Soyuq havada isti qəhvə içmək təhlükəlidir Həkimdən xəbərdarlıq

23.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Soyuq havada isti qəhvə içmək boğazın selikli qişasını qıcıqlandıra və onun müdafiə mexanizmini zəiflədə bilər. Xüsusilə həddindən artıq isti içkilərin qəbulu ağız boşluğunda, udlaqda və qida borusunda termal zədələnmələrə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə K+31 West klinikasının otolarinqoloqu Yekaterina Krasnoşeeva “İzvestiya” qəzetinə açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, kəskin soyuq hava udlağın selikli qişasındakı qan damarlarının daralmasına və qan təchizatının azalmasına səbəb olur. Çox isti içkilər isə toxumaların həddindən artıq qızmasına və səth hüceyrələrinin zədələnməsinə gətirib çıxara bilər.

Mütəxəssis qeyd edib ki, təkrarlanan temperatur dəyişiklikləri selikli qişanı qıcıqlandıra və quruda, nəticədə onu daha həssas vəziyyətə sala bilər.

Onun sözlərinə görə, burun-udlaq nahiyəsinin soyuması qan dövranının zəifləməsi və immun reaksiyasının yavaşlaması səbəbindən yerli müdafiə mexanizmlərini müvəqqəti zəiflədə bilər. Bu zaman mövcud infeksiyalar daha aktivləşə və simptomlar kəskinləşə bilər.

Y.Krasnoşeeva bildirib ki, isti qəhvənin xüsusilə böyük və sürətli qurtumlarla içilməsi selikli qişada yanıqlara səbəb ola bilər. Temperaturu 65 dərəcədən yüksək olan içkilər ağız boşluğuna, udlağa və hətta qida borusuna termal zərər verə bilər. Bu cür zədələnmələr hava şəraitindən asılı olmayaraq baş verə bilər.

Həkim yanığın əsas əlamətləri sırasında nəfəs almaqda çətinlik, yanma hissi, uyuşma, dilin, damağın və dodaqların soyulması, boğaz ağrısı, udqunma zamanı ağrı və şişkinliyi sadalayıb.

Mütəxəssis soyuq havada isti qəhvə içərkən onun temperaturunun 40-50 dərəcə arasında olmasını tövsiyə edib. O, xroniki tonzillit, səs xırıltısı, tez-tez faringit və laringit keçirən, eləcə də yaxın zamanda tənəffüs yolu infeksiyasından sağalan şəxslərin daha diqqətli olmalarının vacibliyini vurğulayıb.

Murad İsmayıl 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью