Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda aztəminatlı ailələrə göstərilən sosial dəstəyin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb.
Ehtiyac meyarı 2022-ci ildə 200 manat olduğu halda, 2026-cı ildə 300 manata yüksəlib. Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği isə 2018-ci ildə 175 manat olduğu halda, 2025-ci ildə 425 manata çatıb.
Bəs sosial yardım hansı ailələrə verilir, uşaqlı ailələr üçün hansı əlavə ödənişlər nəzərdə tutulur və artan məbləğlər aztəminatlı ailələrin real ehtiyaclarını nə qədər qarşılayır?
Avtosfer.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən əsas dövlət proqramlarından biridir. Yardımın təyin olunması zamanı ailənin gəlirləri, ailə üzvlərinin sayı və digər meyarlar nəzərə alınır. 2026-cı ildə Azərbaycanda ehtiyac meyarı 300 manat müəyyən edilib. Bu göstərici 2022-ci ildə 200 manat, 2023-cü ildə 246 manat, 2024-cü ildə 270 manat, 2025-ci ildə isə 285 manat olub. Beləliklə, son beş ildə ehtiyac meyarı 100 manat və ya 50 faiz artıb.
Lakin ehtiyac meyarı ailəyə birbaşa 300 manat sosial yardım verilməsi demək deyil. Ünvanlı yardımın məbləği ailənin orta aylıq gəliri ilə ailə üzvlərinin sayına uyğun hesablanan ehtiyac meyarı arasındakı fərq əsasında müəyyənləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 2018-ci ildə 175 manat olduğu halda, 2025-ci ildə 425 manata yüksəlib. Nazirlik bu artımı 2,4 dəfə kimi qiymətləndirir. Eyni zamanda, yardım proqramının əhatə dairəsi də genişlənib. Nazirliyin məlumatına görə, ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ildə 42,7 min olduğu halda, 2024-cü ildə 76 minə yüksəlib.
Həmin ailələrdə yaşayan şəxslərin sayı isə 173,1 mindən 334 minə çatıb. Sosial dəstək yalnız ailənin ümumi gəlirinə görə verilən ünvanlı yardımla məhdudlaşmır. Uşaqlı ailələr üçün də müxtəlif sosial ödənişlər mövcuddur. Rəsmi məlumatlara əsasən, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət 2018-ci ildə 45 manat olduğu halda, 2025-ci ildə 140 manata çatdırılıb. Beşdən çox uşağı olan qadınlara hər uşağa görə ödənilən aylıq müavinət isə eyni dövrdə 33 manatdan 140 manata yüksəlib. 2026-cı ildə uşaqlarla bağlı digər sosial ödənişlər də qüvvədədir. Məsələn, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına aylıq 140 manat, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına hər uşaq üçün 140 manat müavinət verilir. Himayədar ailələrə verilmiş uşaqlar üçün isə yaş qruplarından asılı olaraq daha yüksək məbləğlər müəyyən edilib. Bütün bu göstəricilər sosial ödənişlərin son illərdə ciddi şəkildə artırıldığını göstərir.
Bununla belə, sosial yardım sisteminin qarşısında əsas suallardan biri qalır: artımlar aztəminatlı ailələrin gündəlik xərclərini nə dərəcədə qarşılaya bilir?
Xüsusilə ərzaq, kommunal xidmətlər, kirayə, geyim, təhsil və uşaqların digər xərcləri nəzərə alındıqda sosial yardımın ailənin yoxsulluqdan çıxmasına kifayət edib-etmədiyi müzakirə mövzusudur. Digər mühüm məsələ isə sosial yardımın ailə üçün müvəqqəti dəstək, yoxsa uzunmüddətli gəlir mənbəyinə çevrilməsidir. Sosial siyasətdə əsas məqsəd yalnız aztəminatlı ailəyə ödəniş etmək deyil, eyni zamanda əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi və ailənin davamlı gəlir əldə etməsinə şərait yaradılmasıdır.
Beləliklə, son illərdə həm sosial yardımın orta məbləği, həm də ehtiyac meyarı əhəmiyyətli dərəcədə artırılıb. Lakin əsas məsələ yalnız məbləğin artması deyil, bu vəsaitin aztəminatlı ailənin real ehtiyaclarını nə qədər qarşıladığı və həmin ailələrin sosial yardımdan asılı vəziyyətdən çıxaraq sabit gəlir əldə edə bilməsidir./sfera.az