Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Payız və qış aylarında immun sisteminin normal fəaliyyətini dəstəkləmək üçün yuxu rejiminə əməl etmək, düzgün qidalanmaq, fiziki aktivliyi artırmaq və infeksiyalardan qorunmaq vacibdir. Soyuq havalar başlamazdan əvvəl immuniteti xüsusi üsulla “yeniləməyə” ehtiyac yoxdur.
Redaktor.az xəbər verir ki, bunu rusiyalı terapevt, Sankt-Peterburqdakı “Bud Zdorov” klinikasının terapiya şöbəsinin müdiri Yevgeni Borisov “gazeta.ru”ya açıqlamasında bildirib.
Həkim ilk növbədə yuxu rejiminə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, böyüklərin əksəriyyəti gün ərzində 7–9 saat yatmalıdır. Hər gün eyni saatda yatıb oyanmaq, istirahətə vaxt ayırmaq da vacibdir. Davamlı yuxusuzluq və yorğunluq gündəlik rejimin yenidən nəzərdən keçirilməsini tələb edir.
Borisov müxtəlif və balanslı qidalanmanın da əhəmiyyətini vurğulayıb. O, gündəlik menyuya tərəvəz, meyvə, tam taxıllı məhsullar, balıq, ət, yumurta, paxlalılar və süd məhsullarının daxil edilməsini məsləhət görüb. Həkim özbaşına vitamin kompleksləri, yüksək dozada D vitamini və immuniteti gücləndirdiyi iddia olunan preparatlardan istifadə etməməyi, onların qəbulunu həkimlə məsləhətləşməyi tövsiyə edib.
Mütəxəssis fiziki aktivliyin də orqanizmin dözümlülüyünü və ümumi sağlamlıq vəziyyətini dəstəklədiyini bildirib. Gəzinti, üzgüçülük və gimnastika ilə məşğul olmaq, fiziki yüklənməni isə tədricən artırmaq məsləhət görülür.
Həkim infeksiyaların profilaktikasına da xüsusi diqqət çəkib. Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinə soyuğun özü deyil, viruslar səbəb olur. Buna görə əlləri tez-tez yumaq, otaqları mütəmadi havalandırmaq və xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır.
İnfeksiya əlamətləri yaranarsa, evdə qalmaq tövsiyə olunur. Borisov qripə qarşı illik peyvəndin də vacibliyini qeyd edib. Xüsusilə yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər üçün peyvəndin əhəmiyyətli olduğunu vurğulayıb. Həkim bildirib ki, peyvənddən sonra qoruyucu immunitetin formalaşması təxminən iki həftə çəkir.
NURİYYƏ