Sovet dövrünün “Azərbaycan Uralı”nı müstəqil dövlətimiz yenidən dirçəldir

24.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 5 ildə sahənin istehsal həcmi 2,6 dəfə artacaq

Azərbaycan iqtisadiyyatının inkişafında mineral sərvətlər hər zaman olduğu kimi, bu gün də mühüm rol oynayır. Lakin müasir dövrdə əsas məsələ həmin sərvəti təkcə yerin altından çıxarmaqla yekunlaşmır. Bu, eyni zamanda, istehsal prosesində məhsuldan nə qədər əlavə dəyər yaradılması, onun hansı hissəsinin ölkə daxilində emal olunması və nə qədər yeni sənaye sahəsi, iş yeri açılması kimi sualları cavablandırmağı zəruri edir.

Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə də məhz bu baxımdan diqqət çəkir. Toplantıda təqdim edilən və sentyabrın 23-də isə dövlət başçısının sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” qarşıdakı 4 il ərzində mineral xammal bazasının genişləndirilməsini, yeni yataqların kəşfiyyatını, mövcud istehsal güclərinin artırılmasını, metallurgiyanın inkişafını və ən başlıcası, filizdən son məhsula qədər dəyər zəncirinin ölkə daxilində qurulmasını nəzərdə tutur. Bu,  ölkəmizin qeyri-neft sənayesinin inkişafında yeni istiqamətlərdən birinin sistemli şəkildə formalaşdırılması deməkdir.

Tarixi məhdudiyyətlərdən yeni imkanlara

Prezident İlham Əliyev müşavirədəki çıxışı zamanı Azərbaycanda dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin həm obyektiv, həm də subyektiv səbəbləri olduğunu bildirdi. Xüsusilə işğal altında olmuş ərazilərdə yerləşən yataqların uzun illər ölkənin iqtisadi dövriyyəsindən kənarda qalmasını təəssüfləndirici amillərdən biri kimi qeyd etdi. Dövlət başçısı, eyni zamanda, həmin ərazilərdə qızıl, mis və molibden kimi qiymətli, eləcə də strateji əhəmiyyətli resursların mövcudluğunu diqqətə çatdırdı.

Ölkə rəhbərinin müşavirədə vurğuladığı kimi, məsələnin digər tərəfi sovet dövründə geoloji kəşfiyyat işlərinin məhdud xarakter daşıması ilə bağlıdır. Həmin dövrdə Azərbaycanın iqtisadi ixtisaslaşmasında neft sənayesi əsas prioritetlərdən biri idi. Nəticədə ölkənin müxtəlif bölgələrində mövcud olan bir sıra metal filizi yataqlarının imkanları tam şəkildə öyrənilmədi.

Bu gün isə vəziyyət kökündən dəyişib. Birincisi, Azərbaycan artıq müstəqil dövlət kimi, öz mineral ehtiyatlarının taleyini özü müəyyənləşdirir. İkincisi, işğaldan azad edilmiş ərazilər iqtisadi dövriyyəyə qaytarılır. Üçüncüsü, geoloji kəşfiyyat və yataqların qiymətləndirilməsi sahəsində sovet dövrü ilə müqayisəolunmaz texnologiyalar mövcuddur. Beləliklə, vaxtilə yerin altında qalan ehtiyatlar indi  respublikanın gələcək sənaye inkişafının yeni resurs bazasına çevrilir.  

Prezident İlham Əliyev yuxarıda adı çəkilən müşavirədəki çıxışında vurğuladığı kimi, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bu sahədəki resurs potensialı sənayenin daha sürətlə inkişaf etdirilməsini, məşğulluğun  artırılmasını, respublika büdcəsinə vergilər şəklində böyük vəsaitin daxil olmasını və  güclü ixrac potensialının yaradılmasını şərtləndirir. Bu baxımdan Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri olan işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesinin tərəqqisinin zəruriliyi diqqət çəkir. 

Dövlət başçısının çıxışında Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının əhəmiyyətini xüsusi vurğudı. Ağdərədə artıq işlərə başlanıldığını, Kəlbəcər və Zəngilanda isə növbəti mərhələdə fəaliyyətin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirdi. Eyni zamanda, mövcud yataqların sovet dövründəki məlumatlarla kifayətlənmədən müasir geoloji üsullarla yenidən qiymətləndirilməsinin qarşıya önəmli vəzifə kimi qoyulduğunu diqqətə çatdırdı.  

Ekspertlərin fikrincə, ölkə rəhbərinin çıxışında xatırlatdığı bu məsələ olduqca vacib məqamdır. Çünki yatağın bir vaxtlar müəyyənləşdirilən ehtiyat göstəricisi onun hazırda iqtisadi potensialını tam ifadə etmir. Yeni geoloji məlumatlar, rəqəmsal xəritələndirmə, uzaqdan zondlama, müasir laborator analizləri və daha dəqiq ehtiyat modelləri yataqların real imkanlarını yenidən qiymətləndirməyə əlverişli şərait yaradır.

Burada söhbət  təkcə yeni mədənlərin yaradılmasından getmir. Dağ-mədən sənayesinin inkişafı həmin ərazilərdə nəqliyyat, enerji, rabitə, logistika və sosial infrastrukturun da genişlənməsini stimullaşdırır.

Dövlət Proqramının müzakirəsi zamanı  Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyatın genişləndirilməsinin zəruriliyinə də toxunuldu. Qədim diyarda  həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığı və regionda yeni yataqların mövcudluğu ehtimalının yüksək olduğu   bildirildi. Kəşfiyyat işlərinin növbəti mərhələdə başlanmasının nəzərdə tutulduğu vurğulandı.   

Yeni texnologiya –yüksək səmərə

İqtisadiyyat naziri Mikayıl Cabbarov müşavirədə Dövlət Proqramının mahiyyətindən bəhs edərkən, səsləndirdiyi bir yanaşma xüsusilə diqqət çəkir. Nazirin sözlərinə görə,  bu məsələdə əsas məqsəd sadəcə daha çox xammal hasil etmək deyil, onu ölkə daxilində daha çox emal prosesinə yönəltmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Əslində, proqramın iqtisadi fəlsəfəsi də bundan ibarətdir. Məsələn, filizin çıxarılıb emal olunmadan ixraca yönəldilməsi ilə həmin məhsulun ölkə daxilində zənginləşdirilməsi, konsentratların alınması, metal istehsalının həyata keçirilməsi, yarımfabrikatların hazırlanması və nəhayət, hazır sənaye məhsuluna çevrilməsi arasında böyük bir iqtisadi fərq var. 

Birinci modeldə ölkə əsasən xammal ixracatçısı olaraq qalır. İkinci modeldə isə mədənçilik metallurgiya, maşınqayırma, tikinti materialları, kabel, elektrik avadanlıqları, nəqliyyat və digər sənaye sahələri ilə əlaqələnir. Dövlət Proqramında məhz bu zəncirin qurulması (kəşfiyyat – hasilat – zənginləşdirmə – emal – yarımfabrikat – hazır məhsul – ixrac) nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət Proqramında bu istiqamətdə həyata keçiriləcək layihələrin miqyasını ifadə edən göstəricilər də diqqətə çatdırılır. Belə ki, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ölkənin ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata çatdırılması planlaşdırılır. Başqa sözlə, sektorun ÜDM-ə töhfəsinin, təxminən, 2,6 dəfə artırılması hədəflənir. İllik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata (təqribən 2,6 dəfə artım) yüksəldilməsi proqnozlaşdırılır. Bu hədəflərin reallaşdırılması üçün 2027–2030-cu illərdə, ümumilikdə, 5,3 milyard manat investisiya nəzərdə tutulur.

Beləliklə, qarşıdakı 4 il ərzində orta hesabla ildə, təxminən, 1,3 milyard manat investisiya həcminin formalaşması gözlənilir. Bu, uzunmüddətli və kapitaltutumlu layihələrin həyata keçirilməsi üçün ciddi maliyyə bazası hesab edilir. 

Prezident İlham Əliyevin çıxışında da  dağ-mədən və metallurgiya layihələrinin maliyyə tutumluluğu vurğulanmaqla yanaşı, onların gəlirli sahə olduğu və proqramın icrası nəticəsində illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox təşkil edəcəyinin gözlənildiyi bildirilir.

Ən mühüm nəticələrdən biri isə məşğulluqdur. Prezident İlham Əliyevin çıxışında yeni Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğu bildirilib. Üstəlik, bu rəqəm yalnız birbaşa məşğulluğu ifadə edir. Mədənçiliklə əlaqəli podrat, nəqliyyat, texniki xidmət, avadanlıq, tikinti, logistika və digər sahələrdə yaranacaq dolayı məşğulluq imkanları daha geniş ola bilər. Bu baxımdan dağ-mədən sənayesinin dirçəldilməsi Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafını sürətləndirməklə bərabər, həm də onun istehsal və məşğulluq dayaqlarından birinə çevriləcəyini şərtləndirir.      

Əvvəl kəşfiyyat, sonra istismar   

Dövlət Proqramında azad edilmiş ərazilərlə yanaşı, ölkənin digər regionlarında da mineral ehtiyatların geoloji kəşfiyyat və istismar olunması məsələsi mühüm yer tutur. Sənəddə xüsusi diqqət çəkən layihələrdən biri də Balakən rayonundakı Filizçay polimetal yatağıdır. 1959-cu ildə aşkar edilmiş yataq uzun müddətdir ki, Azərbaycanın ən böyük polimetal resurslarından biri kimi tanınır. “AzerGold”un məlumatına görə, müasir tədqiqatlar nəticəsində Filizçayın yerin təkindəki filiz resurslarının həcmi 112,71 milyon tondur. Bu göstərici 1983-cü ildə keçmiş SSRİ dövründə dövlət balansına daxil edilən göstəricidən 20 faiz çoxdur.

Daha yeni qiymətləndirmələrdə yataqda, təxminən, 2,4 milyon ton sink, 787 min ton qurğuşun, 311 min ton mis, 688 min unsiya qızıl və 91 milyon unsiya gümüş ehtiyatının olduğu bildirilir. Bu rəqəmlər Filizçayın sadəcə bir mədən layihəsi olmadığını göstərir. Burada əsas məsələ müxtəlif metalların eyni filiz kütləsindən kompleks şəkildə əldə edilməsidir.

“AzerGold”un məlumatına əsasən, filizin mürəkkəb mineraloji xüsusiyyətləri səbəbindən layihə üzrə zənginləşdirmə texnologiyalarının xüsusi seçilməsi tələb olunur. Şirkətin açıqlamasında 2027-ci ilin əvvəlində Balakəndə sink, mis və qurğuşunun əldə edilməsinə yönələn  pilot Emal və Tədqiqat Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Eyni zamanda, layihənin tam icrası ilə bölgədə 2 minədək daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Dağ-mədən sənayesinin inkişafı təkcə qızıl, mis və digər əlvan metallarla məhdudlaşmır. Dövlət Proqramında dəmir filizi və metallurgiya da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin çıxışında Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədlərindən birinin də məhz bu olduğu vurğulanıb. Eyni zamanda, parkın “Daşkəsən” filiz yatağının istismarının və həmin ərazidə digər layihələrin həyata keçirilməsi ilə əlaqələndirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Burada istehsal zəncirinin də mərhələli şəkildə qurulması planlaşdırılıb. Filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı müəssisələrinin yaradılması da qərara alınıb.  

Müşavirədə “Daşkəsən” layihəsinin mərhələli şəkildə həyata keçirilməsi, yerli dəmir filizi mədəni, zənginləşdirmə və pelet istehsalı güclərinin yaradılması, eyni zamanda, isti briketlənmiş dəmir zavodunun qurulması haqqında da məlumat verilib. Əsas məqsədin isə istehsal edilən dəmirin ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə edilməsi olduğu diqqətə çatdırılıb. Bu, xammalın daxildə emal edilməsinin iqtisadi məntiqini aydın şəkildə nümayiş etdirdiyi kimi qiymətləndirilib.  

Dövlət Proqramında metallurgiyanın digər mühüm istiqamətinin isə alüminium sənayesi olduğu qeyd edilib. Bunun bariz ifadəsi kimi, 2030-cu ilin sonunadək Elektroliz zavodunun illik istehsal gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulub. Bundan başqa, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, eləcə də karbon anod bloklarının istehsalının planlaşdırıldığı diqqətə çatdırılıb.

Daha maraqlı göstəricilərdən biri də ixracla bağlıdır. “Azəralüminium”un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması hədəflənir. Beləliklə, alüminium sənayesində məqsəd təkcə istehsal həcmini artırmaq deyil, eyni zamanda, daha keyfiyyətli emal səviyyəli məhsulların payını yüksəltməkdir.

Müşavirədə səsləndirildiyi kimi, dağ-mədən sənayesinin mühüm xüsusiyyətlərindən biri onun yüksək kapitaltutumlu olmasıdır. Başqa sözlə, yeni yataqların kəşfiyyatı, qiymətləndirilməsi, mədənin qurulması, zənginləşdirmə müəssisəsinin yaradılması və logistika infrastrukturunun formalaşdırılması böyük maliyyə tələb edir.

Buna görə də sözügedən Dövlət Proqramında həm dövlət, həm də özəl sektorun imkanlarından istifadə edilməsinin zəruriliyi xatırladılıb. “AzerGold”un dövlət xətti ilə layihələrin icrasında fəal iştirak edəcəyi, eyni zamanda, sahənin özəl sektor üçün də açıq olacağı bildirilib. Xarici tərəfdaşların geoloji kəşfiyyat və investisiya proseslərinə cəlb edilməsi də mümkün istiqamət kimi göstərilib.

Müşavirədə perspektivdə iri layihələr üçün vergi, gömrük və investisiya təşviqlərinin təkmilləşdirilməsinin, bank və beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarının araşdırılmasının nəzərdə tutulduğu açıqlanıb. Yalnız belə halda isə sektorun inkişafında maliyyələşmənin diversifikasiyasına imkan yaranacağı vurğulanıb.  

Xatırladaq ki, Dövlət Proqramının diqqətçəkən istiqamətlərindən biri də geoloji məlumatların idarə olunmasıdır. Bununla bağlı müşavirədə “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanmasının, beynəlxalq hesabatlılıq standartlarının tətbiq edilməsinin və vahid elektron geoloji informasiya bazası yaradılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.  

Müasir mədən sənayesində investor üçün yatağın mövcudluğu qədər onun haqqında məlumatın keyfiyyətlə hazırlanması, ehtiyatların müasir metodologiya ilə hesablanması, geoloji məlumatların etibarlı olması və beynəlxalq standartlarla uyğunluq təşkil etməsi də proqramın prioritet istiqamətləri sırasında önəmli yer tutur. Elektron geoloji informasiya bazasının yaradılması bu baxımdan həm dövlət idarəçiliyini, həm də investisiya qərarlarının qəbulunu asanlaşdırır.  

Vaqif BAYRAMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью