Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial xidmətlər cəmiyyətin rifahının təmin edilməsində mühüm rol oynayan əsas mexanizmlərdən biridir. Dövlət tərəfindən göstərilən keyfiyyətli xidmət əhalinin təhsil, səhiyyə, məşğulluq və sosial təminat hüquqlarının həyata keçirilməsinə şərait yaradır, ayrı-seçkiliyin qarşısının alınmasına, sosial ədalətin möhkəmləndirilməsinə və insan hüquqlarının təmin olunmasına mühüm töhfə verir.
Müasir sosial siyasətin əsas istiqamətlərindən biri də həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasının təmin olunması və hüquqlarının qorunmasıdır. Müsahibimiz Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədr müavini Faiq Ağayev XQ-yə bunlar barədə açıqlamasında bildirdi:
– Sosial xidmətlərin səmərəli təşkili həssas əhali qruplarının hüquqlarının təmin edilməsinin və onların cəmiyyətə inteqrasiyasının əsas mexanizmlərindən biridir. Bu xidmətlərin məqsədi yalnız şəxsin gündəlik ehtiyaclarını qarşılamaq deyil, həm də onun sosial müdafiəsini və cəmiyyət həyatında fəal iştirakını dəstəkləməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətində vətəndaşın ehtiyacının düzgün qiymətləndirilməsi, ona uyğun xidmətin müəyyənləşdirilməsi və xidmətə əlçatanlığın təmin olunması əsas prinsiplərdəndir. Xidmətlərin səyyar, yarımstasionar və stasionar formada təşkili müxtəlif ehtiyacları olan şəxslərə fərdi yanaşmağa imkan verir. Bu yanaşma sosial ədalət və inklüzivlik prinsiplərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edir.
Sosial xidmətlərin vahid standartlar əsasında təşkili onların keyfiyyətinin, davamlılığının və bütün vətəndaşlara eyni prinsiplərlə göstərilməsinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Həssas qruplara xidmət göstərən müəssisələrdə yanaşmanın şəxsin yaşına, sağlamlıq vəziyyətinə, sosial statusuna və fərdi ehtiyaclarına uyğun qurulması vacibdir. Bu baxımdan Agentliyin tabeliyində müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış sosial xidmət müəssisələri və reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Burada uşaqlar, ahıllar, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün müvafiq xidmətlər təşkil edilir. Müasir sosial reabilitasiya metodlarının və qabaqcıl təcrübələrin tətbiqi də xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Sosial xidmətlərdən xüsusi qayğıya ehtiyacı olan həssas əhali qruplarının yararlandığını qeyd edən müsahibimiz dedi:
– Bu kateqoriyalara ahıllar, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələr, eləcə də çətin həyat şəraitində yaşayan şəxslər daxildir. Bununla yanaşı, Agentliyin fəaliyyətində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, insan alveri qurbanları və digər qruplarla bağlı xidmət istiqamətləri də mühüm yer tutur. Hazırda Agentliyin respublikanı əhatə edən filial və sosial xidmət müəssisələri vasitəsilə müxtəlif yaş və sosial kateqoriyalardan olan minlərlə şəxsə səyyar, stasionar və yarımstasionar xidmətlər göstərilir.
Sosial xidmətlərin əsas məqsədlərindən biri yalnız müraciət edən şəxslərə xidmət göstərmək deyil, sosial xidmətə ehtiyacı olan, lakin müxtəlif səbəblərdən müraciət edə bilməyən vətəndaşların da müəyyənləşdirilməsidir. Agentlik tərəfindən respublika üzrə sosial xidmətə olan tələbat mütəmadi qiymətləndirilir və regionlarda mövcud ehtiyaclara uyğun addımlar atılır. Vətəndaş qəbulları, ictimai dinləmələr, açıq qapı tədbirləri və sosial media üzərindən maarifləndirmə işləri də xidmətlər barədə məlumatlılığın artırılmasına xidmət edir. Əhalinin sosial xidmətlərə ehtiyac səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlayn sorğular da keçirilir.
