“Söyüdlü”dən 1 milyon unsiya 7,5 milyard manatlıq qızıl çıxarılacaq

22.09.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, ilkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir:

"Naxçıvanda “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, Balakəndə “Mazımçay” mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı “Nəsirvaz”, Kəlbəcərdəki “Tutxun” qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir.

Sonuncu mərhələdə – dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. “Söyüdlü” üzrə təxminən 1,03 milyon unsiya qızıl, “Ortakənd” üzrə 246 min unsiya qızıl, “Filizçay” üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib.

Z. İbrahimov deyib ki, “AzerGold”un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihələr üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır:

"İlk layihə “Söyüdlü” qızıl yatağıdır. Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır.

İkinci layihə Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır.

“Filizçay” polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir. Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Bu layihənin icrası “AzerGold”un daxili gəlirləri hesabına, cəlb ediləcək borc vəsaitləri və Sizin tapşırığınıza uyğun surətdə müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına ola bilər.

“Daşkəsən” dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir".

QSC sədrinin sözlərinə görə, beləliklə, 4 strateji layihə üzrə qeyd etdiyim kimi, təxminən 3,63 milyard manat investisiya tələb olunur və bunun təqribən 10 faizinin dövlət büdcəsindən ayrılması üçün müraciət ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью