Şostakoviç irsi XXI əsrdən baxış

31.10.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Bakı Kitab Mərkəzində Dmitri Şostakoviçin irsinə həsr olunmuş Açıq Söhbət (“Public Talk”) keçirilib.

525.az xəbər verir ki, bəstəkarın 120 illiyi münasibətilə təşkil edilən görüşdə tanınmış violin ifaçısı və dirijor Dmitri Sitkovetski, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə iştirak ediblər. Söhbətin moderatoru qismində Qnesinlər adına Rusiya Musiqi Akademiyasının prorektoru, Musiqi tarixi kafedrasının müdiri, professor Dina Kirnarskaya çıxış edib.

Şəxsi xatirələrlə tarixi və musiqişünaslıq baxışının qovuşduğu müzakirədə Şostakoviç musiqisinin çağdaş dönəmdə necə qavranıldığına nəzər salınıb. Dmitri Sitkovetski ailə xatirələrini bölüşərək bəstəkarın musiqisinə münasibətinin illər ərzində necə dəyişdiyindən, onun erkən yaradıcılığına müraciətinin səbəblərindən danışıb. Festival proqramında  Birinci fortepiano konsertinin yer alması da Bakının musiqi yaddaşı ilə əlaqələndirilib: Şostakoviç bu əsəri 1934-cü ilin iyun günlərində Bakıda Aleksandr Qaukun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə özü böyük uğurla ifa etmişdi.

Zümrüd Dadaşzadə “Şostakoviç və Azərbaycan” mövzusunun müxtəlif təzahürləri üzərində dayanıb. O vurğulayıb ki, Şostakoviç, Üzeyir Hacıbəylinin Azərbaycan  musiqisinin inkişafındakı rolunu həmişə yüksək qiymətləndirmişdir. Z. Dadaşzadə bəstəkarın bu sözlərini xatırladıb: “Azərbaycan bəstəkarlarına Üzeyir Hacıbəylinin böyük ənənələrini müqəddəs tutaraq inkişaf etdirməyi arzulamaq istərdim”.

O, bəstəkarın Qara Qarayev və Cövdət Hacıyevin ustadı kimi Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı müstəsna rolundan, milli musiqi mühiti  ilə çoxşaxəli əlaqələrindən söz açıb. Şostakoviçlə Elmira Nəzirova arasındakı yazışmalar, Onuncu simfoniyada Elmira xanımın adının musiqi motivində kodlaşdırılması bu dərin bağlılığın xüsusi maraq doğuran səhifələri kimi diqqətə çatdırılıb.

Z.Dadaşzadə xüsusi qeyd edib ki, “Şostakoviç və Azərbaycan musiqisi” mövzusuna bir çox alimlər, o cümlədən Elmira Abasova, Aida Hüseynova və Fərəh Tahirova müraciət ediblər. F.Tahirova bu mövzuya ayrıca kitab da həsr edib. Həmin araşdırmalar bəstəkarın Azərbaycanla əlaqələrinin öyrənilməsi və bu zəngin irsin tanıtdırılması baxımından əhəmiyyət daşıyır.

Söhbət boyu Şostakoviçin yaradıcılığına yaşadığı dövrün mürəkkəb tarixi və mənəvi durumu kontekstində nəzər yetirilib. Görüş onun irsinin yeni nəsillər üçün də açıq suallar doğurduğunu, şəxsi yaddaş, ifaçılıq təcrübəsi və elmi araşdırma vasitəsilə yeni mənalar qazandığını göstərib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təqdim etdiyi fotomateriallar əsasında hazırlanmış videoslaydlar söhbətdə bəhs olunan hadisə və yaradıcılıq əlaqələrini əyaniləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью