Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Almaniyada fəaliyyət göstərən tanınmış cərrah Pərvin Məhərrəmov Berlindəki DRK Klinikasında cərrahiyyə şöbəsinə rəhbər təyin olunub.
1980-ci ildə Qubadlı rayonunda anadan olmuş və Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş soydaşımız 2007-ci ildən Almaniyada yaşayır. Cərrahlıq karyerasına Berlindəki məşhur “Charité” klinikasında başlamış, fəaliyyətini şəhərdəki DRK Vestend Klinikasında davam etdirmiş Pərvin Məhərrəmov illər keçdikcə peşəkar cərrah kimi tanınıb. O, Aleksianer klinikasında və son olaraq Bayroyt Universitet klinikasında şöbə müdiri və əsas operator kimi çalışıb.
Berlinin tanınmış cərrahları – professorlar Tomas Ştaynmüller, Ernst Kraas, Peter Neuhaus və Volker Langenin yetirməsi olan Pərvin Məhərrəmov bu yaxınlarda DRK Berlin-Mitte klinikasının cərrahiyyə şöbəsinin və həmin klinika filialının rəhbəri təyin edilib.
Həmyerlimiz 20 ildən artıq müddətdə 3 mindən çox əməliyyat aparıb. Onun əsas fəaliyyət sahələrinə onkoloji cərrahiyyə – mədə, bağırsaq, qida borusu, qaraciyər və mədəaltı vəzi, piylənmə və metabolik, endokrin, eləcə də ümumi cərrahiyyə daxildir. Soydaşımızın minimal invaziv, laparoskopik və robotik cərrahiyyə sahələrində daha geniş təcrübəsi var. Minimal invaziv bariatrik və onkoloji cərrahiyyə üzrə Almaniyada sertifikatlaşan mütəxəssis yüksək peşəkarlığı sayəsində cərrahiyyənin müxtəlif sahələrində xəstələrə ixtisaslı tibbi xidmət göstərir.
XQ