Sosial Xidmət Xəritəsinin istifadəyə verilməsi bu baxımdan mühüm addımlardan biridir. Vətəndaşlar yaşadıqları əraziyə ən yaxın xidmət müəssisəsi və mərkəzləri barədə məlumat əldə etməklə uyğun xidmətə müraciət imkanlarını müəyyənləşdirə bilirlər. Rəqəmsallaşma sosial sahədə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri kimi xidmətləri vətəndaş üçün daha əlçatan, operativ, şəffaf və rahat etməyə imkan verir. Sosial Xidmətlər Agentliyinin fəaliyyətində də elektron uçot, məlumatların rəqəmsal idarə olunması və müxtəlif xidmətlərin elektron formada təşkili istiqamətində iş aparılır.
Bütün bunların Sosial Xidmət Xəritəsində vahid rəqəmsal platformada təqdim olunduğunu söyləyən Faiq Ağayev qeyd etdi ki, burada xidmət növləri, hədəf qrupları, sosial xidmət müəssisələri və müraciət imkanları barədə məlumat əldə etmək mümkündür:
– Ümumilikdə, sosial sahədə xidmətlərin elektronlaşdırılması məlumatların daha çevik idarə olunmasına, xidmətlərin əlçatanlığının və şəffaflığının artırılmasına imkan verir. Bu proses sosial siyasətdə vətəndaşyönümlülük və “bir pəncərə” prinsipinin daha da gücləndirilməsinə xidmət edir.
Agentlik əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə də evdə sosial xidmət göstərir. Bu xidmət Bakı şəhəri, Abşeron və Qarabağ iqtisadi rayonunda DOST mərkəzləri, respublikanın digər şəhər və rayonlarında isə Agentlik vasitəsilə həyata keçirilir.
Xidmət çərçivəsində sosial xidmətçilər vətəndaşların evlərinə gedərək ev təsərrüfatında, əsas tələbat mallarının alınmasında və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində kömək göstərirlər. Hazırda evdə xidmət alan şəxslərin sayı 3000 nəfərdən çoxdur. Agentliyin reabilitasiya mərkəzləri tərəfindən əlilliyi olan şəxslərə səyyar reabilitasiya xidmətləri də göstərilir. Məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmət tələbatının ödənilməsi, onların həyat fəaliyyətini məhdudlaşdıran və təkbaşına öhdəsindən gələ bilmədikləri çətinliklərin aradan qaldırılmasıdır.
Sosial xidmət göstərilərkən hər bir şəxsə fərdi yanaşma tətbiq olunur. Belə ki, uşaqlarla iş zamanı onların təhlükəsizliyi, inkişafı, təhsilə və cəmiyyətə inteqrasiyası, ailə mühitinin qorunması və mümkün hallarda ailə əsaslı qayğının təmin edilməsi prioritet təşkil edir. Ahıl şəxslərlə bağlı xidmətlərdə gündəlik həyat fəaliyyətinə dəstək, sosial təcridin qarşısının alınması, sağlamlığın və sosial rifahın qorunması ön plana çəkilir.
Əlilliyi olan şəxslərlə bağlı xidmətlərdə isə reabilitasiya, müstəqil həyat, sosial adaptasiya, bacarıqların inkişafı və inklüzivliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Şəxsin konkret sosial vəziyyətinə uyğun psixoloji, sosial, hüquqi, reabilitasiya və digər dəstək mexanizmləri müəyyənləşdirilir və fərdi inkişaf planı əsasında iş aparılır.
Sonda sədr müavini vurğuladı ki, vətəndaş məmnuniyyəti sosial xidmətlərin keyfiyyətinin qiymətləndirilməsində ən mühüm göstəricilərdən biridir:
– Sosial xidmətin real nəticəsi yalnız onun say göstəriciləri ilə deyil, vətəndaşın probleminin həllinə nə dərəcədə kömək etməsi, əlçatan və rahat olması ilə ölçülür. Bu səbəbdən vətəndaşların müraciətləri, rəyləri və təklifləri xidmətlərin təşkilində mövcud çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması baxımından mühüm informasiya mənbəyidir. Agentliyin fəaliyyətində vətəndaş qəbulları, müraciətlərin araşdırılması və əhali ilə birbaşa ünsiyyət mexanizmləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Hazırladı:
Mustafa KAMAL
XQ