Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
“12 günlük müharibə dövründə də Azərbaycan xarici işlər naziri iki dəfə İsrailə bəyanat yolladı ki, İran ərazisini bombalayarkən Güney Azərbaycandakı yaşayış məntəqələrinə həssas yanaşılsın. Odur ki...”
“Əlbəttə, İrana qarşı növbəti genişmiqyaslı hücum başlayacağı halda İsrail oradakı müxtəlif qruplara dəstək verə bilər. Ancaq İsrail Azərbaycanın tərəfdaşı olduğuna görə, hesab edirəm ki, Azərbaycanın maraqlarını da arxa plana atmaz. Elə 12 günlük müharibə dövründə də Azərbaycan xarici işlər naziri iki dəfə İsrailə bəyanat yolladı ki, İran ərazisini bombalayarkən Güney Azərbaycandakı yaşayış məntəqələrinə həssas yanaşılsın. Odur ki, İsrail bu dəfə də eyni məsələdə hər halda Azərbaycanın mövqeyini nəzərə alar.”
Politoloq Elxan Şahinoğlu bu fikirləri Moderator.az-a açıqlamasında İrana qarşı növbəti genişmiqyaslı savaş başlayacağı təqdirdə İsrailin Güney Azərbaycan ərazisində və ya yaxın məkanlardakı müxtəlif separatçı qurumlara dəstək verməklə oradakı Azərbaycan türklərinin həyatına təhlükə yaranmasına səbəb ola biləcəyi haqda fikirlərə münasibət bildirərkən ifadə edib.
“Bəs oradakı soydaşlarımızın həyatına İran rejiminin silahlı qüvvələri tərəfindən və ya hansısa xarici müdaxiləçinin dəstəklədiyi separatçı qüvvə tərəfindən genişmiqyaslı real təhlükə yaranacağı halda Azərbaycan, eləcə də qardaş Türkiyə dövlətləri hansı addımları ata bilər?” sualına politoloq belə cavab verib:
“Biz də, Türkiyədə də bütün mümkün ssenarilərə hazır olmalıyıq. Əgər İranın parçalanması ehtimalı artarsa, Azərbaycan və Türkiyə orada yaşayan soydaşlarımıza dəstək vermək alternativi qarşısında qalacaq...”
“Hətta İran ərazisinə qoşun yeridilməsi də mümkün ola bilərmi?” fikrinə isə Elxan Şahinoğlu bu cür münasibət bildirib:
“Elə bir ehtimal da ola bilər. Amma biz hələ İranın ərazi bütövlüyü əlehinə bir siyasət yürütmürük. Lakin deyilən ehtimal yaransa və oradakı soydaşlarımıza qarşı gerçək təhlükə olduğu bilinsə, bu versiyanın da gündəmə gəlməsi mümkündür...”
Sultan Laçın