Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropada havanın kəskin soyuyacağı ilə bağlı proqnozlar təbii qazın qiymətlərində artıma səbəb olub. Qış mövsümündə tələbatın yüksəlməsi və enerji ehtiyatlarının aşağı səviyyədə qalması bazara əlavə təzyiq göstərir.
Banco.az xəbər verir ki, Avropada təbii qazın istinad fyuçerslərinin qiyməti 8,6% artaraq 1 meqavat-saat üçün 96,075 avroya çatıb. Bu, son bir həftədən artıq müddətdə qeydə alınan ən böyük gündəlik artımdır.
Qiymət artımına əsas səbəblərdən biri Şimal-Qərbi Avropada soyuq havanın dekabrın əvvəlinədək davam edəcəyi ilə bağlı proqnozlardır. “Atmospheric G2” məlumatlarına görə, regionda temperaturun bu həftə 30 illik orta göstəricidən 3-5 dərəcə, dekabrın əvvəlində isə təxminən 8 dərəcə aşağı olacağı gözlənilir.
Bununla yanaşı, Almaniya, Danimarka və Niderland ətrafında küləyin zəifləməsi ehtimalı külək enerjisi istehsalına mənfi təsir göstərə bilər. Bu isə elektrik enerjisi istehsalında qazdan istifadəyə tələbatı artıra bilər.
Avropanın qaz ehtiyatlarının mövsümi orta göstəricilərdən aşağı olması da qiymətlərə təsir edən amillərdəndir. Norveçdə bəzi qaz obyektlərində yaranan fasilələr qitəyə tədarükü məhdudlaşdırır. Yaxın Şərqdəki geosiyasi gərginlik və ABŞ-İran müharibəsi ilə bağlı risklər isə qlobal enerji təchizatına dair narahatlıqları artırır.
Soyuq hava Asiyada da qaz tələbatını yüksəldə bilər. Yaponiya, Cənubi Koreya və Çinin bəzi bölgələrində temperaturun normadan aşağı düşəcəyi gözlənilir. Bu vəziyyət mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü uğrunda Avropa və Asiya arasında rəqabəti gücləndirə bilər.
“Rabobank”ın analitiki Florens Şmitin qiymətləndirməsinə görə, Avropada hava şəraiti ilə bağlı tələbatın artması və Asiyada spot qaz alışlarının davam etməsi geosiyasi risklərlə birlikdə qiymətlərə yüksəldici təsir göstərir.