Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mirzə İbrahimov – 115
O həm də görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas akademik idi
Xalq yazıçısı Mirzə İbrahimov yaddaşlarda sovet dönəminin çərçivələrinə sığmayan, rejimin haqsızlıqlarını aşaraq xalqa xidmət edən yurdsevər ziyalı kimi qalıb. “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarında, povest və hekayələrində, “Həyat”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” kimi pyeslərində dövrün mənzərəsini real boyalarla əks etdirib. Görkəmli ictimai xadim, Xalq yazıçısı, akademik Mirzə İbrahimov tutduğu məsul vəzifələrin səlahiyyətlərini, milli-mənəvi dəyərlərin qorunub yaşadılmasına həsr edib.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhristanının Evə kəndində anadan olub. Hələ körpə ikən həyatın ilk acılarını dadıb: əvvəlcə, anası doğma kəndlərində, bir qədər sonra övladları ilə Bakıya gələn atası isə burada vəfat edib. Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq etməklə çörək qazanmağa başlayıb.
Həyatın sınaqlarından əyilməyən gənc Mirzə söz sənətinin vurğunu olduğu üçün Zabratda Seyid Hüseynin ədəbiyyat dərnəyinə üzv yazılıb. “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə mətbuatda dərc olunub. Həmin illərdə məqalə, hekayə və oçerkləri də işıq üzü görüb.
Ali təhsil alıb elmi yaradıcılığa üz tutan Mirzə İbrahimov Azərbaycan SSR Dövlət Elmi-Tədqiqat İnstitutunun 2 illik hazırlıq şöbəsində, sonra SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq Komissarları Sovetinin İncəsənət işləri idarəsinin rəisi vəzifələrində çalışıb. 1941-ci ildə Sovet ordusu sıralarında Güney Azərbaycana göndərilərək Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin məsul redaktoru, ardınca isə Azərbaycan SSR xalq maarif komissarı olub. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilib.
Qabiliyyəti, erudisiyası nəzərə alınan Mirzə İbrahimov vəzifə pillələri ilə irəliləyib. Respublika Nazirlər Soveti sədrinin müavini, Ali Sovetin Rəyasət Heyətinin sədri kimi mühüm postlarda çalışıb. Eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri və 1-ci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi kimi hörmət-izzət sahibi olub.
Mirzə İbrahimov irsinin araşdırıcıları haqlı olaraq yazırlar ki, böyük ziyalı şəxsiyyətin həyat və yaradıcılığı dəmir yolunun qoşa relsləri kimi onu daim irəli aparıb. Yazıçı Cənubi Azərbaycan oyanış hərəkatının inkişafında müstəsna xidmətlər göstərib. Milli azadlıq mübarizəsinin, ilk olaraq, milli dildən keçdiyi inamına söykənərək, bu yolda yorulmadan çalışıb.
Onun ictimai fəaliyyətinin ən parlaq səhifələri 1950-ci illərə təsadüf edir. Ali Sovetin Rəyasət Heyətinin sədri kimi ana dilinin qorunması üçün fədakarlıq göstərib. O zaman “Dil haqqında” qanunun qəbul olunmasında Mirzə İbrahimovun misilsiz səyləri olub. Bu isə yuxarılarda millətçilik kimi tövsif edilib və siyasi xadim, mütəfəkkir, yazıçı dövlət vəzifəsindən uzaqlaşdırılıb. Onun cəsarətli və prinsipial olduğunu sübut edən məqam bunda idi ki, dəfələrlə irad tutulmasına baxmayaraq, yazışmalarını yalnız Azərbaycan dilində aparırdı.
Dövrünün çətin sınaqlarına, məhrumiyyətlərinə baxmayaraq, Mirzə İbrahimov gözəl hekayə, povest və romanlarını, həmçinin, səhnə əsərlərini qələmə alıb. Şekspirin, Ostrovskinin, Çexovun, Molyerin pyeslərini dilimizə tərcümə edib. O, milli filologiya sahəsində elmi kadrların hazırlanmasında da böyük işlər görüb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970), daha sonra EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (ömrünün sonunadək) işləyib. Dilçilik və ədəbiyyatşünaslığın yeni, yüksək səviyyədə tədqiqini təşkil edib, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılmasını təmin edib.
Mirzə İbrahimov deyirdi: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayağım sən olmusan”.
Uşaqlıq illərindən cəfakeş və həssas olan Mirzə İbrahimov ona göstərilən cüzi qayğını belə unutmayıb. Muzdurluq etdiyi bəyin balaca qızı tez-tez ona öz yeməyindən bir parça çörək, bir az da pendir verirmiş. Uzun müddət sonra - o, Nazirlər Sovetində sədr müavini işləyən vaxt yanına çadralı bir xanım gəlir, qucağında da uşaq. Mirzə İbrahimov bir vaxt ona pendir-çörək verən bəyin qızını tanıyır. Məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, uşaqlar pərən-pərən düşüb. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Qadın ona heç bir ünvan vermir, “Yenə gələcəm”, - deyir, amma bir daha heç vaxt gəlmir...
Mirzə İbrahimov Azərbaycanın Xalq yazıçısı fəxri adına, dövrünün ən böyük təltifləri olan ordenlərə, SSRİ Dövlət mükafatına, Beynəlxalq Nehru mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Yazıçı dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib. 70-80-ci illərdə Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi müxtəlif ölkələrdə səfərlərdə olub, beynəlxalq tədbirlərdə iştirak edib, bu vəsilə ilə Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib.
Yazıçının qızı – Solmaz İbrahimova “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktorudur. O, atası ilə bağlı önəmli xatirələrini söylədi:
– Atamın ailəsi ötən əsrin əvvəllərində Mir Cəlalın, Şəfaət Mehdiyevin və başqalarının ailəsi kimi, Bakıya gəlib. Burada neft bumu yaşanırdı və heç olmasa, adi fəhlə kimi iş tapmaq olurdu. Ailə faciəsindən doğan çətinliklər onu sındırmadı. Çünki millətinə, soydaşlarına sevgisi tükənməz idi.
O, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Rəsul Rza və Sabit Rəhmanla yaxın dost olub. Anam - məşhur tarzən Qurban Pirimovun qızı Sara xanım konservatoriyanı bitirən ilk Azərbaycan qadınlarından biri idi. Bir dəfə Səməd əmi atamın subay qalmasının səbəbini soruşub, atam da ancaq Sara xanımla evlənmək istədiyini bildirib və deyib ki, o, razı olmur. Beləcə, Səməd əmi elçilik edib və anama: “Sara bacı, sən niyə Mirzəni bu qədər incidirsən?” - deyib. - Yoxsa, “Apardı sellər Saranı” deyib heyfslənməyinimi istəyirsən?” Anam susub, gülümsəyib. Sonra da atamla münasibətləri yaranıb və ailə həyatı qurublar (Yeri gəlmişkən, bir neçə il öncə atamın anama yazdığı məktublar əsasında “Azərnəşr”də epistolyar janrda “Sevgi məktubları” adlı maraqlı kitab çap olunub).
Ulu öndər Heydər Əliyev həmişə atama diqqət və qayğı ilə yanaşıb. Qara caynaqlardan çox vaxt onu məhz Heydər Əliyev qoruyub. Atam heç vaxt kimliyini unutmayıb. Hansı vəzifədə olsa da, insanlar arasında ayrı-seçkilik salmayıb. Onun üçün hər hansı bir vəzifə adamı ilə adi bağban arasında fərq yox idi. Dürstlük, səmimiyyət, vicdan, səxavət kimi keyfiyyətlərə üstünlük verirdi. Bağbanımızla dostluq edirdi, ona qoşulub torpağı şumlayırdı, ağacları budayırdı.
Anamın vəfatı atama pis təsir etdi. Onun ölümünə ağrı, həsrət dolu şeirlər yazmışdı və bacım, bəstəkar Sevda İbrahimova onun “Apardı sellər Saranı” adlı şeirinə lirik mahnı bəstələmişdi. İndi də həmin mahnını tez-tez dinləyirəm.
Atamın Ali Sovetdən aldığı maaş xeyli yüksək idi və həmin pulu uşaq evinə köçürürdü. Bizi əsərlərinin qonorarı ilə dolandırırdı, xüsusi olaraq seçilməyimizin, təmtəraqlı həyat yaşamağımızın əleyhinə idi və heç biz də buna həvəs göstərmirdik. Tez-tez xarici səfərlərə gedirdi, ən gözəl, bahalı paltarları geyməyə imkanımız vardı, amma deyirdi ki, insanı geydiyi paltar yox, ağlı və əxlaqı zəngin göstərir. Bir dəfə Tailanddan mənə saat gətirmişdi, hələ də saxlayıram...
Bildiyimiz kimi, Azərbaycan SSR Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili kimi qeyd olunması ilə bağlı maddənin əlavə edilməsini atam israrla təklif və tələb etmişdi. Üstəlik, respublikada fəaliyyət göstərən rus, erməni və gürcü məktəblərində Azərbaycan dilinin tədris olunması ilə bağlı maddə də məhz onun təşəbbüsü ilə ali qanuna daxil edilmişdi. 1956-cı ildə yazdığı “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsi ölkədə geniş rezonans doğurmuşdu. Sovet dövründə bu, böyük cəsarət tələb edirdi.
Təsəvvür edin ki, ölkə Stalinin qanlı rejimindən yeni qurtulub, lakin bu dəfə də Xruşşovun ruslaşdırma siyasəti baş alıb gedir. Bütün idarələrdə ancaq rus dili işlənir və təbii ki, nə atam, nə də onun kimi düşünən ziyalılarımız bu məsələyə biganə qala bilmirdilər. Atam Ali Sovetin sədri kimi maddənin Konstitusiyaya daxil edilməsinə nail oldu və az sonra onu vəzifəsindən kənarlaşdırdılar. Amma artıq məsələ həll olunmuşdu və o, vəzifədən getməyinə təəssüf etmirdi. Məncə, bunu onun və əqidədaşlarının qələbəsi hesab etmək olar.
Mirzə İbrahimov ömrünün son illərində yenidən qəhrəman kimi gündəmə gəlib. 1988-ci ildə ermənilərin Qarabağa sahiblik iddiaları ortaya çıxanda o, Moskvada, Kremlin Qurultaylar sarayında prezident Qorbaçovun keçirdiyi iclasda söz alaraq ermənilərin cəfəng iddialarını avantüra adlandırıb, onları nankor bir qövm kimi təqdim edib və SSRİ rəhbərliyini bizə qarşı məkrli mövqe tutmaqda günahlandırıb.
Solmaz xanım bunu xatırlayarkən dedi ki, qorxaq adam o tribunadan elə çıxış etməzdi. Atam bilirdi ki, Qarabağda ermənilərə kifayət qədər güzəştlər edilib, onların bütün sosial, mədəni qayğıları dövlət səviyyəsində həll olunub və bundan artığını istəmək, özünün dediyi kimi, həyasızlıqdan başqa bir şey deyil. Atam ermənilərə havadarlıq edən Qorbaçova haqsız olduğunu çatdırmışdı, o isə bundan əsəbləşərək Azərbaycanın o vaxtkı rəhbəri Vəzirova iradını bildirmişdi...
Xalq şairi Sabir Rüstəmxanlı ustadı belə xatırladı:
– Mirzə İbrahimov qürurumuzdur. Zənnimcə, o, əfsanə, həmçinin böyük bir şəxsiyyət idi. Mən uşaqlıqdan onun əsərlərini oxuyaraq püxtələşmişəm. Yazıçının “Gələcək gün” romanı və Cənubi Azərbaycanla bağlı başqa əsərləri məni həddindən artıq təsirləndirirdi. 21 yaşımda Mirzə İbrahimovla tanış olmuşdum və çox gözəl münasibətlərim vardı. Onu tanıdığım və ömrümün bir hissəsini onunla birlikdə keçirdiyim üçün çox şadam. Hər zaman üzərimizdə Mirzə İbrahimovun qayğısını hiss edirdik. Onun hazırcavab olması və dünyanı çox yaxşı bilməsi hər zaman diqqətimi cəlb edirdi.
Mirzə İbrahimovun ədəbiyyatımızda böyük bir yolu var. O, həm də milli qəhrəman idi. Azərbaycan dilinin dövlət dili olması məsələsini qaldırmışdı. Məhz elə bu vətənpərvər addımlarının nəticəsi idi ki, xalqın bütün təbəqələri onu hörmətlə qarşılayırdı. Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasında da böyük xidmətləri vardır. “Gələcək gün” əsəri bir çox xarici dillərə tərcümə olunaraq geniş yayılıb...
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bildirdi:
– Milli dəyərlər uğrunda çalışan qılıncların qorxudan qınında paslandığı illərdə Mirzə İbrahimov Azərbaycan dili uğrunda mübarizəyə qalxıb. Stalindən Mircəfər Bağırova, Xruşşovdan Qorbaçova kimi onlarla diktatorun qarşısında sınmayıb, imtahanların hamısından üzüağ çıxa bilib. Onun daxilində qarşısıalınmaz bir vulkan kimi püskürən dilə həssaslığı, milli idealların həyata keçirilməsi yolundakı mübarizəsi xalqa, vətənə sevgisindən doğulmuşdu. Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mücadiləsi xalqın ruhunu yenilədi, dirçəltdi, onu psixoloji cəhətdən yeni mərhələyə hazırladı. Bu ideya müstəqillik uğrunda mübarizəyə təkan verdi.
O, həm də çox təvazökar, abırlı bir şəxsiyyət olmuşdur. Çoxları danışır ki, hətta ən yüksək vəzifələrdə olanda belə maşına minməz, küçədə piyada gəzər, insanlarla ünsiyyətə girər, həyatı olduğu kimi görməyə çalışardı. Yəqin elə bu sadəliyindən irəli gəlir ki, 1991-ci ildə dövlət səviyyəsində 80 illik yubileyinin keçirilməsi müzakirə ediləndə, ölkədəki mürəkkəb siyasi vəziyyəti nəzərə alaraq qətiyyətlə imtina edib. Halbuki, bu, onun həyatında özünün iştirakı ilə keçirilən sonuncu yubiley tədbiri ola bilərdi, buna isə onun mənəvi haqqı çatırdı...
Görkəmli ədib, ictimai xadim 1993-cü ildə Bakıda vəfat edib, Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn günü mərhum məzara qoyulanda bir qadının səsi gəlib: “Atam öldü, vay”. Mirzə İbrahimovun qızı Sevda xanım onun kim olduğu ilə maraqlanıb. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.
Mirzə İbrahimovun ölümündən bir qərinə keçir. Amma onun yazıçı, ictimai xadim, alim, başlıcası isə böyük şəxsiyyət kimi misilsiz xidmətləri zamanın toranlığında qalmayıb, əksinə, illər ötdükcə, daha aydın görünür. Bu baxımdan “Mirzə İbrahimov Fondu”nun məhsuldar fəaliyyətini də xüsusi qeyd etmək lazımdır.
Əli NƏCƏFXANLI
XQ