Modern.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda sovet dövründə tikilmiş kooperativ binaların dövlət balansına keçirilməsi və ya onların təmiri üçün birdəfəlik vəsait ayrılması təklif olunur.
Modern.az xəbər verir ki, bu təkliflə deputat Azay Quliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, büdcə layihəsində dövlət balansında olan yaşayış binalarının dam örtüklərinin, fasadlarının və pilləkən qəfəslərinin təmiri üçün 60 milyon manat nəzərdə tutulub. Lakin kooperativ binalar dövlət balansında olmadığı üçün bu dəstəkdən faydalana bilmir.
“Kooperativ binaların saxlanılması sakinlərin öhdəliyinə aid edildiyinə görə həmin binalar dövlətin dəstəyindən faydalana bilmir. Hüquqi baxımdan hökumətin bu yanaşması doğrudur, lakin problemin həlli deyil”, – deyə Azay Quliyev vurğulayıb.
O, problemin həlli üçün iki variant irəli sürüb:
“Ya həmin binalar dövlət balansına keçirilsin, ya da onların təmiri üçün birdəfəlik maliyyə vəsaiti ayrılsın. Təmir edildikdən sonra binaların saxlanılması sakinlərin öhdəliyinə verilsin”.