futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbolun dünya səviyyəli müəllimlərindən olan Arsen Venger, FIFA prezidenti Canni İnfantino və AFFA-nın rəhbəri Rövşən Nəcəf dünən “Sabah” – “Qarabağ” oyununa baxırlar. Kadra düşüblər və bir neçə saniyəlik videonu kəsib paylaşmışıq.
Əla reaksiya var.
Sıravi futbol izləyənlər bu görüntüyə sevinir. Ölkəmizin futbol vəziyyətinin fərqində ola-ola…
Ancaq daha stajlı azarkeşlər/oxucular həmin görüntünün fonuna fokuslandılar.
İqtisadiyyat naziri Mikayıl Cabbarovla söhbət edən Elxan Məmmədov.
Fokuslanmaya səbəb: ölkə futbolu üçün persona non-qrata hesab olunan AFFA-nın keçmiş baş katibi hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışsa da, buna görə sevinən, fəxr edən yoxdur.
Yəqin Məmmədovun özü də etiraf edər ki, ölkə futbolunda ən arzuolunmaz şəxslərdən biridir.
O qədər təzadlı obrazdır ki, ona müxalif olanlara da müxaliflik edənlər var… Lakin yenə səhnədədir.
Qıcıq yaratdığını bilə-bilə gülümsəyərək gəzir…
Ümumiyyətlə, bu məsələdə təzadın özü də təzadlıdır. Elxan Məmmədovun badalaq vurduğu hər bir futbol adamı sonradan onunla “dostlaşıb”. Ya da məğlub olub, səhnədən çəkilib.
Təəssüf ki, ölkə futbolunda onun məkrli strateji oyunlarına qarşı çıxa biləcək bir düşüncə mərkəzi formalaşmadı. Halbuki onun strategiyasında da qeyri-adi heç nə yoxdur; sadəcə komandasında olanlara geniş imkanlar açır. Ki, ona xidmət etsinlər.
Necə ki, edirlər də.
Hələ də ölkə futbolunun alt qatlarında onun “drujinası” bərq vurur.
İdarəçilik aparatı dəyişsə də, AFFA-da yeni rəhbərlik olsa da, hələ də “miraslar” idarəçilik siyasətinə təsir edəcək qədər mövcuddur…
Məhz bu necə baş verə bilir?! Bu tip ritorika onun opponentlərində zaman-zaman affekt vəziyyəti yaradır. Onlar “bu necə ola bilər?!” sualı qarşısında məəttəl qalaraq, bəzən özünü daxildən “yeyir”, hətta affekt vəziyyətinin təsiri altında bir-birindən şübhələnir, vəziyyət bəzən dolayı ittihamlaşmalara qədər gedib çıxa bilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarovla Elxan Məmmədovun söhbətləşməsi də bəhs etdiyim qarışıq psixoloji situasiyanın tərkib hissəsidir.
Kimlərəsə görə, “bu adam” “məhv edilməliykən” rahat şəkildə gəzib dolaşır, camiənin xeyrinə-şərinə gedir, rutinini belə pozacaq nəyəsə “ilişmir”.
Qarışıq, xaotik psixoloji mənzərənin açılışını Makiavelli kimi dahilər versin.
Mənsə, çox sevdiyim, “şou davam edir” mahnısını tez-tez xatırlatmağa davam edirəm.
Elçin Cəlilov