağır fəsadlara yol aça bilər. Bəs gəncləri bu addımı atmağa nə vadar edir? Bu davranışların kökündə hansı psixoloji amillər dayanır?

Mövzu ilə bağlı fikirlərini bildirən klinik psixoloq Elvira Tağıyeva söylədi ki, bu cür davranışların arxasında tək bir səbəb deyil, kompleks psixoloji faktorlar dayanır:

– Belə davranışlar yalnız diqqət çəkmək istəyindən irəli gəlmir. Problemin kökündə özünü təsdiqləmə ehtiyacı, həmyaşıdları tərəfindən qəbul olunmaq arzusu, yeniyetməlik dövrünə xas impulsivlik, adrenalin axtarışı kimi daha dərin psixoloji və sosial mexanizmlər dayanır. Yaş qrupundan asılı olaraq motivlər də dəyişir: bəzi gənclər xarici görünüşlərindəki qüsurlarla bağlı daxili narazılıqlarını və komplekslərini bu yolla aradan qaldırmağa çalışır, bəziləri isə rəqəmsal platformalarda fərqlənmək, populyarlıq qazanmaq və “trendə qoşulmaq” üçün sağlamlıqlarını heçə sayırlar.

Xüsusilə son dövrlər geniş yayılmış “sümük sərtləşdirmə” kimi trendlər xarici görünüşə qarşı tənqidi münasibət, sosial şəbəkələrin yaratdığı qeyri-real gözəllik standartlarının təsiri ilə əlaqəli olur. Sosial şəbəkələrdə təqdim edilən süni, filtrlənmiş qeyri-real görünüşlər yeniyetmələrdə xarici görkəmlərindən narazılıq yaradır və özünəinamın azalmasına səbəb olur. Bəzi hallarda onlar görünüşlərini dəyişmək naminə fiziki ağrını və sağlamlıq risklərini gözardı edirlər. Bu hal özünəzərərvermə niyyəti ilə eyniləşdirilməməlidir. Lakin yenə də ciddi psixoloji və fiziki təhlükə daşıyır.

Yeniyetməlik dövründə beynin inkişafı davam edir. Xüsusilə emosiyalara və mükafatlandırma sisteminə cavabdeh olan sahələrin aktivliyi ilə impulsların idarə edilməsi və uzunmüddətli nəticələrin qiymətləndirilməsində iştirak edən prefrontal qabığın yetişməsi arasında fərq mövcuddur. Buna görə də bəzi yeniyetmələr ani həyəcanı, həmyaşıdlarının təsirini və dərhal əldə edəcəkləri sosial mükafatı uzunmüddətli təhlükələrdən üstün tuturlar. Məsələ onların riski anlamamasında deyil, emosional gərginlik, qrup təzyiqi və ani diqqət ehtiyacı təhlükənin obyektiv qiymətləndirilməsinə mane olur.

Müsahibimiz qeyd etdi ki, qarşılıqlı anlayışa söykənən dialoq və vaxtında verilən psixoloji dəstək sayəsində gəncləri rəqəmsal platformalardakı təhlükəli axınlardan uzaqlaşdırmaq mümkündür:

– Valideynlər övladlarında xarici görünüşlə bağlı həddindən artıq narahatlıq, təhlükəli videolara artan maraq, riskli addımları gizlətmək cəhdləri, sosial təsdiqə güclü ehtiyac, qəfil davranış dəyişiklikləri, özünəinamın azalması və təcrid olunma kimi əlamətlərə qarşı diqqətli olmalıdırlar. Əsas diqqət sərt qadağalara deyil, yeniyetmənin psixoloji ehtiyaclarını anlamağa yönəlməlidir. Valideynlər uşaqları qınamadan dinləməli, təhlükəli davranışların nəticələrini başa salmalı, özünəinam hissini möhkəmləndirməli və rəqəmsal platformalardan istifadədə müəyyən sərhədlər müəyyənləşdirməlidirlər.

Belə hallarda bədən obrazı, özünəqiymətləndirmə, impuls nəzarəti, emosional tənzimləmə və həmyaşıd təzyiqinə müqavimət bacarıqları üzərində işləməyi vacib hesab edirəm. Riskli davranışlar təkrarlanırsa və ya özünə zərərvermə ehtimalı varsa, psixoloji qiymətləndirmə və zərurət olduqda uşaq-yeniyetmə psixiatrının konsultasiyası mütləqdir.

Mütəxəssisin də fikirlərindən göründüyü kimi, rəqəmsal dünyanın yaratdığı saxta illüziyalar və qeyri-real gözəllik standartları yeniyetmələrin həm fiziki, həm də psixi sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Gənclərin “trend”ə qoşulmaq xatirinə özlərinə xəsarət yetirməsi, sadəcə, anlıq həvəs və ya diqqət çəkmək istəyindən deyil, psixoloji ehtiyaclardan və özünə inamsızlıqdan qaynaqlanır.

Bu cür neqativ meyillərin qarşısı isə anlaşma və empatiyaya əsaslanan sağlam dialoq, rəqəmsal savadlılıq, maarifləndirmə və vaxtında göstərilən peşəkar psixoloji dəstəklə alına bilər. Unutmayaq ki, sağlam gənclik güclü dövlətin və xalqın qarantıdır.

Elenora HƏSƏNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью