Sosial xidmət müəssisələrində qayda dəyişdi QƏRAR

10.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasında dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinə şəxslərin yerləşdirilməsi ilə bağlı qaydalar dəqiqləşdirilib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin 9 sentyabr tarixli qərarı ilə dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin fəaliyyətini tənzimləyən Nümunəvi Nizamnaməyə dəyişiklik edilib.

Dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, bundan sonra sənədlərdə şəxslərin sosial xidmət müəssisələrinə “qəbul edilməsi” deyil, “yerləşdirilməsi” ifadəsindən istifadə olunacaq.

Bununla yanaşı, müəssisələrin vəzifələri də daha aydın şəkildə müəyyənləşdirilib. Belə ki, müəssisə yalnız şəxsin orada yerləşdirilməsini təmin etməyəcək. Həmçinin şəxsin müəssisəni tərk etməsi və ona sosial xidmət göstərilməsi də müəssisənin təmin etməli olduğu proseslər sırasına daxil edilir.

Qərarla Nümunəvi Nizamnamənin bir sıra müddəalarında “qəbul edilmiş” ifadəsi “yerləşdirilmiş” ifadəsi ilə əvəzlənib.

Digər dəyişikliklə isə müəssisələrin şəxsləri qəbul etməsi ilə bağlı müddəa yenilənib. Yeni redaksiyaya əsasən, müəssisənin vəzifəsi şəxslərin müəssisəyə yerləşdirilməsini, müəssisəni tərk etməsini və sosial xidmət almasını təmin etmək olacaq.

Həmçinin müəssisə rəhbərliyinin vəzifələrinə dair müddəada da “qəbul” ifadəsi çıxarılaraq şəxslərin müəssisəyə yerləşdirilməsi, müəssisəni tərk etməsi və sosial xidmətin göstərilməsi ayrıca qeyd edilib.

Beləliklə, dəyişiklik sosial xidmət müəssisəsində şəxsin yalnız müəssisəyə götürülməsi məsələsini deyil, onun müəssisəyə yerləşdirilməsindən oradan çıxmasına və bu müddət ərzində sosial xidmətlə təmin olunmasına qədər olan prosesi daha dəqiq ifadə edir.

Qərar Baş nazir Əli Əsədov tərəfindən 9 sentyabr 2026-cı ildə imzalanıb.

T.İSMAYIL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью